Məmur-oliqarxların iranlı ortaqları ilə qurduğu şübhəli «əməliyyatlar» səfirin gizli teleqramında
Bakı Iran üçün kəşfiyyatın maliyyə mənbəyi, çirkli pulların yuyulması mərkəzi və narkodəhlizə dönüb
Amerikalı diplomatların məxfi teleqramlarını yayımlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı gizli sənədlərin dərcini davam etdiririk. ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersinin 2009-cu il martın 6-da Vaşinqtona göndərdiyi məktubda Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamları və şirkətləri, onların Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərilə biznes əlaqələri haqda məqamlar əksini tapıb.
Iran şirkətləri Bakıda çirkli pullar yuyur
Enn Dersi yazır ki, səfirliyin əldə etdiyi məlumatlara görə, Tehran rejiminə yaxın olan çoxsaylı iranlı iş adamı və şirkət sanksiyalardan yayınaraq Bakıda çirkli pulların yuyulması və başqa iqtisadi əməliyyatlarla məşğul olur: “Azərbaycanda fəaliyyət göstərən Iran mənşəli şirkət və iş adamlarının Tehran rejiminin yüksək vəzifəli şəxsləriylə, Iran Inqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi xidmət orqanı ETTELAAT-la əlaqəsi var. Həmin şirkətlər bank işi, tikinti, nəqliyyat, gəmi daşımaçılığı və s. sahələrdə geniş şəbəkələrə malikdir. Paytaxtın mərkəzi küçələrində Iran mağazaları fəaliyyət göstərir”.
Bakıdan SEPAH-a hərbi-texniki təminat
Amerikalı diplomat Azərbaycanda geniş biznes şəbəkəsinə sahib olan iranlılardan birinin Camal Əlləvi olduğunu yazıb. Məktubda deyilir ki, Əlləvi Ərdəbil şəhərinin keçmiş merinin yaxın qohumudur və hazırkı prezident Mahmud Əhmədinejadın tələbəlik dostudur. O, bir neçə Iran şirkətinə rəhbərlik edir. Azərbaycanda fəaliyyət göstərən iranlı şirkətlərin çoxuna faktiki rəhbərliyi Əlləvi edir. Onun Bakıda şəxsi evi var və Azərbaycana tez-tez səfərlər edir. Əlləvinin rəhbərlik etdiyi şirkətlər SEPAH-a hərbi texniki avadanlıqların təminatıyla da məşğul olur.
Azərbaycan banklarının adı Irandan şübhəli maliyyələşmədə
Keçmiş səfirin teleqramında adı çəkilən başqa bir iranlı iş adamı Adil Şərabyanidir. Onun Bakıda valyutadəyişmə işi ilə məşğul olduğu yazılıb: “Şərabyaninin Iranın rəsmi dairələri ilə sıx əlaqələri var. Iranın əsas banklarından biri ”Bank Melli Iran”ın keçmiş meneceri olub. Iranda şübhəli şəkildə müflis olduqdan sonra Bakıya gəlib. Hazırda Azərbaycanın bank sektorunda yeni fəaliyyətə başlayan “Xalq Bank”la yaxından əməkdaşlıq edir. Səfirliyin mənbələrinin əldə etdiyi məlumata görə, Şərabyani bir müddət öncə “Bank of Baku”ya 5 milyon dollar nəğd pul yatırıb. Həmin pul Irandan gətirilib və yatırımın mənbəyi barədə heç bir məlumat yoxdur. (Qeyd: “Xalq Bank” “Bank of Baku”dan ayrılan bir neçə şəxs tərəfindən təsis olunub. Bu bank Iran şirkətləriylə sıx əməkdaşlıq edir). Mənbə onu da əlavə edib ki, Şərabyani tez-tez Bakıya səfər edir və banka külli miqdarda mənbəyi bilinməyən nəğd pul yatırır. Iranlı sahibkarlardan birinin sözlərinə görə, Şərabyani Iran rejiminin çirkli pullarının yuyulması işiylə məşğuldur”.
Iranın kəşfiyyat adamı ilə Ziya Məmmədovun nə əlaqəsi?
“Başqa bir iranlı iş adamı isə Kamal Dərvişidir. Kamal Iran-Iraq müharibəsi zamanı göstərdiyi xidmətlərinə görə Tehran rejiminin yüksək elitasının rəğbətini qazanıb. Yoxsul ailədən olmasına baxmayaraq, hazırda Iranın ən zəngin adamlarından biridir. Kamal Dərvişinin Iran xüsusi xidmət orqanlarıyla six əlaqələrinin olduğu da deyilir. O, Inqilab Keşikçiləri Korpusu və siyasi hakimiyyətlə yaxın əlaqələrə sahibdir. Iranın tikinti sektorunda iri layihələr həyata keçirən şirkətlərdən birinin sahibidir. O və qardaşı Keymars son 10 il ərzində Azərbaycana sıx gedib-gəlirlər. Kamal Dərvişi son illər Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla sıx biznes əlaqələri qurub. Məhz Məmmədovun dəstəyiylə Bakı-Astara, Bakı-Quba magistrallarının tikintisi kimi iri layihələr əldə edib. Səfirlik hesab edir ki, Məmmədov həmin layihələrdə öz ”maraqlarını” təmin edib. Məmmədovun ailə üzvləri və yaxın qohumları Azərbaycanda fəaliyyət göstərən iri tikinti şirkətlərindən birinin sahibidir. Ziya Məmmədov Azərbaycanın korrupsioner məmur-oliqarxlarından biri sayılır”, – deyə Enn Dersinin məxfi teleqramında yazılıb.
