Hökumət evlərin sığortasız olması məsələsini qabardır
Sentyabrın 4-də baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış obyektlərinə ziyan dəyib. Fins.az-ın məlumatına görə, hər 2 rayonun kəndlərində evlərin bir hissəsi qəzalı vəziyyətə düşüb, bir hissəsində isə irili-xırdalı çatlar əmələ gəlib. Bir-iki evi çıxmaq şərti ilə evlərin heç birinin sığortası yoxdur. Odur ki, zərərçəkmiş ev sahiblərinin ziyanı necə qarşılayacağı məlum deyil.
Oğuz Rayon Icra Hakimiyyətinin Muxas kəndi üzrə nümayəndəsi Xəqani Xuduyev fins.az-a bildirib ki, zəlzələ nəticəsində kənddə 2 evin damı uçub, 5-6 evin divarında isə 3-4 santimetrlik çatlar əmələ gəlib. Onun sözlərinə görə, evlərə dəymiş ziyanın ümumi məbləği 3-4 min manat civarındadır. Amma yalnız bir ev “Azərsığorta” şirkətində icbari qaydada sığortalanıb. Digər evlər isə sığortasız olub. Ümumilikdə Muxas kəndindəki 250 evdən cəmi 20-25-i sığortalıdır.
Oğuz rayonunun Bucaq kəndində isə evlərə ziyan dəyməsə də, uşaq bağçası qəzalı vəziyyətə düşüb. Kənd icra nümayəndəsi Fərid Qurbanov bildirib ki, uşaqlar dərhal qəzalı vəziyyətə düşən binadan çıxarılıb. Hazırda bağçanın əsaslı təmirə ehtiyacı olsa da, obyekt sığortasız olduğundan təmir xərclərini kimin ödəyəcəyi qeyri-müəyyəndir.
Bundan başqa, Oğuz rayonunun Astraxanovka kəndində 17, Qarabulaq kəndində 5, Söyüdlü kəndində isə 2 evə ziyan dəydiyi məlum olub. Bu kəndlərə baxan icra nümayəndəsi Mahir Ibrahimov bildirib ki, Astraxanovkada 1 ev və kənd məktəbi, Qarabulaqda isə 2 ev qəzalı vəziyyətə düşüb. Bununla belə, onun sözlərinə görə, kəndlərin sakinləri maddi cəhətdən imkansız olduğundan evlərinin sığorta etməyiblər.
Şəkinin Turan qəsəbəsində isə ilkin məlumatlara görə 10-a yaxın evdə irili-xırdalı çatlar əmələ gəlib. Inzibati ərazi dairəsinin nümayəndəsi Nağı Tağıyev açıqlamasında zərər dəyən evlərin sığortasız olduğunu bildirib.
Məmurların sığorta məsələsini qabartması belə qənat yaradır ki, hökumət zəlzələdən ziyan çəkmiş vətəndaşlara yardım etmək niyyətində deyil.