Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Kommunal sektorda istehlakçı hüquqları: mövcud vəziyyət və problemlər” mövzusunda konfrans keçirilib.
Layihə “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (ACYF) tərəfindən maliyyələşdirilib. Konfransda layihənin mahiyyətindən danışan “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, görülən işlər çərçivəsində layihə ekspertləri tərəfindən “Qaz təchizatı müəssisəsi ilə məişət abonenti arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə” layihəsi, “İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə” layihəsi, “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı satqısının birtipli Müqavilə”nin yeni variantı hazırlanıb.
“Birtipli müqavilə layihələri ictimaiyyətə təqdim edilib və müvafiq dövlət orqanlarına göndərilib” – deyə, Ə.Nuriyev vurğulayıb. O, bildirib ki, layihə 9 ay müddətinə icra olunub: “Lakin düşünməməliyik ki, bu sahədə görülən işlər bitdi. Azərbaycanda bu sahədə müəyyən addımlar atılır, qanunlar qəbul olunur. Konkret olaraq dövlət başçısının abonentlərin borclarını silməsi xüsusi bir hadisədir. Lakin təəssüf ki, hələ də yerlərdə borcların yığılmasında bəzi neqativ halla rast gəlinir”.
ACYF Idarə Heyətinin sədri Mehman Əliyev isə deyib ki, qeyd olunan kommunal sahələrlə bağlı həm 2005-ci ildə, həm də 2006-cı ildə ayrılıqda Dövlət Proqramı qəbul olunub. “Bundan başqa ölkə başçısının müvafiq sərəncamları var ki, bu da bu sahədə kifayət qədər addımların atılmasına şərait yaradır. Amma buna baxmayaraq hər üç kommunal sahədə abonentlərin müvafiq müəssisələrdən narazılıqlar var. Bunun da əsas səbəblərindən biri yeni müqavilələrin abonentlərə təqdim olunmamasıdır” – deyə, o, vurğulayıb.
Tədbirdə bildirilib ki, layihə çərçivəsində təklif olunan əlavə və dəyişikliklərin 85,7 faizi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”da öz əksini tapıb, 68,6 faizi müqavilə şərtlərinə daxil edilib. Yəni, Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli 87 saylı Qərarı ilə təsdiq edilmiş “Qaydalar” həcm etibarı ilə indikindən 5 dəfə az idi və reallığı əks etdirmirdi. Yeni qaydalarda qaz enerjisinin keyfiyyətinə, normal təzyiqinə, standartlara uyğun olmasına təminat verilib.
“Azərsu” ASC-dən isə rəsmi şəkildə bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən “Sudan istifadə qaydaları”nın layihəsi yenidən işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib. Şəbəkənin ekspertləri tərəfindən hazırlanmış «İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə» şərtlərinin əksəriyyəti “Azərsu” ASC-nin dövlət qurumlarına təqdim etdiyi layihədə öz əksini tapmışdır.
Fond və Şəbəkənin ekspertləri tərəfindən Nazirlər Kabinetində müzakirə edilən elektrik enerjisindən istifadə qaydalarının yeni layihəsi ilə müvafiq rəy hazırlanıb və Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına rəsmi şəkildə təqdim edilib. Artıq İqtisadi İnkişaf Nazirliyi Şəbəkəyə müraciət edərək bu təkliflərin nəzərə alınacağı barədə məlumat verib.
Layihə rəhbərinin assisteniti layihə çərçivəsində Zaur İbrahimov əldə olunmuş nəticələr barədə məlumat verdi.Onun sözlərinə görə, layihə çərçivəsində bu il fevralın 7-dən fəaliyyət göstərən pulsuz huquqi yardım xidməti vasitəsilə artıq 400-ə yaxın vətəndaşa hüquqi yardım göstərilib. Layihə ekspertləri tərəfindən vətəndaşlara əməli yardım da göstərilib. Layihənin eksperti Ələkbər Ağasiyev məhkəmə və məhkəmədənkənar razıaşma yolu ilə istehlakçıların enerji hesabında qeyri-qanuni olaraq artıq hesablanmış 6000 manatdan artıq miqdarda borcun silinməsinə nail olub. www. istehlakci.az saytına isə gündəlik olaraq onlarla vətəndaş daxil olur. İndiyədək son 6 ayda sayta 33 mindən çox vətəndaş daxil olub. Sayt həm kommunal sektorda baş verən yeniliklərin geniş auditoriyaya çatdırılması, həmçinin maarifləndrilməsi baxımından unversal bir vasitə rolunu oynayıb. Kommunal sektorda istehlakçı hüquqlarına həsr olunmuş 1 televiziya, 3 radio proqramı efirə verilib. 150-dən çox KİV-də kommunal sektorda istehlakçı hüquqları ilə bağlı materiallar dərc edilib, 3 İnternet televiziyada kommunal sektorda istehlakçı hüquqları ilə bağlı məlumatlar verilib.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna, “Elektroenergetika haqqında” Qanuna, “Su təchizatı və tullantı suları haqqında” Qanuna, “Qaz Təchizatı haqqında” Qanuna əlavə və dəyiıikliklər hazırlanıb.
Layihənin eksperti Ələkbər Ağasiyev “Kommunal sektorda istehlakçı hüquqları: mövcud vəziyyət və problemlər” mövzusunda çıxış edərək problemləri qeyd edib. O layihə çəçivəsində əldə edilmiş məlumatlara əsasən Hər üç xidmət üzrə şikayətlərin araşdırılması sahəsində şəffaflığın, ictimai nəzarətin olmamasıni, əhaliyə elektron xidmətlərin göstərilməsi sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmaması, əhalinin elektrik enerjisi və təbii qaz təchizatı sahəsində SMART tipli sayğacların quraşdırılması prosesinin ləng aparılması, içməli su təchizatı sahəsində sayğacquraşdırmanının aşağı səviyyədə olması, xidmət səviyyəsinin qeyri-qənaətbəxş olması, nəzarətçilərin istehlakçılarla qeyri-etik davranışı, təhlükəsizlik qaydalarına riayət olunması və istehlakçıların hüquqları ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin aşağı səviyyədə olması, Hər üç xidmət üzrə istehlakçılara qarşı haqsız aktların tərtib edilməsini mövcud problemlər kimi qeyd etdi. O, istehlakçı hüquqlarının pozulması ilə bağlı konkret faktlarla da tədbir iştirakçılarını tanış etdi.