Keçmiş məktəb direktorundan təhsil nazirinə açıq məktub, müəllimlərə isə çağırış…
«Gəlin çəkinməyək, dərsiniz əlinizdən alındı, mənəviyyatınız alçaldılır, daha nəyi gözləyirik?!»
Bakının M.Ə.Rəsulzadə qəsəbəsində, 6-cı sıra, ev 32 ünvanında yaşayan Malik Qurbanov məktəb direktoru olub. O, çalışdığı sahədə baş verən qanunsuzluqlar barədə təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Malik Qurbanov nazirə ünvanladığı ərizənin surətini “Azadlıq”a da göndərib. O, məktubunda yazır ki, işdən çıxarılmasıyla əlaqədar təhsil nazirinə 90 müraciət göndərib, amma birinə də cavab almayıb:
“Belə məlum olur ki, o 90 müraciətin heç olmasa birinə də baxmağa imkan vermirlər. Əmək müqaviləmə xitam verilməsilə bağlı əmrinizdə yazırsınız ki, nazirliyə daxil olmuş şikayət əsasında yoxlama komissiyası yaradılıb və 6 noyabr 2013-cü ildə 285 saylı məktəbin fəaliyyəti yoxlanılıb.
Böyük çəkişmədən sonra Təhsil Nazirliyinə daxil olan şikayət ərizələrinin surətini əldə etdim və məlum oldu ki, ərizələrin ikisini eyni gündə – 30 oktyabr 2013-cü ildə Bağırova Təranə Kamil qızı yazıb. Bir ərizəni isə 8 noyabr 2013-cü ildə məktəblə heç bir əlaqəsi olmayan Bəşirova Şəhla Asif qızı yazıb. Bir qrup işçi tərəfindən yazılan müraciətin isə yazılma tarixi yoxdur.
Ərizələrin heç biri qeydiyyata götürülməyib və kim tərəfindən icra edilməli olduğu yazılmayıb. Deməli, sizə təqdim edilən sənədlər saxtadır”.
Malik Qurbanov baş verənlərə görə Təhsil Nazirliyinin Insan Resursları şöbəsinin müdiri Fərzalı Qədirovu ittiham edir. Ərizələrin təşkili məsələsində də ondan şübhələndiyini deyir: “Səbəb isə vakant yer olmadığı halda, məktəbə əlavə müəllim göndərilməsinə etiraz etməyim, həmçinin burada yazmağı məqbul hesab etmədiyim daha bir neçə faktdır”.
Keçmiş direktor nazirə məktubda yazır ki, 22 noyabr 2013-cü il tarixdə işdə olub. Həmin gün heç bir iclas keçirilmədiyi halda, sonradan yerli həmkarlar təşkilatının qərarını o tarixə yazdıraraq, işdən çıxarılması üçün əsas götürüblər: “O protokoldan çıxarışı da səhv tərtib etdirmisiz. Əvvəldə Həmkarlar Ittifaqı Konfederasiyasının iştirakçı üzvləri Şahməmmədova, Rəhimova, Kamalova və Xalıqverdiyeva olduqları halda, protokolun sonunda imza atanlar Şahməmmədova, Rəhimova, Bağırova və Xalıqverdiyeva olub. Bağırova komitə üzvü deyilsə, onun sonda imza atması nə dərəcədə qanunidir? Həmin gün Bağırovanı Bakı şəhər Təhsil Idarəsinin əməkdaşı Xəyyam müəllim çağırmışdı. Dərsdən sonra da mən getdim. Bunu Bağırovanın öz imzası ilə təsdiqlədiyi izahatı da sübut edir. Düşünürəm ki, bu sənədin əslini Fərzalı Qədirov sizə göstərməyib, siz də saxta sənəd düzəldilməsinə göstəriş vermisiniz.
Verilən əmrdə əsas kimi götürdüyünüz yoxlama aktı da səhv tərtib olunub. Aktda davamiyyət tabeli əsas sənəd kimi qeyd edilib və akt ona əsaslanaraq tərtib edilib. Sizin əməkdaşlar bilmir ki, davamiyyət tabeli əsas məktəb sənədi deyil. Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə maliyyə-təsərrüfat sənədləri aşağıdakılardır: məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı.
Mən noyabr ayının axırına kimi işdə olduğum üçün aylıq əməkhaqqı almağıma baxmayaraq, əmr 22.11.2013-cü il tarixində verilməsidir. Dediyim bu məsələni Bakı şəhər Təhsil Idarəsinin 13 mart 2014-cü il tarixli 5809 saylı arayışı da təsdiq edir. Həmin arayış Binəqədi rayonu Məşğulluq Idarəsindədir.
Əmrin səhv olmasını özünüz 13 fevral 2014-cü il tarixdə bir daha təsdiq etmisiniz. Yəni eyni maddə ilə işdən uzaqlaşdırılan müavini yenidən göstərilən tarixdən 152 saylı orta məktəbə müəllim təyin etmisiniz. Mənim işimdə cinayət tərkibi və heç bir məhkəmə qərarı olmadığına görə hansı əsasla məni pedaqoji sahədən uzaqlaşdırmısınız?
Şikayət formasında sizə müraciət edən müəllimlər izahat veriblər ki, onlar dərs keçmədən pul alıblar. Göndərdiyiniz komissiya üzvləri də onlardan izahat alıb sizə təqdim edib. Eyni adamlar necə olur, həm şikayətçi olur, həm də dərst keçmədən pul almaqla qanunsuzluq edən? Əgər onların dediyi fakt düzdürsə, nə üçün dövlət büdcəsinə vurulan ziyan geri qaytarılmadı?
4-15 noyabr 2013-cü il tarixdə xəstəxanada müalicədə olmuşam. Yoxlama dövründə davamiyyətə mən necə fikir verə bilərdim? Məktəbdə ona cavabdeh olan şəxslərdən heç biri günahlandırılmayıb, onların günahını da mənim üzərimə yazmısız. Yoxlama zamanı şikayət edən müəllimlərin uşaqları məktəbdən uzaqlaşdırmaları nə üçün yoxlama komissiyasının diqqətindən yayınıb?
Prezident Administrasiyasında dedilər ki, Təhsil Nazirliyindən verilən cavabda mənim müəllimə sataşdığım üçün işdən çıxarıldığım bildirilib. Əgər doğurdan da belədirsə, niyə həmin dövrdə hüquq-mühafizə orqanlarına müraciət etməyiblər? Siz sübuta yetirilməyən, məcburi yazdırılmış ərizələrə əsaslanıb necə belə qərar çıxardınız?
Illərlə ömrünü təhsilə həsr etmiş, ürəyinin yağını gənc nəslin təlim-tərbiyəsi yolunda əritmiş təhsil işçilərindən üzr istəyirəm ki, başlamaqda olan dərs ili ərəfəsində mətbuatda belə çıxış edirəm. Bunu deməyi özümə borc bildim ki, sabah istənilən vicdanlı təhsil işçisinin başına bu işi gətirə bilərlər.
Hörmətli təhsil işçiləri, gəlin birlikdə mübarizəyə qoşulaq. Gəlin çəkinməyək, dərsiniz əlinizdən alındı, mənəviyyatınız alçaldılır, daha nəyi gözləyirik?
Mikayıl Cabbarov! Qaytarın mənim işimi, qaytarın mənim müəllimliyimi! Gəlin, daşı ətəyinizdən töküb, ədalət naminə addım atın! Heç olmasa, bircə dəfə məni qəbul edib dinləyin. Sizi haqq yoluna çağırıram!”
Sosial şöbə