«Azərbaycan» qəzeti növbəti dəfə rəsmi Vaşinqtonu və Barak Obamanı «vurdu»
“Demokratiya və insan haqlarını effektli manipulyasiya alətinə çevirmiş rəsmi Vaşinqton postsovet məkanında, Şərqi Afrikada və Yaxın Şərqdə müstəqil siyasət yürüdən dövlətləri vətəndaş qarşıdurması və qanlı toqquşma arenasına çevirməkdədir”
Azərbaycan hakimiyyətinin anti-ABŞ kampaniyası davam edir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın dünəki sayında ABŞ-ın ünvanına ittihamlarla zəngin olan növbəti yazı dərc olunub. “ABŞ-ın jandarm siyasəti və Avropanı məhvə sürükləyən qaçqın fəlakəti” başlıqlı yazıda ABŞ və bu ölkənin prezidenti Barak Obamanın ünvanına kəskin ittihamlar səsləndirilib. Yazıdan bəzi hissələri təqdim edirik: “ABŞ Administrasiyasının və şəxsən cənab Barak Obamanın son illər yürütdüyü siyasət nəticəsində bu gün Amerika dünyada azadlıq anlayışının jandarmı kimi qəbul olunur. Ekspertlər hesab edirlər ki, demokratiya və insan haqlarını effektli manipulyasiya alətinə çevirmiş rəsmi Vaşinqton Avropadakı müttəfiqlərini bu işə cəlb etməklə postsovet məkanında, Şərqi Afrikada və Yaxın Şərqdə müstəqil siyasət yürüdən dövlətləri vətəndaş qarşıdurması və qanlı toqquşma arenasına çevirməkdədir…
…Bütün bunlara görədir ki, Amerika başda olmaqla bəzi Qərb dairələrinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının demokratiya və insan haqları barədə iddiaları artıq istehza doğurur. Ferqyuson və Baltimor hadisələri, Julian Assanc və Edvard Snoudenin ifşaları ABŞ-ın “nümunəvi” demokratiyasının iç üzünü açdıqdan, Avropanın bəzi aparıcı ölkələrində baş verən total korrupsiya, dini və irqi ayrı-seçkilik faktları dünya ictimaiyyətinə bəyan olduqdan sonra isə Qərbin özündə də demokratik dəyərlərin korroziyaya uğradığı aydın göründü. ABŞ və Avropada müstəqil fikirli, mövcud siyasi sistemlərin kaprizləri ilə barışmayan və mübarizə aparan fəalların sərt təzyiq və təqiblərə, qeyri-insani davranışa məruz qaldığına dair çoxsaylı faktlar mövcuddur. Bunlardan biri kimi ABŞ hakimiyyətinin bloqqer və internet fəalı Aaron Şvartsa qarşı həyata keçirdiyi kampaniyanı göstərmək olar…
…Bütün bu faktlar istər ABŞ və Avropanın dünyanın ayrı-ayrı regionlarında “demokratikləşmə siyasətinin” ağır nəticələrini, istərsə də Qərbin daxili “demokratiyasının” necə də acınacaqlı vəziyyətdə olduğunu qiymətləndirmək üçün fürsət yaradır. Azərbaycanın nə ABŞ-ın, nə onun vassalı qismində çıxış edən Avropa Ittifaqının, nə də başqa bir qüvvənin dirijor çubuğu ilə hərəkət etmək niyyəti yoxdur. Çünki Azərbaycan xalqı və hakimiyyəti öz müstəqilliyini hər şeydən uca tutur və bu çubuğun Iraq və Suriyanın hazırkı durumuna istiqamətləndiyini aydın görürlər”.