İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlayıb.
1989-cu ildə İran İslam Respublikasının Konstitusiyasında dəyişiklik edilərək baş nazir postu ləğv olunub. 1979-cu ildə qurulan İran İslam Respublikasının sonuncu (beşinci) baş naziri hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi olub. O, 1981-ci ildən 1989-cu ilə qədər baş nazir vəzifəsində çalışıb.
“Media forum” saytının məlumatına görə, deputat Həmidrza Katuziyan 2011-ci il sentyabrın 21-də jurnalistlərə açıqlamasında deyib: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər.
Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”.