Naxçıvana gedib-gələn jurnalist dostların və hüquq müdafiəçilərinin təəssüratlarını qəzet səhifələrindən oxudum. Vəziyyətin bizim düşündüyümüzdən də ağır olduğuna şübhə qalmadı. Bəli, Naxçıvanın “muxtar respublika” statusu artıq çox formaldır, Naxçıvan faktiki özəlləşdirilib, özününküləşdirilib. Oranın Əliyevlər üçün “təcrübə stansiyası” rolu oynaması, xalqla ən vəhşi, ən qeyri-insani rəftar normalarının ilk olaraq orada təcrübədən keçirilib sonra ölkə boyu uğurla həyata keçirilməsi barədə ortaq rəy öz yerində. Amma Naxçıvan bu gün de-fakto Vasif Talıbovun şəxsi mülkünə, “özəl respublikası”na çevrilib. Naxçıvan, hətta o həddə “özəlləşib” ki, artıq Bakıdan ora getmək qəhrəmanlıq nümunəsi, fədakarlıq faktı kimi qəbul edilir.Həəə? Indi mən ciyərli bir yaptokrat istəyirəm, ürəkli bir rejim mirzəsi istəyirəm çıxsın ortaya və 18 il əvvəl guya “Heydər Əliyevin Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyi” barədə zəvzəklik eləməyə başlasın. Bu gün Vasif Talıbovun ölkənin bir parçasını öz adına keçirib orada öz istədiyi qaydaları diqtə etməsinin vaxtilə Əlikram Hümbətovun Azərbaycanın içində hansısa “Talış Muğan Respublikası” yaratmaq istəməsindən nə ilə fərqləndiyini izah etsin. Desin görək, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyi üçünmü bu gün Naxçıvan ölkədən qopmuş vəziyyətdədir, Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyi üçünmü Azərbaycanın bölgələrini məmurlar öz aralarında bölüb parçalayıblar. Çıxsın da, elə bir yaptokrat, elə bir rejim mirzəsi istəyirəm ki, çıxsın ortaya və cavab versin: siz “Azərbaycanın parçalanma təhlükəsindən xilas olduğu” barədə hələ də hansı üzlə danışırsınız, danışa bilirsiniz ki, ölkə faktiki xanlıqlara parçalanıb. Naxçıvan xanı ilə hər şey aydındır. Ölkənin digər rayonları üçün də üç yuxarı, beş aşağı eyni şeyi demək olar. Bu gün Zərdab deyəndə, Ucar deyəndə ilk təəssürat nədir? Ziya Məmmədovun rayonları.
Qəbələ deyəndə kim yada düşür? Kəmaləddin Heydərov.
Illərdir Ismayıllı sakinləri bas-bas bağırırlar bu rayonun meşələrinin başqa bir yekə oliqarx – Füzuli Ələkbərovun “şəxsi mülkiyyətinə” çevrilməsindən, meşələri qırıb-çatıb yerində restoranlar tikdirib istirahət mərkəzləri inşa etməsindən, özünə, yaxınlarına dəbdəbəli villalar ucaltmasından. Üstəlik, qardaşını da ora icra başçısı qoydurub, yəni bura mənimdi, yan gözlə baxanın basıb gözünü çıxararam.
Hansı birini deyək? Cəlilabadı Kərəm Həsənovun qamarlamasınımı deyək, Göy-Gölü Bəylər Əyyubovun çəpərləməsinimi?
Vəziyyət bu ikən, reallıq bu ikən hələ də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlib ölkəni parçalanmaq təhlükəsindən xilas etdiyinə dair üyüdüb-tökmək adamdan dəhşətli dərəcədə sırtıq, həyasız olmağı tələb edir. Azərbaycan faktiki olaraq xanlıqlar dövrünə qayıdıb, ya da elə xanların özləri dirilib günümüzdə yenidən peyda olublar, siz nədən danışırsınız? Parçalanmanın gözü-qaşımı olur? Parçalanmanın buynuzumu olur? Parçalanmanın başında palıd ağacımı bitir?
Bir halda ki, artıq bu ölkədə insanlar ölkənin bir yerindən digər yerinə qorxa-qorxa, çəkinə-çəkinə gedir, sanki qürbətə gedirmiş kimi gedir, özünü yad bir məmləkətdəki kimi hiss edir, bu parçalanma deyil, bəs nədir?
Amma indi siz ölkənin bu qədər çirkin bir yerə gəlməsinə vəsilə olmuş sistemin qurucusu haqqında “Azərbaycanı parçalanma təhlükəsindən xilas etdiyi” barədə miflər qondarırsınız, nağıllar uydurursunuz, dastanlar düzüb qoşursunuz. Ayıbdı, ayıb! Mikayıl Müşfiq demiş, “adamın üzündə həya gərəkdi”.
Ilham Əliyevi Qarabağdan çox istəyənlər
ABŞ-ın Nümayəndələr Palatasında ermənipərəst konqresmenlər Qarabağla bağlı tədbir keçiriblər, indi yaptokratlar bu tədbiri şərh etməklə məşğuldurlar. Məsələn, Bahar Muradovanın bir açıqlaması vardı dünən, deyir ki, bu tədbir ABŞ-ın rəsmi mövqeyini ifadə etmir. Vəssalam.
Oysa “Vaşinqton Post”da hakimiyyət əleyhinə bir cümlə çıxan kimi ABŞ-a dişlərinin dibindən çıxanı deyirlər. Söyüşün biri bir qəpik olur. Elə qara-qışqırıq salırlar ki, sanki bu sıradan bir qəzet məqaləsi deyil, sanki Obamanın bəyanatı-zaddır. Ya da məqalənin altında Hillari Klintonun imzası var.
Amma gəl gör ki, hansısa ABŞ qəzetində Ilham Əliyevin əleyhinə yazılan bir cümləyə görə ABŞ-a savaş açanlar Qarabağla bağlı böyük bir tədbir haqqında necə dilucu, xalaxətrin qalmasın danışırlar, necə sakit, necə adi qarşılayırlar bunu.Anlayanlar nə demək istədiyimi anladılar. Anlamayanlar da bir zəhmət, anlayanlardan soruşsunlar. Məndən bu qədər.