Samir Əliyev: «Ikinci böhran üçün müəyyən zəminlər var»
Qlobal maliyyə böhran başôa çatsa da, ara-sıra dünya iqtisadiyyatında yeni təhlükələrin baş qaldıracağına dair proqnozlar səslənir. Bu günlərdə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard dünya iqtisadiyyatının yeni təhlükəli mərhələyə qədəm qoyduğunu deyib. O hesab edir ki, dünya banklarının siyasəti indi daha çox stimullaşdırıcı olmalıdır. Çünki hazırda yeni böhran təhlükəsi inflyasiyanın sürətlənməsi təhlükəsindən daha böyükdür. Bu proqnoz nə dərəcədə əsaslıdır və yeni böhran dalğasını gözləmək olarmı?
Iqtisadçı-ekspert Samir Əliyev 2009-cı ildə baş verən böhranın təsirlərinin hələ də aradan qalxmadığını deyir. Söhbət Amerika və Avropa ölkələrinin borc problemindən gedir. Borc problemi nəticəsində həmin ölkələrdə iqtisadi problem yaşanır, iqtisadi aktivlik aşağı düşür, işsizlik artıb. S.Əliyevin sözlərinə görə, ekspertlər məhz buna əsaslanıb yeni böhranla bağlı proqnoz verir.
Ekspert ikinci böhran üçün müəyyən zəminlərin olduğunu da qeyd etdi: “Dünya iqtisadiyyatının əsas mühərriki olan ABŞ-da vəziyyət bir o qədər də yaxşı deyil. Borc probleminə görə Amerikanın növbəti dəfə pul çapına start verəcəyi gözlənilir. Dolların çapı dünyada qiymtlərin qalxmasına gətirib çıxarır. Bu, digər ölkələrin iqtisadiyyatına da təsir göstərir. Bir tərəfdən dünyada avro, dolların məzənnəsinin kəskin dəyişməsi, bunun digər valyutalara təsir göstərməsi, digər tərəfdən qızılın qiymətinin bahalaşması inkişaf etməkdə olan ölkələrdə problemlər yaradır. Bunları nəzərə alaraq ikinci böhranın baş verəcəyini proqnozlaşdırırlar”.
Ekspert eyni zamanda birinci böhrandan sonra dünya iqtisadiyyatının müəyyən təcrübə əldə etdiyini və bunun növbəti böhran ehtimalını bir qədər aşağı saldığını da qeyd etdi.
Fizzə