Julian Assanc bu yolla saytın maliyyə vəziyyətini düzəltməyə çalışır
Qalmaqallı “WikiLeaks” saytının yaradıcısı Julian Assanc öz şəxsi əşyalarını internet-hərraca çıxarıb. “Anspress”in məlumatına görə, Assanc bu yolla internet-resursun maliyyə vəziyyətini yaxşılaşdırmağa çalışır. ABŞ-ın məxfi diplomatik sənədlərinin dərc edilməsindən sonra hesablarının bağlanması ilə sayt özünün əsas gəlir mənbəyindən – fərdi bəxşişlərdən məhrum olub.
“E-bay” internet-hərracında 10 əşya satışa çıxarılıb. Onların arasında Julian Assancın London həbsxanasından özü ilə götürdüyü kofe paketi var ki, bunun da başlanğıc qiyməti 315 dollardır. “WikiLeaks” komandasının məxfi sənədləri dərc etməyə hazırladığı kompüterin başlanğıc qiyməti isə nə az, nə çox – 500 min dollardır. Potensial alıcılara üzərində Julian Assancın avtoqrafı olan 6000 dollarlıq şəxsi şəkli də təklif edilir.
Xatırladaq ki, “WikiLeaks” saytı ABŞ-ın Iraq və Əfqanıstan müharibələrinə dair məxfi sənədləri, daha sonra isə Dövlət Departamentinin əməkdaşlarının yazışmalarını ictimaiyyətə açıqlamaqla məşhurlaşmışdı. Zorlamada ittiham olunan Julian Assanc isə Isveçə ekstradisiyası ilə bağlı məhkəmə işilə əlaqədar hələlik Londonda yaşayır.