Elə məsələlər var ki, onlara münasibətdə mən özümü müxalifət hesab edə bilmirəm. Nə etmək olar? 18 ildir ki, mən də, dostlarım da belə müxalifətçilik edirik, problemləri öz problemimiz kimi yaşayırıq. Mən bunu elə bir qəbahət saymıram, əksinə, düşünürəm ki, biz düz hərəkət edirik, çünki bizlər bu hakimiyyətdən fərqli olaraq, kiçik hisslərlə yaşamırıq. Nə isə. Keçək mətləbə. Açığını deyək ki, Türkiyə səfirinin Israillə münasibətlərə yenidən baxmaq və Türkiyənin yanında olmaq haqda fikri bir qədər problem yaradıb. Yox, mən düşünmürəm ki, indi hakimiyyətin adamları özlərinin gözəl istirahətlərindən əl çəkib ancaq bu haqda düşünməklə məşğuldurlar. Sadəcə, məsələ budur ki, bu, həm də bizim problemimizdir, çünki bir siyasi qüvvə tək, müxalifətdə olsaq belə, bizim də Israilə münasibətimiz var.
Indiyə qədər o münasibət bir sıra prinsiplər üzərində qurulub. Məsələn, hakimiyyətdən fərqli olaraq bizlər həmişə Israillə daha dərin inteqrasiyanın, hətta Israildə Azərbaycan səfirliyi açılmasının belə, tərəfdarı olmuşuq. Indi belə çıxır ki, münasibətlərə yenidən baxmaq lazımdır. Amma buna ehtiyac varmı? Yaxın Şərq siyasəti iki haqqın, fələstin və yəhudi xalqlarının dövlətə malik olmaq hüququnu tanımaqdan və bunu müdafiə etməkdən ibarət olmalıdır. O vaxtlar ki, bir sıra müsəlman və ərəb dövlətləri yəhudilərin həmin ərazidə, hətta dövlətə malik olmaq haqqını tanımırdı (səhv etmirəmsə, bu, Xartum sazişində əks olunmuşdu), onlar tam arxada qalıb, bunu da realist siyasət hesab etmək olmaz, əzəl prinsiplərə və müddəalara qayıtmaq lazımdır – əvvəldən BMT bu ərazidə iki dövlətin, Israil və Fələstin dövlətlərinin yaranmasına qərar vermişdi. Təbii ki, işğal edilmiş ərazilər də azad edilməli və fələstinlilərin sərəncamına verilməlidir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz qısa şəkildə belədir. Indi buna korrektə etməyə də əsas və zərurət yoxdur. Fələstinin Azərbaycandan istəyini bu yaxınlarda həmin ölkənin səfiri çox lakonik bir şəkildə ifadə etdi: Azərbaycan mümkün olanı edib və biz bundan artıq heç nə istəmirik! Bəli, təxminən belə idi. Indi Azərbaycan daha nə edə bilər?
O ki qaldı, Israillə münasibətlərə, dünyanın bir çox dövlətləri onun Yaxın Şərqdəki siyasətini təqdir etmir, amma onunla normal əlaqələr də saxlayır. Mən bunu elə M.Abbasa sessiyada çıxış etmək üçün söz veriləndə gördüm: bütün zal onu alqışlayırdı! Hətta o sözünü bitirib qurtarandan sonra belə, sürəkli alqışlar eşidildi! Bu nəyi göstərir? Düzdür, mən bu sətirləri yazanda Fələstinin BMT-yə üzvlük məsələsinə hələ baxılmamışdı, amma orada dövlətlərin böyük dəstəyi göründü və məndə bu təsəvvür yarandı ki, bütün hallarda Fələstinin üzvlük məsələsi uzaq gələcək məsələsi deyil. Mən burada bir məsələni qeyd etmək istəyirəm. Biz Israillə əlaqələrin saxlanmasının ona görə tərəfdarı deyilik ki, bu dövlətin fövqəl bir gücə sahib olması haqda miflərə və nağıllara inanırıq. Yox, biz bu nağıllara inanmırıq, BMT-nin sessiyası da bunu göstərdi və bunu bir qədər əvvəldə qeyd etdim. Israillə əlaqələrin ona görə tərəfdarıyıq ki, millətlərin istiqlal və hürr içində yaşamaq hüququnu, o cümlədən də uzun illər yanaşı yaşadığımız yəhudilərin bu hüququnu tanıyırıq. Müsəlman ölkələrinə gəldikdə isə, onlar bizim diplomatik resurslarımızdır, bəli, BMT-dən sonraca ən böyük qurum olan Islam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası bizim diplomatik resursumuz olaraq qalır, biz həmişə onların dəstəyinə ümid edə bilərik. Digər məsələyə gəldikdə isə, islam dünyası da böyük dəyişiklik ərəfəsindədir, artıq avtoritar mənzərə də dəyişir, islam ölkələri demokratikləşir. Israil də əski və avtoritar ərəb rejimləri üçün nisgil keçirməməli və ərəb dünyasında demokratikləşmə prosesini dəstəkləməlidir.
Kiçik sözardı
Burada başqa bir fikir yazmaq istəsəm də, əvvəlki fikirləri tamamlamaq daha vacib göründü. Isail başa düşməlidir ki, rejimlər müvəqqətidir, amma millət əbədidir. O proses ki, mütləq baş verməlidir, ona qarşı getmək mənasız və həm də siyasi baxımdan məqbul deyil.