Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamə hakimiyyətin sərt reaksiyasına səbəb olub. Artıq bir neçə gündür ki, hakimiyyətin nəzarətində olan mətbuat, iqtidar nümayəndələri, deputatlar AP-ni hədəf alıblar. Qərb yenə ənənəvi olaraq ikili standartlarda, erməni lobbisinin sifarişini yerinə yetirməkdə ittiham olunur. Dövlət başçısı Ilham Əliyevin də məsələyə münasibət bildirməsi və Avropanı sərt tənqid etməsi verilən bəyanatların hakimiyyətin düşünülmüş siyasəti olduğunu bir daha ortaya qoyur.
“Avronestdən çıxmağın əsaslandırılması”
Avropa Parlamentinin Azərbaycan ilə bağlı qəbul etdiyi qətnaməni əsassız, yalan, böhtan, qərəzli adlandıran I.Əliyev sənədi siyasi təxribat kimi qiymətləndirib: “Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz”.
I.Əliyev qeyd edib ki, Avropa məkanında, xüsusilə Avropa Parlamentində antiAzərbaycan qruplaşması yaranıb: “Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün Avropa Parlamentinin qətnaməsi kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən bütün dünyanın gözü qarşısında Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır. O insanlar xarici müdaxilənin qurbanlarıdır. O insanların ölkələri dağıdılıb, yerlə-yeksan edilib. Kim bunu edib? Xarici qüvvələr o ölkələri dağıdıb. Görün, onları Avropada nələr gözləyir – islamofobiya, irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?! Avropa Parlamenti bu məsələlərlə məşğul olsa daha yaxşı olar”.
I.Əliyev çıxışında Azərbaycanın Avronestdən çıxmasına da haqq qazandırıb: “Avronest faktiki olaraq amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda, təbii ki, Azərbaycan parlamenti Avronestdəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan parlamentinin suveren hüququdur və eyni zamanda, siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq fəaliyyəti də artıq dayandırılıbdır”.
“Azərbaycan nələri itirir?”
Amma Avropa Birliyi ilə əməkdaşlığın dayandırılması, Assosiasiya Sazişinin imzalanmaması Azərbaycan üçün itki sayılmalıdır. Amma Azərbaycan hakimiyyəti ölkədə geniş və hərtərəfli islahatların aparılmasını nəzərdə tutan əməkdaşlığa getmək, müvafiq müqavilələr imzalamaq fikrində deyil. Vaxtilə Ukraynaya təklif olunan və Yanukoviç hökumətinin imtina etdiyi Assosiasiya Sazişinin bəndlərinə baxanda Azərbaycan hakimiyyətinin Avrointeqrasiyaya dirənişinin səbəbləri aydınlaşır. Beləliklə, gəlin, assosiasiya müqaviləsinin təməl prinsiplərinə diqqət yetirək:
Avropa Birliyi ilə əməkdaşlıq nə vəd edir?
“Demokratik prinsiplərə, insan haqlarına və fundamental azadlıqlara Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) 1975-ci il Helsinki yekun aktında, 1990-cı il ”Yeni Avropa üçun” Paris xartiyasında və insan haqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunduğu kimi hörmət etmək. O cümlədən BMT-nin Insan Haqları Bəyannaməsinə və Insan Haqlarına dair Avropa Konvensiyasına uyğun olaraq davranmaq, qanunun aliliyinə hörmətlə yanaşmaq bu sənədin əsas prinsiplərindəndir. Bu prinsiplər müqaviləni imzalayan tərəflərin daxili və xarici siyasətinin əsas elementlərini təşkil edir. Saziş suverenliyə, ərazi bütövlüyünə hörməti, kütləvi qırğın silahlarının yayılmasına dair birgə mübarizəni də nəzərdə tutur.ÿ
Tərəflər iqtisadi əlaqələrin, şəffaf idarəetmənin, korrupsiyaya, transmilli cinayətkarlığa, terrorizmə qarşı mübarizənin əməkdaşlığın əsas istiqamətini təşkil etdiyini qəbul edir”.
Avropa Birliyi ilə əməkdaşlıqda imzalanmalı sənədlərdə daha bir mühüm istiqamət “siyasi dialoq, islahatlar, xarici siyasət və təhlükəsizlik sahəsində yaxınlaşma adlanır”. Bu sənəd də tərəflərin assosiasiya müqaviləsi çərçivəsində imza atacağı mühüm öhdəlikdir:
Siyasi dialoqun məqsədləri
1.Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə siyasi dialoqun daha da inkişaf etdirilməsi və gücləndirilməsinə çalışacaq.
