Günlərdir sürən, ədalətsizliyin az qala, əjdahaya dönüb xeyri udmağa hazır olduğu məhkəmələrdən biri də dünən bitdi. Özünün bütün eybəcər və simasız üzünü ortaya qoyan rejim bu dəfə də xarakterinə uyğun davrandı.
Amma mən yazıda bundan danışmaq niyyətində deyiləm.
Biz vaxtilə Rusiyanın tarixini öyrənəndə dekabristlər və onların arxasınca Sibirə gedən xanımlarından danışırdıq, bir qadının qəhrəmanlığını öyəndə “dekabristka”deyib, əslində, bizə aidiyyəti olmayanların tarixilə öyünürdük. Təbii ki, Azərbaycan tarixində də igid qadınlar olub, amma biz nədənsə, daha çox yuxarıda adıçəkilənləri xatırlamağa üstünlük verirdik. Ancaq son günlər Azərbaycanda “2 aprel məhbusları”nın ailələri, onların xanımları, anaları elə bir cəsarət və dəyanət nümayiş etdirdi ki… Azərbaycan tarixinə “2 aprel məhbusları” kimi, “2 aprel məhbuslarının anaları, xanımları” da daxil oldu.
Tural Abbaslının anasının dəyanətindən, hətta məhkəmədə ağlayanlara belə, acıqlanıb, “ağlamayın, bunların qarşısında özünüzü sındırmayın” – deyib, şərin qarşısında dimdik dayanan bir qadından bəhs edək. Başxanım müəllimənin dimdik duruşu təkcə gənc Turala lazım deyildi, həm də tarixə veriləcək bir örnək, qorxunu özünə büt etmişlər üçün bir dərs idi.
Arif Hacılının dəfələrlə həbs olunmasına baxmayaraq, həm də əqidə dostu kimi həmişə onun yanında olub, səbr və əzmlə dik dayanan xanımının şücaətindən bəhs edək… Səbrlə Sahib Kərimlinin yolunu gözləyən anasının, xanımının səbrindən danışaq… Həyat yoldaşı həbs olunana qədər siyasətlə maraqlanmayan, amma ədalətsizliyə qarşı əzmlə mübarizə aparan ərinin yanında yer alıb, bu hakimiyyətin kimliyini üzünə deməkdən daha çəkinməyən Vidadi Isgəndərlinin xanımının mərdliyindən söz açaq… Cabbar Savalanlının bir müddət əvvələ qədər evdar qadın olan, amma oğlunun nahaq həbsindən sonra ədalətsizliyə dözə bilməyib, kürsüyə qalxaraq danışan, şərə meydan oxuyan anasından deyək…
Mən dünən məhkəmədə qarışıq hisslər yaşadım.
Fuad həbsxana divarları arasında deyil, bizimlə olacaqdı. Amma mən tam olaraq sevinə bilmədim, Tural Abbaslının anası Başxanım müəllimənin dəyanətinə, dik tutduğu başının heç zaman əyilməməsinə şükr etdim. “2 aprel məhbusları”nın anaları, xanımları bir-birinin əlini tutmuşdu, hökm oxunanda mənim əlim Başxanım müəllimənin əlində idi. Əlimi mətin, əzmli bir əl sıxıb, başını dik tutmuşdu. Mən bu sətirləri yazarkən hakimiyyətə lənət oxuyub, ardından da ona, az qala təşəkkür etmək keçdi ürəyimdən… Çünki məhz bu hakimiyyətin irticası nəticəsində mən bu xanımı tanıdım. Çünki məhz bu məhkəmələrdə insanların əzminin, həmrəyliyinin, mücadiləsinin, sədaqətinin və ən başlıcası, əziz adamını həbsə göndərərkən onun xeyri təmsil etdiyinə inanaraq, baş verənlər qarşısında mətanətlə duruş gətirən insanların simasında yeni bir tarix yazıldığının şahidi oldum.
Dünya fırlanır, amma o, bu ölkədə irticanı, ədalətsizliyi yüksəkliyə qaldırıb, ən ağılalmaz əməlləri soyuqqanlılıqla törədən iqtidarın başına fırlanmır. Şər bəzən xeyri üstələmiş kimi görünə bilər. Çünki şər heç bir dəyərə, əxlaqa sahib deyil, onun üçün dayana biləcəyi nöqtə, istinad edə biləcəyi insani keyfiyyət yoxdur. Bu üzdən şər heç bir sərhəd tanımadan qarşısına çıxan bütün sədləri vurub dağıda, yıxa bilir. Bu da bəzən bizə güc kimi görünür. Sanki xeyir məğlub olmuş kimi… Amma bu, xeyrin məğlubiyyəti deyil. Əksinə, məhkəmədə oğluna ədalətsiz hökm oxunanda ananın, xanımın, nişanlı qızın, istəklinin şərin üzərinə öz səbr və mətanətilə yürüdüyü, xeyrin bütün insaniliyi, acısındakı yüksəkliyi, kədərindəki böyüklüyü ilə açdığı yeni bir cığırdır. Bu, bir xanımın həyat yoldaşının həbsə göndərilməsinə qarşılıq göz yaşlarını silərək, qürurla əzizini soyuq məhbəs divarlarına təslim edə bilmək əzmidir.
Qoy Şər sevinməsin, çünki sonda o hər zaman Xeyrin ayaqları altına düşür. Bu, hansısa ədalətsiz qərardan duyğulanıb deyilən sözlər deyil. Bu bir ana, qadın vüqarını görüb bütün qəlbilə anaların ahının yerdə qalmayacağına inamdan doğan, tarixdə son anda özünün varlığını ortaya qoyan bir həqiqətdir.
Tarix belə acılardan, yanmalardan və bu yanğından sonra qalan kül altındakı qorun yenidən alışıb alovlanmasından yaranır.
Və bu gün o qordan yenidən alovlananların, fədakar anaların, xanımların tarixi yazılır.
Bir Zümrüd quşu misali…