Kinorejissor Rüstəm İbrahimbəyovun əsasını qoyduğu və İçərişəhərdəki şəxsi evində yerləşən “İbrus” teatrının fəaliyyəti onun ölkəni tərk etməsindən sonra dayanıb. Bir zaman elit təbəqənin çox sevdiyi və əsasən də rusdilli tamaşaçıların gəldiyi teatr bu gün fəaliyyət göstərmir.
Rüstəm İbrahimbəyovun iş prosesindən və “İbrus”un fəaliyyətindən xəbərdar olan mənbənin verdiyi məlumata görə, teatrın Bakıdakı filialında məşqlər və tamaşalar olmur. Buna səbəb isə tanınmış kinorejissorun uzun müddətdir Bakıya gəlməməsidir. Amma Moskva filialı bu gün fəaliyyət göstərir və yerli rus aktyorlar orada çıxış edirlər.
Rüstəm İbrahimbəyov “İbrus” teatrını 2001-ci ildə yaradıb. Teatrın ilk tamaşa isə özünün müəllifi olduğu “Şirə oxşayan” olub. “İbrus” teatrı bir çox xarici ölkələrdə qastrollarda olub, bir çox nailiyyətlərə imza atıb. Teatrın 10 illik yubileyi isə 2011-ci ildə Rusiyanın paytaxtında təmtəraqla keçirilib.
“İbrus” 2 dilli teatrdır. Konsepsiyasına müvafiq olaraq tamaşalar iki dildə – Azərbaycan və rus dillərində oynanılırdı. Buna görə də teatrda hər iki dili mükəmməlbilən peşəkar aktyor heyəti çalışıb. Hazırda həmin aktyorlar müxtəlif teatrlarda fəaliyyətlərini davam etdirir. (Modern.az)