Oqtay Haqverdiyev: «Dövlətin bu məsələni üzərinə götürməsi məqsədəuyğun deyil»
Xəbər verildiyi kimi, prezident Ilham Əliyev 2009-cu ildə dövlət büdcəsi vəsaiti ilə tikilən Qusar rayonunun qış-yay turizm kompleksinin bazasında “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılması barədə sərəncam verib. Səhmlər Mədəniyyət və Turizm Nazirliyinin şəxsində dövlətə məxsusdur. Qapalı Səhmdar Cəmiyyət turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq, istifadəyəÿverilməsini təmin edir.
Xatırladaq ki, tikintisinə 2009-cu ildən başlanan Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisi 2 min hektardan artıq sahəni əhatə edir. Kompleksdə 500 yerlik 3 hotel, uzunluğu 6 min metrdən artıq olan 7 kanat yolu, 13 min metr olan 11 dağ-xizək enişi tikilib.
Görəsən, sözügedən turizm kompleksinin bazasında QSC yaradılması nə qədər məqsədəuyğundur?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev hesab edir ki, dövlət turizm məsələsinə qarışmamalıdır. Ekspert vurğulayır ki, bu, sırf özəl sektor olmalıdır. Haqverdiyevin sözlərinə görə, ilk illərdə dövlət müəyyən dərəcədə baza yaratmalıdır. Amma özəl sektor gələcəkdə rəqabət qabiliyyətli bir sistem yaratmalıdır.
“Şahdağ Turizm Kolmpleksinin saxlanması və digər məsələləri dövlət öz boynuna götürüb. Lakin belə bir yanaşma düzgün deyil. Indiki çətin bir vaxtda bu məsələni dövlətin öz üzərinə götürməsi məqsədəuyğun deyil”, – deyə ekspert əlavə edib.
Sosial şöbə