Mingəçevirdə məcburi köçkünlər son 3 gündə ikinci dəfədir ki, ayağa qalxdılar
Etirazçılar 2013-cü ildə olduğu kimi bu dəfəki bölgünün də ədalətli aparılmadığından şikayətləniblər
Sentyabrın 15-də Mingəçevirdə bir qrup məcburi köçkün artıq növbəti dəfə Kür çayı üzərindəki körpünü bağlayaraq etiraz aksiyası keçiriblər. Qeyd edək ki, bu son 3 gündə 2-ci belə aksiyadır. Narazı köçkünlərin əsas tələbi əvvəllər də olduğu kimi, Mingəçevir şəhər avtovağzalının yaxınlığında tikilmiş və 594 ailəni mənzillə təmin edəcək yeni şəhərcikdə onlara ev verilməməsiylə bağlı olub.
Qeyd edək ki, artıq üçüncü gündür ki, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi həyata keçirilir. Etirazçıların sözlərinə görə, 2013-cü ildə olduğu kimi bu dəfəki bölgüdə də ədalətsizlik olub. Hətta bəzi aksiyaçılar Qaçqınkomun nümayəndəsinin onlardan əlavə otaq üçün 7 min manat civarında pul istədiyi barədə fikirlər səsləndiriblər.
Lakin bəzi məlumatlara görə, etiraz edənlərin əksəriyyəti Mingəçevir şəhərində qeydiyyatda olmayanlardır. Bu insanlar sonradan başqa rayonlardan gələrək Mingəçevirdəki yataqxanalarda məskunlaşdıqlarından onlara yeni mənzillər verilməyib.
Yeri gəlmişkən, srağagün keçmiş Azərbaycan Müəllimlər İnstitutunun yerli filialının yataqxanasında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi zamanı narazı qalan Ağdam rayonundan olan bir qadın üzərinə benzin tökərək özünü yandırmağa cəhd göstərib. Şahidlərin sözlərinə görə o, benzini onun bu hərəkətinə mane olmaq istəyən polisin də üzərinə tökmək istəsə də, bu alınmayıb.
Hər iki aksiya polisin müdaxiləsindən sonra dağıdılıb.
Xatırladaq ki, 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksinin rəsmi açılışı bu il fevralın 24-də baş tutub. Açılışında ölkə başçısı İlham Əliyevin də iştirak etdiyi yaşayış kompleksinə məcburi köçkünlərin bu günlərdə köçürülməsinə əsas səbəb I Avropa Oyunları çərçivəsində Mingəçevirə gələn idmançılar, onların məşqçiləri və turistlərin həmin qəsəbədə yerləşdirilməsi olub.
Azər