Ziya Məmmədovla Vahid Axundov Fərhad Əliyevin bankını ələ keçirib
Keçmiş səfir daha sonra yazır ki, Azərbaycanda çalışan iranlı iş adamları arasında Cəmşid Mahmudoğlu və onun qardaşı da geniş biznes imkanlarına sahibdirlər. Onlar Iran azərbaycanlıları olsalar da, Türkiyə vətəndaşlığı daşıyırlar: “Qardaşlar Türk bankı kimi təqdim olunan ”Bank of Baku”nun iri səhmdarlarından biridir. Mahmudoğlu qardaşlarının sahib olduqları şirkətlər “Baku Electronics” və “Bank of Baku” ilə geniş biznes əlaqələri qurublar. “Bank of Baku”nun türk iş adamları tərəfindən yaradıldığı söylənilsə də, onu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı idarə edib. Əliyevin həbsindən sonra bankda sahib olduğu səhmləri nəqliyyat naziri Ziya Məmmədov və prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi Vahid Axundov ələ keçirib”.
Naxçıvandan Irana qadağan olunmuş mallar daşınır
Azərbaycanda çalışan başqa bir iranlı iş adamı isə Cəbrayıl Naviddir. O, neft və neft avadanlıqlarının ticarəti ilə məşğuldur. Səfirliyin mənbələri bildirib ki, Navid Iranın enerji şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iş əlaqəsi qurmasına vasitəçilik edib. O, qanunsuz olaraq neft və kimya məhsullarının ixracı ilə məşğul olur. Navid Irana satışı qadağan olunan məhsulların Rusiya ərazisindən gətirilməsini həyata keçirir. Bu işdə Naxçıvan ərazisindən istifadə olunur.
Irandan Avropaya narkotik daşıyan “iş adamı” Bakıda oturur
Enn Dersinin məktubunda adı çəkilənlərdən biri də Əsgər Cabbaridir. Məktubda yazılır ki, Cabbari Isfahanda istehsal olunan Iran mərmərinin Azərbaycana daşınması və satışı ilə məşğul olur. Onun idarə etdiyi şirkət də Iranın yüksək dairələri və təhlükəsizlik xidmətinə yaxınlığı ilə tanınır. Cabbarinin Azərbaycana ixrac etdiyi mərmərlərdən əsasən dövlət idarələrinin inşaatında istifadə olunur. Cabbari Iranın yüksək vəzifəli şəxslərilə yaxınlıq edir. Onların adına daşınmaz əmlak alır.
Keçmiş səfir qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən başqa bir iranlı iş adamı Sabir Şahin Azərbaycan və Rusiyada narkotik ticarətilə məşğul olan mafiyalarla sıx əlaqələrə sahibdir. Rəsmi olaraq isə Bakının Karl Marks küçəsindəki mərmər anbarının sahibi kimi göstərilir. O, əsasən Irandan Azərbaycan ərazisindən istifadə etməklə Rusiya və Avropa bazarlarına heroin və digər narkotik maddələrin çatdırılmasıyla məşğuldur.
Araz Əzimovun Enn Dersiyə verdiyi ilginc məlumat
Enn Dersi 2009-cu il 12 mart tarixli məktubunda isə xarici işlər nazirinin müavini Araz Əzimovla görüşü barədə qeydlərini yazıb. Bu görüşdə Pakistan və Əfqanıstandakı ictimai-siyasi durum, bu ölkələrdə yaşanan terror olayları və onların terrorizmə qarşı mübarizədə yaratdığı maneələr müzakirə olunub. Məktubda diqqət çəkən məqam odur ki, Araz Əzimov diplomata hansısa imkanlı azərbaycanlıların Əfqanıstanda, Herat yaxınlığında neft emalı zavodu aldıqlarını deyib. Nazir müavini Azərbaycanın Əfqanıstan və Pakistanla dostluğundan, gələcəkdə Cənubi Asiyadan neft-qaz məhsullarını dünya bazarlarına çıxarmaq üçün istifadə etmək niyyətindən danışıb və bildirib ki, ölkənin “varlı şəxsləri” Əfqanıstanın enerji sektoruna investisiyalar qoyub, Herat yaxınlığında neft emalı zavodu alıblar.
Siyasət şöbəsi
Wiki-Arxiv:
İlham Əliyev Rusiyaya təcavüzkar deyib
Heydərov Koreya şirkətini ölkədən necə qovub?
Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr
“WikiLeaks”də Naxçıvan dəhşətləri
Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı
Elnur Aslanovu “nurçu”larla nə bağlayır?
“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi
İran-Ermənistan münasibətləri “WikiLeaks”də
Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda
Bakıdakı “məmur toyxanası”nda insan alveri
“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib
Əliyev Saakaşvilidən niyə gileylənib?
Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?
Gömrük şefi Əliyev komandasını satıb
Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə
“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də
İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?
Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb
Əliyev Türkiyəyə yalançı və satqın deyib
İqtidardaxili savaşın şok detalları
XİN əməkdaşları İlham Əliyevi satıb
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?