Demokratiya İndeksində Azərbaycan, hətta Belarusdan da 23 pillə geridədir
Böyük Britaniyanın “The Economist” jurnalı 2014-cü il üzrə Demokratiya Indeksini açıqlayıb. Ölkələrin demokratiya indeksinin başlıca meyarları aşağıdakılardır:
– Seçki prosesi və plüralizm;
– Hökumətin funksionallığı;
– Siyasi proseslərdə vətəndaşların və siyasi qüvvələrin iştirakı;
– Siyasi mədəniyyət;
– Vətəndaş azadlıqları.
Demokratiya Indeksində ilk 5 yeri Norveç, Isveç, Islandiya, Yeni Zelandiya və Danimarka tutub.
Siyahıda ümumilikdə 167 ölkənin adı var. Onlar dörd kateqoriyaya bölünürlər: tam demokratiya, tam olmayan demokratiya, hibrid rejimlər və avtoritar rejimlər.
Azərbaycan 167 ölkə arasında 148-ci yerdə qərarlaşıb. O həmçinin avtoritar rejimlərin hökm sürdüyü ölkələr sırasına aid edilib.
Ötən illərdə olduğu kimi, yenə də Afrikanın bəzi ölkələri ən azı, “tam olmayan demokratik rejimlər” siyahısında yer tutur. Siyahıya diqqət yetirərkən Afrikanın Botsvana ölkəsinin 28-ci yeri tutması maraq doğurur.
Demokratiya Indeksində Azərbaycanın qonşularından Gürcüstan 81, Ermənistan isə 113-cü pillədədir. Təsəvvür edin, uzun illər “Avropanın sonuncu diktaturası” adlandırılan Belarus bu siyahıda Azərbaycandan 23 pillə öndədir – 125.
İnformasiya şöbəsi