Səhmdar cəmiyyətlərin borcu gələn ilin dövlət büdcəsindən ödəniləcək
Azərbaycanda səhmlərinin ya hamısı, ya bir qismi dövlətə məxsus olan bir sıra səhmdar cəmiyyətlərin borcları və digər öhdəliklərinin bir hissəsi restrukturizasiya edilərək, gələn ilin dövlət büdcəsindən ödəniləcək.
Vergilər Nazirliyinə istinadən “fineko” agentliyinin yaydığı məlumatda bildirilir ki, “Azəralüminium”, “Azərenerji” və AZAL borclarının bir hissəsi dövlət büdcəsindən silinəcək səhmdar cəmiyyətlər sırasındadır.
Xatırladaq ki, 2016-cı ilin büdcə layihəsində bir sıra layihələr neftin dünya bazarında kəskin şəkildə ucuzlaşması və qlobal iqtisadi böhrana görə təxirə salınıb. Həmçinin digər xərclərdə də qənaət nəzərdə tutulub. Belə olan halda, onsuz da kifayət qədər daralan dövlət büdcəsinə sözügedən borcların da yüklənməsi təbii ki, vəziyyəti daha da ağırlaşdırır.
Bu arada, Vergilər Nazirliyi gələn ilin büdcəsində dövlət borclarının ödənilməsi üzrə xərclər limitinin bu illə müqayisədə 61 faiz və ya 473,5 milyon manat artırılaraq 1 milyard 249 milyon manata çatdırıldığı barədə məlumat yayıb. Bununla belə, “Azərenerji”, AZAL və digər səhmdar cəmiyyətlərin borclarını əsassız olaraq dövlət büdcəsinə yükləmək istəyirlər. Sözügedən səhmdar cəmiyyətlərin dövlət büdcəsinə milyardlarla manat vergi, həmçinin, yerli və xarici banklar qarşısında milyardlarla dollar kredit borcu var. 2016-cı ilin dövlət büdcəsi qənaət prinsipilə tərtib edildiyi halda, sözügedən cəmiyyətlərin borcu niyə dövlət büdcəsi hesabına ödənilməlidir?
“Azərenerji” AZAL və digər səhmdar cəmiyyətlərə illərdir ayrılan dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlərə baxmayaraq, yenə də onların borcları xalqın boynuna – dövlət büdcəsinə yüklənilir.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, sözügedən qurumlar “səhmdar cəmiyyət” adı altında fəaliyyət göstərsələr də, onlar dövlətə məxsusdular. Onların borcunun dövlət büdcəsinin hesabına ödənilməsini doğru addım hesab etməyən ekspert xatırladır ki, büdcə vəsaiti xalqın puludur. Bu mənada, büdcə vəsaiti hesabına sözügedən qurumların borcunu bağlamağa kimsənin ixtiyarı yoxdur: “Həmin qurumların büdcəyə və banklara külli miqdarda borcu var. Banklardan götürülən kreditin qaytarılmaması üzündən onu büdcə hesabına bağlamaq düzgün deyil. Dövlət bankları, Mərkəzi Bank, ”Kapitalbank” və digərləri bu borcu öz resurslarından ödəyə bilər. Lakin borcun büdcə hesabına ödənilməsi tamamilə yanlışdır. Bu addım qanunvericiliyə də ziddir”.
Nigar
.