“Təhsildə korrupsiya və rüşvətxorluğa qarşı iki istiqamətdə mübarizə aparılır. Birinci istiqamət üzrə istər vətəndaşların müraciətlərinə əsasən, istər də nazirliyinin aidiyyəti qurumları tərəfindən araşdırma aparılır”.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son tədris ilində təhsil sahəsində çalışan bir neçə işçi cəzalandırılıb: “Hazırda Bakının iki keçmiş məktəb direktoru haqda qanunvericiliyə uyğun olaraq cinayət işi aparılır. İkinci istiqamət üzrə isə biz təhsil alanla təhsil verən arasında kontaktları minimuma endirmişik. Bakı şəhərində ilk dəfə tətbiq etdiyimiz I sinfə elektron qəbulu nümunə göstərmək olar”.
***
“Təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu mənfi mühiti formalaşdıran amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir”.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.
Təhsil naziri bu sahədə görülən işlərdən danışaraq hələ də əldə edilən irəliləyişin onu qane etmədiyini diqqətə çatdırıb: ”Təhsil Nazirliyi son bir neçə il ərzində korrupsiya ilə bağlı kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbulun elektronlaşdırılması, gənc müəllimlərin işə qəbulu, məktəb direktorlarının təyinatı bu işlər sırasına aiddir”. M. Cabbarov məktəb nümayəndələri, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha fəal, prinsipial olmağa çağırıb. (Lent.az)