Vahid Məhərrəmov, kənd təsərrüfatı mütəxəssisi
Son illər regionlardan su çatışmazlığı, qıtlığı, problemi ilə bağlı bizə müraciət edən fermerlərin, kəndlilərin sayı dəfələrlə artıb. Bu günlərdə Beynəlxalq Təbii Resurslar İnstitutu (WRI) təşkilatının 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələr haqda tərtib etdiyi siyahı da bu mövzunu yenidən aktual edib. Qurumun proqnozlarına görə, “2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır.” Quraqlıq təhlükəsi gözlənən ölkələr sırasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Siyahıda ölkəmizin təxmini olaraq “qızıl ortalıq”da yer alması heç də o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Atalar misalında deyildiyi kimi, “ellə gələn bəla toy-bayram olar.” Bəla burasındadır ki, bizim təlabatdan 10 dəfə çox su resursumuz olduğu halda, ondan səmərəli istifadə edib əkinçiliyi inkişaf etdirə bilmirik. Resursun çox olması isə bizim məmurlara daha çox su “pripiska”sı həyata keçirmək imkanı verir. Gələcək 2040-cı il üçün tərtib olunan siyahıda 18-ci yer almağımız ona görə təhlükəlidir ki, bizim ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir.
Birinci yerdəyik
Müstəqil Dövlətlər Birliyi respublikalarının su itkisi ilə bağlı tərtib etdiyi siyahıda Azərbaycan birinci yerdədir. Siyahıda ən çox, 34 faiz su itkisinə Azərbaycanın yol verdiyi qeyd olunub. Növbəti sıraları Ermənistan -25, Qırğızıstan -19,Qazaxıstan -16, Ukrayna -15, Rusiya – 11, Moldova -7, Belarus -5 faizlə bölüşdürür. Bu formada təsərrüfatsızlıq isə yalnız bu gün üçün deyil, gələcək üçün də ciddi problem yaradacaq.
Azərbaycanda suvarma əkinçiliyi qədimdən mövcud olsa da, keçən əsrin əvvələrindən bu sahəyə daha çox fikir verilmiş və inkişaf etdirilməyə başlanmışdır. Bəzi mənbələrdə 1925-ci ildə ölkənin əkin sahəsinin 510 min hektarının suvarma şəbəkəsi ilə təchiz olunduğu göstərilir. Sovet hökuməti bu sahəyə daha ciddi fikir vermişdi. Belə ki, 1928-1937-ci illər ərzində Azərbaycanın aran rayonlarıda irriqasiya işlərinin yaxşılaşdırılması üçün kapital qoyuluşunu 7,2 milyon manatdan, 30,7 milyon manata qədər, yəni 4 dəfədən çox artırmışdı. Hazırda suvarılan sahələrin həcmi 1432,7 min hektar təşkil edir. Lakin ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda torpaq iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün, mövcud su potensialından səmərəli istifadə olunmadığı halda, suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açar.
Azərbaycanın 32 milyard kubmetr su potensialı var. Bunun da 60-70 faizi qonşu respublikalardan- İran, Gürcüstan və Ermənistandan nəql olunur. Qalanı isə ölkə daxilində formalaşır. Azərbaycanın su resursu istehlak tələbatından 10 dəfə çoxdur, problem ondan ibarətdir ki, Azərbaycan hökuməti mövcud su potensialından səmərəli istifadə edə bilmir. Bundan əlavə bizim ölkədə başqa ölkələrdən fərqli olaraq yağış suyu yığılmır. Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldurlar. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb.
