Bəzi hökumətyönlü deputatlar çaş-baş qalıb; Cəlal Əliyevin Əflatun Amaşovla əvəzləndiyi məlum olub
Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər. Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb. Siyavuş Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.
YAP-ın sentyabrın 15-də açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər Institutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.
Səməd Seyidov kabinetini boşaldır
Artıq Səməd Seyidov rektoru olduğu Dillər Universitetindəki kabinetini boşaldır. Bu barədə məlumatı aznews.az saytı yayıb. Məlumatda deyilir ki, rektora məxsus avadanlıq və əşyalar artıq universistetdən çıxarılır. Məlumata görə, Səməd Seyidovun işdən ayrılması ilə bağlı ərizəsi də artıq alınıb və bununla bağlı rəsmi xəbər bir neçə gün sonra cəmiyyətə açıqlanacaq.
Məlumat üçün bildirək ki, Səməd Seyidov bu ilki seçkilərdə də Milli Məclisə seçilsə, bu, onun 4-cü çağırış deputatlıq fəaliyyəti olacaq.
Aydın Abbasov seçicilərini gözləyir
YAP deputatlığa namizədlərin siyahısını açıqlayandan sonra müxalif partiya üzvlərindən və bitərəflərdən kimlərin namizədliyini irəli sürəcəyi yenidən gündəmə gəlib.
Modern.az ötən seçkilərdə bitərəf kimi deputat seçilən Aydın Abbasovun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb. Deputat bildirib ki, seçicilər istəyərsə, yenidən namizədliyini irəli sürə bilər: “Yenidən namizədliyimin verilməsi təşəbbüs qruplarının və seçicilərin istəyi ilə bağlıdır. Əgər seçicilər istəyərsə, namizədliyimi yenidən irəli sürərəm. Bu tam aydın olandan sonra mətbuata açıqlama veriləcək”.
Aydın Abbasov 2010-cu ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib, bitərəfdir. O, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğludur.
Hakim Yeni Azərbaycan Partiyası 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Kərimzadə Pərvin Orxan qızının namizədliyini irəli sürüb.
Ceyhun Osmanlı da çaş-baş qalıb
Deputat Ceyhun Osmanlı isə öz dairəsindən deputatlığa namizədliyini irəli sürməyəcək. O bu barədə “Qafqazinfo”ya açıqlama verib. Bildirib ki, hazırda 63 saylı Sabirabad seçki dairəsindən deputatdır: “Seçicilərimə mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Bildiyiniz kimi, hakim partiya o dairədən Elçin Quliyevin namizədliyini irəli sürüb. Belə olan halda mən o dairədən namizəd olmayacam. Elçin Quliyev ziyalı bir ailənin övladıdır, partiya düzgün seçim edib. O, hökumətdə məsul vəzifədə çalışırdı. Ailəsini də, özünü də şəxsən tanıyıram. O deputat olmağa layiqdir, Elçin Quliyevə uğurlar arzulayıram”.
Deputat əlavə edib ki, hazırda ona həm beynəlxalq əhəmiyyətli, həm də ölkə daxilindən iş təklifləri gəlib: “Hələ ki, qərarımı verməmişəm. Hazırda məsləhələtləşmələr davam edir. Yaxın bir neçə gün ərzində başqa dairədən namizəd olub-olmayacağım tam aydınlaşacaq”.
Zahid Oruc dairəsini dəyişdi
Deputat Zahid Oruc da namizəd olacağı dairəni müəyyənləşdirib. Zahid Oruc “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o bu dəfə 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürəcək: “Artıq sənədlər hazırdır. Bu gün MSK-ya təqdim olunacaq”.
Zahid Oruc hazırda 93 saylı Bərdə şəhər seçki dairəsindən parlamentə deputat seçilib. Maraqlıdır ki, indi o, namizədliyini 94 saylı dairədən irəli sürüb. Bu dairədən hazırda Milli Məclisdə deputat Gövhər Baxşalıyevadır.
Əldə edilmiş razılığa əsasən, Gövhər Baxşalıyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olacaq.
Hökumət Cəlal Əliyevi Əflatun Amaşovla əvəzləyir
Mətbuat Şurasının sədri Əflatun Amaşov da parlament seçkilərində deputatlığa namizədliyini verəcək. O, Modern.az-a açıqlamasında bu barədə düşündüyünü deyib. Amaşovun fikrincə, Milli Məclisdə jurnalistika sahəsindən nə qədər çox deputat olarsa, mətbuatın indiki durumu, hansısa işlərin görülməsi, problemlərin daha asan həll edilməsi baxımından qərarların verilməsi mümkün ola bilər, müvafiq addımlar atıla bilər: “Bu baxımdan, parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm”.
Əflatun Amaşov hansı seçki dairəsindən deputatlığa namizəd olacağını isə hələ dəqiqləşdirməyib: “Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”.
“Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, Əflatun Amaşov hazırda Cəlal Əliyevin deputat olduğu 62 saylı Saatlı seçki dairəsində namizəd olacaq. Məlumat üçün deyək ki, YAP bu dəfə Cəlal Əliyevin namizədliyini irəli sürməyib. Hakim partiya sözügedən dairədən Rəşidov Nazim Sahib oğlunun namizədliyiòni irəli sürüb. Nazim Rəşidov Saatlı rayonunun Telmankənd kəndinin bələdiyyə sədridir.