Sumqayıtın icra başçısı şəhərdəki klanların obyektlərinin söküntüsünə başlayır
Sumqayıtın icra başçısı Eldar Əzizov söküntü işlərini davam etdirir. Artıq Sumqayıt oliqarxlarının obyektləri də təhlükə altındadır. Eldar Əzizov hesab edir ki, kasıb və orta təbəqənin obyektləri sökülübsə və onlar yeni “qaydalar”la işləməyə məcbur edilibsə, oliqarxlar da bu prosesdən kənarda qalmamalıdır. Bildirilir ki, Sumqayıtdakı oliqarxların obyektlərinin siyahısı hazırlanır və yaxın vaxtlarda icra başçısı onlara qarşı hücuma başlayacaq.
Bir neçə gün əvvəl məlumat yayılmışdı ki, “univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərov və onun qardaşı, təhsil nazirinin sabiq müavini Isgəndər Isgəndərovun obyektlərinin sökülməsinə başlanıb. Bu məlumat təsdiqini tapmasa da, əsassız da deyildi. Isgəndərovlar ailəsinə məxsus obyektlərin sökülməsi gündəmdədir. Sadəcə, Eldar Əzizov siyahıyaalmanın başa çatmasını gözləyir.
Məlumatlarda deyilir ki, icra başçısı ilk olaraq Isgəndərovlara məxsus, Sülh keçəsində yerləşən “Ekzotika” adlı kafe-çayxananı sökdürmək istəyir. Yeri gəlmişkən, bu obyektin ikinci mərtəbəsində bar fəaliyyət göstərirdi. Eldar Əzizov icra başçısı təyin edildikdən sonra barın fəaliyyəti dayandırılıb. “Ekzotika” Isgəndər Isgəndərovun oğlu Rüfət Isgəndərova məxsusdur.
Eldar Əzizov Sumqayıt univermağının əvvəlki görünüşünü də özünə qaytarmaq istəyir. Əgər icra başçısı bu istəyini həyata keçirsə, Isgəndərovların maraqlarına böyük zərbə dəyəcək. Çünki bu halda univermağın ətrafında tikilmiş “Cavid” Ticarət Mərkəzi söküləcək. Həmin mərkəz isə Zaman Isgəndərovun ən iri obyektlərindən biridir. Bu məsələdə, həmçinin bazarkom Ağamirzə Əhədov da ziyan çəkəcək. Univermağın aşağı hissəsini də o zəbt edib. Bəzi məlumatlara görə, Eldar Əzizov həmin ərazini təmizləyəndən sonra orada bayraq meydanı tikəcək.
Icra başçısı, həmçinin başqa bir oliqarx, “çörək Tofiq” kimi Tofiq Hüseynovun da obyektlərinə “əl gəzdirmək” istəyir. Bu şəxsin Çörək Zavodundan başqa üzdə olan obyektləri “Mətanət” şadlıq sarayı, “Term” oteli və “Term” Ticarət Mərkəzidir. “Kimyaçılar” sarayının arxa hissəsindəki ərazidə inşa edilən “göydələnlər” də Tofiq Hüseynova məxsusdur.
“Xural” qəzeti isə məlumat yayıb ki, Eldar Əzizov YAP-çı deputat Imamverdi Ismayılovun da Sumqayıtdakı obyektlərinin söküntüsünə start verib. Qəzetin yaydığı məlumata görə, deputatın obyektini sökməyə gələnlər oradan əşyaların çıxarılmasına belə, imkan verməyiblər. Bundan möhkəm qəzəblənən Imamverdi Ismayılov yaxın ətrafını Sumqayıtdakı “Favorit” restoranına yığaraq təcili toplantı keçirib. Həmin toplantıda deputat icra başçısının bu hərəkətlərini tənqid edib.
Informasiya şöbəsi