Təsərrüfatsızlığın faydası
Hökumət Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu, ölkənin arid zonada yerləşdiyini hər dəfə vurğulayır. Bununla yanaşı yuxarıda qeyd olunduğu kimi Azərbaycan ən çox su itkisinə yol verən ölkə kimi tanınır. Su itkisinin hansı səbəblərdən qaynaqlandığına gəlincə, onu qeyd etmək olar ki, birincisi, su kanallarında sovet dövründən təmir-bərpa işləri aparılmır. Ona görə baş verən sızmalar yalnız su itkisinə səbəb olmur, həm də ətrafdakı əkin sahələrində bataqlıq yaradır, şoranlaşmaya gətirib çıxarır. İkincisi, sudan qənaətlə istifadə olunmur. Qənaətlə istifadə olunsa, məhsuldarlıq da artır. Köhnə qayda ilə aparılan primitiv selləmə suvarma bitkinin normal qidalanmasına və havalanmasına imkan vermir. Üçüncü səbəb isə şişirtmələrlə bağlıdır, su itkisi həddindən artıq şişirdilir. Təsəvvür edin ki, Azərbaycanda 12 milyard kubmetr təbii su mənbəyindən su götürülür, bunun 8 milyardından istifadə edilir, 4 milyardı itkiyə gedir. Bu göstəricilər onu deməyə əsas verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC heç vaxt ölkənin əkin sularına olan ehtiyacının ödənilməsini təmin edə bilməyəcək. Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu vurğulayır. Bununla yanaşı hər ildə istifadə olunan suyun həcminin artdığını göstərir. Bu azmış kimi Respublikada orta illik su çatışmazlığının 4,5-5 milyard kubmetr arasında dəyişdiyini göstərir. Su çatışmazlığının bu qədər olması iddiası əlbəttə, süni yaradılmış, bu sahədə mövcud olan çatışmazlıqları, təsərrüfatsızlığı ört-basdır etmək məqsədi güdür. Şirin su çatışmazlığı ilə bağlı bir sıra ölkələrdə ciddi problemlər olduğu halda onlar bu problemi çox asanlıqla öz xeyirlərinə həll ediblər. Israfçılığın qarşısını qısa müddətdə almaqla yanaşı, həm də kənd təsərrüfatında yüksək göstəricilər əldə ediblər. Israil hökumətinin səyi nəticəsində keçən əsrin 70-90-cı illərində 1 milyard 240 milyon kubmetr suvarma suyundan istifadə olunduğu halda, sonrakı illərdə yeni müasir texnologiya tətbiq etməklə, sudan istifadənin səmərəliliyi artırmışlar. Belə ki, istifadə olunan suvarma suyunun həcminini 1 milyard 120 milyon kubmetrə qədər azaltmışlar. Bu qədər suvarma suyundan istifadə edən yəhudilər əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını sivil normalara uyğun şəkildə daxili istehsal hesabına ödəməklə yanaşı, həm də bizim kimi idxaldan asılı qalan ölkələrə məhsul ixrac edirlər. Təsəvvür edin, bizim ölkədə təbii su mənbəyindən götürülən suyun həcmi 12 milyard kubmetr olduğu halda Israildə bu rəqəm 1,1 milyard kubmetr təşkil edir. Istehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi isə bizdəkindən çoxdur. Əlbəttə, bütün bunlar təsərrüfatla bərabər büdcəyə və ekologiyaya da ziyan vurur.
Uzun müddətdir ki, Azərbaycan hökuməti su təsərrüfatını yaxşılaşdırmaq adı altında beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri əldə etməklə yanaşı, həm də ilbəil dövlət büdcəsindən bu istiqamətə maliyyə transfertini artırmaqda davam edir. 2004-2011-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3, işçilərin əməkhaqqı isə 7,4 dəfə artıb. Lakin bu sahədə vəziyyət heç də yaxşılaşmır, əksinə, ölkənin suvarma suyuna olan ehtiyacı ödənilmir. Azərbaycan Respublikasının “Su Məcəlləsi” və bu istiqamətdə digər bir sıra qanunlar, qaydalar, Regionların inkişafı ilə bağlı bir neçə Dövlət Proqramları qəbul olunub. Sonuncu 2010-2013-cü illərdə həyata keçirilən Dövlət Proqramında ölkədə, o cümlədən bütün Aran rayonları ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini, əkin sahələrinin su təminatının yaxşılaşdırılmasını nəzərdə tutulurdu. Həmin Dövlət Proqramının icra müddəti artıq 1ildən çoxdur ki, tam başa çatıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ili yekunlaşır. Lakin təsərrüfatlarda su qıtlığı, su çatışmazlığı, su problemi öz həllini uzun müddətdir ki, tapmır. Əksər fermerlər, kəndlilər suvarma suyu çatışmazlığından əziyyət çəkir. Ağdamdan köçkün düşüb Biləsuvarda məskunlaşmış 80 yaşlı Əli Hüseynov deyir : “Vaxtında su verilmirsə, əkib-becərdiyin yanıb külə dönür, çəkdiyin xərc havaya sovrulur”.
