Banklardan əmanətlərin çəkilməsi nəyin görsənişidir?
Banklarda əhalinin əmanətləri azalmaqda davam edir. Mərkəzi Bank xəbər verir ki, 31 iyul 2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 605,1 milyon manat əmanəti olub. Bu məbləğ, 30 iyun tarixi ilə müqayisədə 48,5 milyon manat və ya 0,6% azdır.
Əmanətlərin 28 faizi və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72 faizi və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada olub. Iyun ayı ilə müqayisədə iyuldaÿmilli valyutadakı əmanətlər 41,2 milyon manat, xarici valyutadakı (əsasən dollarda) əmanətlər isə 7,2 milyon manat azalıb.
Devalvasiyadan sonra, fevralın sonunda əhalinin banklardakı əmanətlərinin həcmi 7 milyard 932,7 milyon manata çıxmışdı. Həmin vaxtdan 31 iyula qədər əhalinin əmanətləri 327,6 milyon manat azalıb.
Əslində əhalinin əmanətləri banklardan çəkməsi həm bank sisteminə inanmsızlığın, həm də manatın ikinci devalvasiyasının gözlənilməsinin əlamətidir.
Məhəmməd Talıblı: “Əhali əmanətləri banklara etibar etməkdənsə, onu yığım olaraq sandıqlarda saxlamağa üstünlük verir”
Iqtisadçı Məhəmməd Talıblının fikrincə, burada iki amili bir-biri ilə əlaqələndirmək lazımdır. Bir tərəfdən dollarla kredit götürənlərin sayı artır. Ikinci bir tərəfdən isə manatla əmanətlərin həcmində azalmalar qeydə alınır: “Bankların təklif etdiyi dollarla kreditin xüsusi çəkisi 72 faiz, manatla isə 28 faizdir. Banklar hansı valyuta növündə kredit təklif edirsə, həmin valyuta ilə krediti sata bilir. Müştəri hansı valyutada kredit istəyirsə, onu ala bilmir. Demək, bankların kredit ”aclığından” istifadəsiü üçün münbit zəmin yaranıb. Ən yaxşı halda isə banklar ödəmə qabiliyyəti yüksək olan müştərini əldən buraxmamaq üçün iki valyuta səbətində krediti verməyə razı olur. Məsələn, 4 minlik kredit portfelinin 2,5 minini ABŞ dollarında, 1500-nü isə Azərbaycan manatında verirlər”.
M.Talıblının sözlərinə görə, etibarlı yığım üçün dollara maraq daha böyükdür. Ekspert hesab edir ki, o da nəzərə alınmalıdır ki, banklar bir tərəfdən dollarla kredit vermək üçün portfelləri artır. Digər tərəfdən isə bununla bağlı tələb də artır: “Yəni banklara hələ çoxlu sayda müraciətlərin hamısı müsbət cavablandırılmayıb. Ölkədə kreditdən istifadə ilə bağlı müştərilərin sayı da bütün bunlara baxmayaraq artır. Yəni hazırda 2,4 milyon nəfərin banklardan asılılığı var. Ötən rüb ərzində banklardan kredit almaq üçün müraciət edənlərin 375 min nəfərinin kreditə əlçatanlığı təmin olunmayıb. Bunlardan cəmisi 25 mini kredit ala bilib. Demək, həm bahalı və ağır şərtlərlə kredit alanların sayı artıb, həm də bütün bunlara baxmayaraq yenə də bu ağır yükün altına çiynini verməyə hazır olanların. Demək, problemin şiddəti daha fərqlidir”.
M.Talıblı onu da bildirdi ki, amma əmanətlərdə azalma dinamikasını da görmək olur. Bu, bir tərəfdən daha çox manatla əmanət qəbulu stimullaşdırılır, digər tərəfdən isə əmanət qoymağa maraq da azalır: “Çünki, banklarda kredit dərəcələri ilə müqayisədə 2 dəfədən aşağı olan əmanətləri banklara etibar etməkdənsə, onu yığım olaraq sandıqlarda saxlamağa üstünlük verənlərin sayı da artır. Bu, valyuta və maliyyə bazarında gözlənilməz dalğalanma risklərinin böyük olması ilə bağlıdır”.
Xəyal