2.Siyasi dialoqun məqsədləri bu istiqamətlər üzrə müəyyənləşdirilir:
(a) siyasi birliyi dərinləşdirmək, siyasi və təhlükəsizlik siyasətini daha da yaxınlaşdırmaq;
(b) Beynəlxalq sabitliyi və təhlükəsizliyi təşviq etmək;
(c) Tərəflər arasında əməkdaşlıq və dialoqun möhkəmləndirilməsi;
(d) Avropa qitəsində təhlükəsizlik və sabitliyə nail olmaq üçün tərəflər arasında praktiki əməkdaşlıq;
(e) demokratik prinsiplərə hörmət, onların möhkəmləndirilməsi, qanunun aliliyinin təmini, effektiv və şəffaf idarəetmənin təşkili. Insan hüquqlarının, fundamental azadlıqların qorunması, milli azlıqların sıxışdırılmaması, daxili siyasi islahatların dəstəklənməsi;
(f) Tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək. Müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərini təbliğ etmək.
Siyasi dialoqun aparılması üçün müddət
1.Tərəflər yüksək səviyyədə müntəzəm olaraq siyasi dialoq keçirməli və təmaslarda olmalıdır.
2. Xarici Işlər Nazirləri səviyyəsində qarşılıqlı razılıq əsasında siyasi dialoq təşkil olunmalıdır.
Azad iqtisadi zonanın yaradılması
Assosiasiya Sazişində xüsusi diqqət yetirilməli sənədlərdən biri də azad ticarət müqavilələrinin qurulması ilə bağlıdır. Bu müqavilə iqtisadi sahədə əməkdaşlığa dair bütün detalları özündə birləşdirir. Məhz bu sənəd Avropa Birliyi ilə onu imzalayan dövlət arasında dərin və hərtərəfli azad ticarətin qurulmasını, azad ticarət zonasının yaradılmasını ehtiva edir.
Azərbaycan 350 qanun, 3700-dən artıq standart tətbiq etməlidir
Ukrayna ilə Avropa Birliyi arasında imzalanmalı olan Assosiasiya Sazişinin müddəalarına qısa nəzər salmaqla belə bu sənədin imzalanmasının Azərbaycan tipli ölkələrin qarşısında hansı geniş perspektivlər aça biləcəyini gördük. Bu müqavilə ölkənin Avropa məkanının bir hissəsi olması istiqamətində əhəmiyyətli addım ola bilər. Çünki tərəflərin üzərlərinə götürdükləri öhdəliklər hərtərəfli əməkdaşlığı nəzərdə tutmaqla konkret müddət ərzində ölkəni Avropa standartlarına yaxınlaşdırmağı nəzərdə tutur. Başlıca məqam isə ondan ibarətdir ki, dövlət idarəetməsinin effektivliyinin artırılması, şəffaflığın təmini ilk növbədə ölkə vətəndaşlarının firavan həyatının təmini üçün reallaşdırılır. Qanunun aliliyinin təmini, fundamental azadlıqların təmini, insan hüquqlarının qorunmasının altının xüsusilə cızılması Azərbaycan hakimiyyətini Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı etməyən nüanslardır. Azərbaycanın dövlət başçısı Ilham Əliyev Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Əslində Azərbaycan hakimiyyətinin bu cür mövqe seçməsi başadüşüləndir. Çünki Azərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalasa, bunun ardınca ölkəmiz avrostandartlara uyğun olaraq 350 qanun qəbul etməli, 3700-dən çox yeni standart tətbiq edilməlidir. Bütün bu addımlar isə vətəndaş cəmiyyətinin fəallığının artırılması, onun dövlətin idarəedilməsinə təsirini gücləndirə bilər ki, bu da hakimiyyətin maraqlarına cavab vermir.
Onu da qeyd etmək yerinə düşər ki, faktiki olaraq 2016-cı ildə Ukrayna, Moldova və Gürcüstan vətəndaşı ilin altı ayını Avropa ərazisində keçirə biləcək. Assosiasiya və azad ticarət müqaviləsini imzalayan ölkələr kiçik və orta sahibkarlığın inkişafı üçün çox böyük vəsaitlər əldə edirlər.
Xəyal