Sumqayıtda öldürülən valyutadəyişmə məntəqəsinin işçisinin yaxınları «Azadlıq»a nələri danışdı?
Sumqayıt şəhərində qətl törədilib. 45 yaşlı Ilyas Vahabov yaşadığı binanın qarşısında bıçaqlanıb. Hadisə sentyabrın 19-da axşam saat 21 radələrində olub. Belə ki, Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində işləyən I.Vahabov yaşadığı Sumqayıt şəhəri 36-cı məhəllə, 18-ci binanın qarşısında qətlə yetirilib.
Ötən gün hadisə yerinə gedib mərhumun yaxınları ilə söhbət etdik. Məlum oldu ki, Ilyas Vahabov kürəyindən aldığı iki bıçaq zərbəsindən sonra dördüncü mərtəbəyə qədər qalxıb. Habil Vahabov bizimlə söhbətində qeyd etdi ki, qardaşının heç kimlə münaqişəsi olmayıb: “Onun kiminləsə problemi yox idi. Ancaq hadisənin nə səbəbdən baş verməsi barədə dərin bilgimiz yoxdur”.
H.Vahabov mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini dedi: “Yazılıb ki, guya qardaşım valyutadəyişmə məntəqəsinin sahibi olub. Bu, yalandır. O, sadəcə işçi idi. Onu öldürəndən sonra külli miqdarda pulun oğurlanması da şayiədir. Əl çantasında möhür, təsbeh olub. Yaralı-yaralı özünü evə çatdıra bilib. Çantasındakı hər şey yerində olub”.
Müsahibimiz evin ünvanının da səhv yazıldığını söyləyir: “Qardaşımın yaşadığı ev 18-ci deyil, 36-cı məhəllədədir. Bəlkə də bu cür informasiyalar bilərəkdən yayılır. Məqsədin nə olduğunu bilmirəm”.
Habil Vahabovun sözlərinə görə, qardaşı evdə yox, xəstəxanada əməliyyat otağında dünyasını dəyişib: “Özünü birtəhər dördüncü mərtəbəyə çatdırıb. Çoxlu qan itirib. Iki bıçaq zərbəsi onun həyatına son qoyub. Sadəcə evdəkilərə ”məni bıçaqladılar” deyə bilib”.
Mərhumun yaşadığı mənzildə də oluruq. Qapının ağzındakı güzgüdə qan ləkələri açıq-aydın sezilir. Üstəlik, binanın pilləkənlərində də qan ləkələrinə rast gəlmək mümkündür.
Mərhumun yaxınları Ilyas Vahabovu belə xarakterizə edir: “Ilyas çox mehriban insan idi. Heç kimlə işi olmazdı. Başını aşağı salıb sakit yaşayırdı. Bir aydan sonra Həcc ziyarətinə gedəcəkdi. Ancaq qismət olmadı”.
Mətbuatda yayılan məlumatlara görə, Ilyas Vahabovu pula görə qətlə yetiriblər. Ilkin informasiya belə idi ki, onu qətlə yetirənlər çantasından külli miqdarda pulu oğurlayıblar. Çünki indiyə qədər Sumqayıtda buna bənzər hadisələr çox olub. Ilkin ehtimala görə, bu cür qətlləri şəhərdə fəaliyyət göstərən kriminal qruplar həyata keçirir. Belə ki, bir müddət əvvəl deputat Iqbal Ağazadənin də yaxınları bu cür olayla üzləşmişdilər. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Ilyas Vahabovun yaxınları bu cür informasiyaların həqiqəti əks etdirmədiyini söyləyirlər.
Ilyas Vahabov Şamaxı rayonunun Ikinci Çaylı kəndində torpağa tapşırılıb.
Ramin DEKO