Böyük Britaniyanın baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland The Washington Post qəzetində birgə məqalə ilə çıxış ediblər. Məqalədə qeyd olunur ki, bu həftə ABŞ Konqresi İranın nüvə proqramının məhudlaşdırılmasına dair razılaşmaya baxır. Bu olduqca vacib məqamdır. Çünki qlobal qeyri-stabilliyin artmaslna baxmayaraq diplomatik üsullarla nəyin əldə edildiyini nümayiş etdirmək imkanı yaranıb.
Məqalə müəllifləri qeyd edir ki, İran nüvə texnologiyalarını dinc məqsədlərlə istifadə etmək niyyətində olduğunu desə də, iki il əvvəl təhlükəli şəkildə proqramını genişləndirdi. Belə situasiya isə təkcə İranın qonşuları və İsrail üçün deyil, Avropa üçün də təhlükə idi. Yaxın Şərqdə nüvə silahının artması onsuz da stabil olmayan region üçün fəlakətli nəticələrə gətirərdi.
Məqalə müəllifləri bu təhlükənin qarşısını almaq üçün birgə çalışdıqlarını yada salır. “İranla uzun nəticəsiz danışıqlar nikbinlik üçün əsas vermirdi. Bununla belə, iki illik danışıqlardan sonra razılaşma əldə edə bildik. Bu razılaşma İranın nüvə silahı əldə etmək imkanlarının qarşısını tam alır. Əvəzində İran nüvə proqramı ilə bağlı olan sanksiyaların zəifləməsini görür”, – deyə məqalədə qeyd olunur.
Razılaşmanı tam dəstəklədiklərini deyən məqalə müəllifləri bunun qarşıya qoyulan məqsədə çatmağa imkan verdiyini qeyd edirlər.
Bununla yanaşı məqalədə İranın İsrail dövlətini tanımaması da pislənilir. Çünki İsrailin təhlükəsizliyi məsələsi Avropa üçün vacibdir.
“Razılaşma əldə edərkən İranın xarici siyasətinin yaxın vaxtda dəyişəcəyinə ümid etmirdik. Ancaq bu razılaşma nüvə təhlükəsini azaldır. Iran da etiraf edə bilər ki, qonşularla əməkdaşlıq düşmənçilikdən yaxşıdır. Tehranla maraqlarımız fərqli olsa da, ümumi məsələlər da var – məsələn, İŞİD təhlükəsi. Əminik ki, bu razılaşma İraın nüvə proqramı ətrafında münaqişəni tam həll etməyə imkan verəcək. Ona görə də bütün prosedurları başa çatdırıb birgə kompleks fəaliyyət planını həyata keçirmək istəyirik”,- deyə məqalə müəllifləri vurğulayıb.
azadlıq.info