Siz dünya tarixindən mənə elə bir “ziyalı” tapıb göstərin ki, o, seçki saxtakarlığına bəraət qazandırsın. Tapa bilərsinizmi? Varmı beləsi? Amma çox xoşbəxtik ki, dünya tarixinin sahib olmadığı belə bir ziyalı tipi Azərbaycan tarixində təcəlla etmişdir. Yaptokratların dahi rəhbərinin sözlərini azacıq dəyişsək, belə də demək olar ki, tarixçisi Musa Qasımlı olan ölkənin tarixi hər şeyə qadirdir.
Bilirəm, bu saat ürəyiniz tup-tup döyünür ki, söhbət hansı ziyalımızdan gedir. Elə isə sizi daha çox intizarda saxlamamaq üçün açıqlayım: bu, şair-sosioloq Əhməd Qəşəmoğludur. Onun necə şair olduğuna dair müzakirə açmaq mənasızdır. Əgər biz Əhməd müəllimə şair deyəcəyiksə, onda gərək Nazim Hikmətə nə deyəcəyimizi müəyyənləşdirək əvvəlcə. Bu yoldaşın sosioloqluğu ilə isə ümumiyyətlə, işim yoxdur. Çünki maraqlanmamışam, heç nə bilmirəm.Bəli, Əhməd Qəşəmoğlunun “Media forum”a dünənki müsahibəsində onunla müsahibəni götürən iki xanım jurnalist arasında belə bir tarixi dialoq keçir:
“- Xalqın demokratiyaya hazır olduğunu kim və necə müəyyənləşdirəcək? Belə bir cihaz varmı sizdə?
– Situasiya öz-özünə yetişəcək. Yetər ki, xalq hazır olsun. Xalq ölkənin taleyi, milli maraqları üçün yanan insanları seçməlidir. Amma bu gün xalq bu seçimi düzgün etməyə hazır deyil.
– Siz prezident olsaydız, bu arqumentə əsaslanıb seçkiləri saxtalaşdırardızmı?
– Müəyyən mənada bəli”.
Yuxarıdakı ilk suala şair-sosioloq yoldaşın cavabı onun Siyavuş Novruzovla təxminən eyni qafanı daşıdığının göstəricisidir. Əgər sifət cizgiləri bir-birindən fərqlənməsə, adama elə gələr ki, ikisi
bir başdan istifadə edirlər, həm də növbəli şəkildə. Məsələn, Siyavuş Novruzov zəng edir Əhməd Qəşəmoğluna, deyir, “təcili başı çatdır mənə, bir azdan APA-ya açıqlama verməliyəm”.
Ya da Əhməd müəllim Novruzova mesaj yazır: “Siyavuş, hardasan? Baş mənə əlimyandıda lazımdır, sürücüdən göndər, ”Media forum”a müsahibəyə gedirəm?.Belə düşünməyə haqqım var, çünki xalqın guya demokratiyaya hazır olmaması barədə tezis Ramiz Mehdiyevin mətbəxində bişib, sonra da yaptokratiyanın siyasi ofisiantları tərəfindən süfrəyə qoyulub. Indi Əhməd Qəşəmoğlu da əlinə qaşıq alıb bir tərəfdən düşüb süfrənin canına. Bir söz demirəm, başa düşürük ki, qarşı tərəfdə pul çoxdur, o qədər çoxdur ki, adamların gözünü qamaşdırır və nəfsinə azacıq sahib ola bilməyən adam bu parıltı qarşısında təslimçiliyə məhkumdur.
Məni ən çox düşündürən şair-sosioloqun seçki saxtakarlığına bəraət qazandırmasıdır. Bu məntiqsiz məntiqlə ümumiyyətlə, bütün cinayətlərə bəraət qazandırmaq mümkündür: seçkiləri saxtalaşdırmaq olar – çünki xalq demokratiyaya hazır deyil, məhkəmələrdə sifarişli, qanunsuz hökmlər çıxarmaq olar – çünki xalq demokratiyaya hazır deyil, tənqidçi medianı susdurmaq, azad sözü boğmaq, müxalif qələmləri şərləyib həbs etdirmək, döymək, öldürmək olar – çünki xalq demokratiyaya hazır deyil. Nə qədər gülüncdür, deyilmi? Gülünc olması bir yana, nə qədər iyrəncdir, deyilmi?
Artıq Ilham Əliyevin saxtakarlıqla hakimiyyət təpəsində oturmasına necə bəraət qazandıracaqlarını bilmirlər, ağıllarına və ağızlarına gələni üyüdüb tökürlər. Rejimin 18 ildir ayaqda qalmasının ən həlledici səbəblərindən biri olan seçki saxtakarlığını “aydan arı, sudan duru” bir şey kimi qələmə verməyə çalışırlar. Bunun sadəcə bir adı var: IFLAS! Bu, sistemin bütün mənalarda deqradasiyasının, çöküşünün bariz təsdiqidir.
Bunlar əvvəllər ölkədə seçki saxtakarlığının olmadığına inandırırdılar hər kəsi, artıq bu yalanın yerimədiyini görüb son çarəyə əl atırlar: seçki saxtakarlığını yaxşı bir şey kimi ictimai rəyə sırımaq istəyirlər. Bu, artıq sondur, finişdir, rejim üçün bütün xilas yollarının qapandığının və iflasın başladığının isbatıdır.
***
Az qala unutmuşdum, müsahibənin girişində Əhməd Qəşəmoğlu həm də “”Ahəngyol” elminin banisi” kimi təqdim edilir. Mən bu “elm”in nəmənə bir şey olduğunu bilmirəm. Bilmək də istəmirəm.
Amma çəkdiyi yolların korrupsiya ilə həmahəng olduğu bir rejimi qoruyan adamın özünün də “Ahəngyol”unun açılışından dərhal sonra çat verdiyi göz önündədir.