Şikayətçi mətbuat vasitəsilə haqqının qaytarılmasını istəyir
“Azadlıq”a müraciət edən Elnur Ağayev daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədova üz tutur. Müraciətdə deyilir:
“Mən 22.07.1992-ci ildə Masallı şəhərində anadan olmuşam. 2009-cu ildə iş üçün Bakıya gəlib, Moskva univermağında qızıl satıcısı kimi fəaliyyət göstərməyə başladım. Bir gün Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu ora gələrək hər şeyi alt-üst etdi. Həmin adam peşəkar fırıldaqçı, dələduz imiş. O, bahalı geyimlər, avtomobillərlə gəlib-gedərək inamımı qazandı, sonra isə ona olan etibarımdan sui- istifadə etdi. Bu şəxs 3700 dollar məbləğində qızıl-zinət əşyalarını apararaq bir daha geri qaytarmadı. O adama görə banklara borclu qaldım, işimi itirdim. 2010-2012-ci illərdə cəbhə bölgəsində vətənə olan borcumu verib geri döndüm. Zaura zəng vurub, pulumu geri istədim. Hər dəfə də hədə-qorxu gəldi, ”get əlindən gələni et” dedi.
Bu olaydan 6 il keçməsinə baxmayaraq, Zaur mənə olan borcunu qaytarmaq istəmir. 2012-ci ildən bütün hüquq-mühafizə orqanlarına, MTN, DIN, ƏN, BŞBPI, Nəsimi RPI-yə müraciət etmişəm.
Bəlli olan budur ki, bu adam peşəkar fırıldaqçı olaraq insanları aldatmağı özünə peşə seçib. Anası Məmmədova Xavərlə telefon danışığımda o da məni hədələyərək Zaurun arxasında mühüm adamlar dayandığını bildirdi. Mən bu insanın nə ilk, nə də son qurbanı deyilmişəm. O, Masallı rayonundan olan Mirzağa adlı bir gənci də qurban seçərək 13.000 AZN dəyərində aldadıb. Zaur Məmmədov 2013-cü ildə Suraxanı RPI-nin 33-cü bölməsinin əməkdaşları tərəfindən digər bir əməlinə görə CM-nin 178, yəni dələduzluq maddəsi əsasında saxlanıb. Amma hansı yollasa oradan da xilas olub və azadlığa çıxıb. Mətbuat vasitəsilə səlahiyyətli orqanlara müraciət edərək, problemimin həllində və təhlükəsizliyimin təmin olunmasında kömək göstərilməsini xahiş edirəm”.
Sosial şöbə