Təəssüflər olsun ki, bu sahəyə məsul olanların hesabatında hər şeyin yaxşı olduğu vurğulanır. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib: “Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olmuş, bir sıra dağ çaylarının suyu tamamilə qurumuşdur. Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az olmuşdur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilmiş, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır.” Onu da qeyd etməliyəm ki, Səhmdar Cəmiyyətinin sədrinin əvvəlki illə bağlı çıxışı da oxşar olmuşdu: “Respublika üzrə ötən il bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmışdır.” Hesabatlarda suvarılan sahələrin həcmi rəqəmlərlə artsa da real olaraq bu sahədə problemlər artır. Hökumət məmurları yaxşı nailiyyət kimi qabartdıqları göstəricilər əslində səmərəsiz, qeyri-rasional fəaliyyət, israfçılıq kimi dəyərləndirilməlidir.
Suyun da, torpağın da sahibi bəllidir
Son günlər hökumət KİV-ləri Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsinə daha çox yer verir. Şəmkirçay su anbarlarının inşasına 700 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Taxtakörpü su anbarına qoyulan investisiya isə 1 milyard manat təşkil edir. Bu anbarlar hesabına təxminən 50 min hektara yaxın əkin sahəsinin suvarılması nəzərdə tutulur. Dövlətin külli miqdarda vəsaiti hesabına başa gələn bu obyektlər şübhəsiz ki, oliqarx-məmurların xidmətində olacaq. Bunu dövlət başçısı İ. Əliyevin Taxtakörpü-Ceyranbatan kanallından suvarma suyunun verilməsi mərasimində iştirakı zamanı hökumət məmurları ilə söhbətində aydın şəkildə başa düşmək mümkün idi:
İlham ƏLİYEV: Burada bir neçə böyük təsərrüfat yaradılmalıdır.
Heydər ƏSƏDOV: Fermerləri beş min başadək inəklə təmin edə bilərik.
Əhməd ƏHMƏDZADƏ: Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu torpaqların hamısı analiz olunub, baxılıb ki, haradan necə istifadə etmək olar.
Şahin MUSTAFAYEV: Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Tapşırığınıza əsasən burada tam infrastruktur yaradılıb, qaz, su, torpaqlar var.
İlham ƏLİYEV: Əlbəttə dövlət də kömək edəcək, lakin əsas yük sahibkarların üzərinə düşəcək. Onlar da buna hazırdırlar.
Prezident “onlar da buna hazırdır” deməklə bildir di ki, bütün infrastrukturun yaradıldığı sahələrin sahibləri artıq razılaşıblar. Düşünmürəm ki, bu imkanlar həmin ərazilərdə məskunlaşan kəndlilər üçün yaradılır. Belə təcrübə Azərbaycanda yoxdur.
Təsərrüfatsızlıq, hökumətin səmərəsiz fəaliyyəti göz qabağındadır. Hökumət strukturlarında çalışan məmurlar respublikamızda suvarma kanalının uzunluğunun, su anbarının sayının çox olduğunu tez-tez dilə gətirsələr də, faktiki olaraq bu obyektlərin varlığı fermerlərin, kəndlilərin su probleminin həllini asanlaşdırmır. Əksinə, son zamanlar tez-tez suvarma kanallarında, göllərdə gənclərin, uşaqların, içində sərnişin dolu avtomobillərin suya batdığının, faciəli halların baş verdiyinin şahidi oluruq. Əlbəttə, hökumət həm də insanları suyun zərərli təsirindən qorumaq haqqında düşünməlidir. Ancaq bu kimi mənzərələr faktiki ölkə ərazisində suyun bolluğu, praktiki olaraq fermerlər, kəndlilər üçün isə əlçatan olmadığı haqda düşünməyə əsas verir. Yəni su boldur, amma su yoxdur.