«EVRASCON» Moldovadan qovuldu və milyonlarla avro cərimələndi; Salyanda isə şirkətin 400 nəfərə yaxın fəhləsi etiraza qalxdı
Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətinin 400 nəfərə yaxın fəhləsi etiraz aksiyası keçirərək Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırıb.
Virtualaz.org-un yaydığı məlumata görə, hadisə dünən olub. Yolçəkən fəhlələrin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsidir. Aksiya 1 saatdan artıq davam edib. Hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının etirazçılarla apardıqları danışıqlardan sonra onlar yoldan çəkiliblər.
Aksiya iştirakçılarından saxlanılan olmayıb. Fəhlələrlə görüşən şirkət nümayəndələri isə gün ərzində onların əmək haqlarının ödənilməsinə başlanacağına söz verib. Aksiya 1 saatdan artıq davam edib.
“EVRASCON”un direktorlar şurasının sədri Manaf Şirinov Salyanda aylardır əməkhaqqı almadıqlarına görə aksiya keçirən və yolu bağlayan işçilər qarşısında çıxış edərək onları “yola gətirib”.
Manaf Şirinov işçilərə bildirib ki, hazırda şirkətin vəziyyəti olduqca ağırdır, maliyyə baxımından müflis vəziyyətindədir.
Bununla belə o, işçilərin aksiya keçirməsinin “düzgün hərəkət olmadığını” bildirib. Manaf Şirinov vəd edib ki, iki aylıq əməkhaqqının yaxın vaxtlarda ödənilməsinə çalışacaqlar.
Onun vədinə əsasən şirkət gələn həftə bir aylıq əməkhaqqını ödəməyə çalışacaq. Gecikdirilmiş maaşlardan daha bir aylığı isə gələn ay veriləcək. Işçilər isə bu vədlərə o qədər də inanmırlar.
“EVRASCON” şirkəti baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu mətbuata açıqlamasında özü də təsdiqləyib.
Virtualaz.org-un yazdığına görə, bu şirkətin Azərbaycanla yanaşı xarici ölkələrdəki layihələri də bir-birinin ardınca iflasa uğrayır. Məlumata görə, “EVRASCON” Moldovada iri yol-nəqliyyat infrastrukturu layihəsindən kənarlaşdırılıb. Üstəlik şirkətə böyük məbləğdə cərimə kəsilib.
Bu ölkənin Nəqliyyat Nazirliyi Azərbaycanın EVRASCON və Çexiyanın OHL şirkətləri ilə Kişnyov-Unqena trasının yenidən qurulmasına dair müqavilələri pozmaq qərarına gəlib. Buna səbəb podratçıların işi gecikdirməsidir.
Yolun yenidən qurulması və genişləndirilməsi layihəsinə dair müqavilə ötən ilin iyul ayında imzalansa da podratçılar işlərin cəmi 5 faizini yerinə yetiriblər. Hansı ki, indiyə qədər təmir-tikinti işlərinin azı 50 faizi görülməli idi.
Nəqliyyat naziri Yuri Kirinçuk bildirib ki, o, podratçılarla müqavilələrin pozulmasına qərar verib. Bu ilin sonuna qədər yeni tender keçiriləcək və qalib şirkətlər gələn ilin yazından yarımçıq qalmış işi davam etdirə biləcəklər. Nazirin sözlərinə görə, yeni podratçılar qarşısında tikintini cəmi bir il ərzində yekunlaşdırmaq tələbi qoyulacaq.
Yuri Kirinçuk deyib ki, Azərbaycan və Çexiya şirkətlərinə müqavilə öhdəliklərinə əməl etmədiklərinə görə dəfələrlə xəbərdarlıq edilib. Payıza qədər şirkətlər Nəqliyyat Nazirliyinə işlərin qrafikinə dair plan təqdim etməli idilər.
Lakin işlərin sürətləndirilməsini nəzərdə tutan plan təqdim olunmayıb. Indi bu şirkətlər hər gecikən günə görə 23 min avro cərimə ödəməli olacaqlar. Bu isə milyonlarla avro deməkdir.
Moldovada Kişinyov-Unqena-Skulyan trasının (R1) yenidən qurulması işləri ötən il avqustun 20-də başlayıb. Uzunluğu 100 kilometr olan trassın yenidən qurulması işlərinin başlanması mərasiminə o vaxtkı baş nazir Yuri Lyanke də qatılmışdı.
“R1 trassı Moldova iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan şirkəti 400-ə yaxın iş yeri yaradacaq, orada ixtisaslı fəhlələr yüksək əməkhaqqı alacaqlar”, – deyə Lyanke mərasimdə bildirib.
Müqaviləyə əsasən “EVRASCON” şirkəti yolun iki hissəsinin (6-24 və 74-96 kilometrlər arasında) tikintisini həyata keçirməli idi. Birinci hissədə yol dördzolaqlıya qədər genişləndirilməli, körpülər və yanaşma yolları yenidən qurulmalıydı. Bu işlərin həcmi 25 milyon avro idi.
Layihənin smeta dəyəri isə 80 milyon avrodur və Avropa Yenidənqurma və Inkişaf Bankının krediti hesabına maliyyələşdirilir. O vaxt Moldova mətbuatı yazırdı ki, Azərbaycan şirkəti keçmiş prezident Vladimir Voroninlə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov arasında qudalıq münasibətləri sayəsində bu tenderi udub.
Məlum olduğu kimi, Musa Pənahovun oğlu Voroninin nəvəsi ilə evlənib.
Lakin indi Azərbaycan oliqarxının nəhəng tikinti şirkətinin işləri düz getmir və Moldovada 25 milyon avroluq müqavilə şirkətin əlindən alınır. Üstəlik tikintini gecikdirdiyi hər gün üçün 23 min avro cərimə ödəməyə məhkum edilir.
“EVRASCON” şirkəti hazırda Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsinin tikintisində podratçıdır və aylardır fəhlələrin pulunu vermir. Nəticədə dünən 400-ə yaxın fəhlə etiraz olaraq yolu bağlayıb.
Şirkətin kreditor borcları 235 milyon avrodur. “EVRASCON” şirkəti Qazaxıstanda da problemlə üzləşib. Bir müddət əvvəl şirkət Qazaxıstandakı yol layihəsində 15 milyon dollar zərər edib. Daha sonra məlum olub ki, EVRASCON şirkətinin Azərbaycandan olan işçiləri Qazaxıstanda aylardır əmək haqları almır, üstəlik rəsmi iş icazəsi olmadan işlədilir və bu ölkənin Miqrasiya Xidməti tərəfindən cərimələnir.