İnsanları zorla evlərindən çölə atmaq istəyirlər
«Deyəsən, dövlət orqanlarından fərqli olaraq, Ilahi bizi eşitdi, artıq komissiyanın sədri xəstəxanaya düşüb»
“Bizə qarşı mənəvi terror baş verir. Bəlkə də bizim bu evlərin qanuni kompensasiyasını verə biləcəklər, amma bu korlanan əsəblərimizin əvəzini heç kim ödəməyəcək. Öz evimizdə hər gün biz səksəkə içində, sanki düşmən mühasirəsindəymişik kimi yaşayırıq”, – deyə paytaxtın Bayıl qəsəbəsində – Dövlət Bayraq Meydanının qonşuluğunda yaşayan Rədilə Məmmədova “Azadlıq”a bildirib.
“1500 manat al, şükr elə”
Rədilə Məmmədova və onunla birlikdə 4 mərtəbəli binada yaşayan qonşularının problemi məcburi köçürmə ilə bağlıdır. Ilin əvvəlində bu binadakı mənzillərə bildiriş gəlib. Tələb olunub ki, ərazidə yol çəkilişi nəzərdə tutulduğundan vətəndaşlar mənzillərinin hər kvadrat metri üçün 1500 manat alıb, oranı tərk eləməlidirlər.
Xof yayanlar
Artıq sakinlərin bəziləri köçürülüb. Ancaq onların da öz mənzillərini könül xoşluğu ilə tərk etdiyini demək, yanlış olar. Bizə verilən məlumata görə, təklif olunan məbləğə mənzillərini tərk edənlərin çoxu paytaxtın Füzuli (keçmiş Basin) küçəsində “gözü çıxmış qardaşlarının” aqibətilə üzləşməkdən ehtiyat edənlərdir. Köçürmə komissiyası camaat arasına xüsusi öyrədilmiş adamları salaraq, “etiraz etsəniz, polislər paqonlarını cırıb üstünüzə atacaq” kimi şantajları yayırlar. Planın birinci hissəsində xeyli uğur əldə ediblər.
Qəsdən bezdirmə
Köçən evlərin yerində isə xarabalıq qalıb – uçurulmuş divarlar, qoparılan döşəmələr, zir-zibil, bir sözlə, anti-sanitariya mənbəyi. Ancaq bu vəziyyət dövlət qurumlarını qəti narahat etmir, əksinə, onlar bu durumdan məmnun görünürlər. Sakinlərin bəziləri uşaqlarını uçuq yerlərdən yıxılıb zədələnməmələri üçün başqa yerə qohumlarının yanına köçürüblər. Onlar deyirlər ki, uşaqları fiziki xəsarət riskilə yanaşı, mənəvi cəhətdən də təhlükə ilə üzbəüz qoyulub. Hər gün fəhlələr əllərində ling-balta, bağıraraq evlərə hücum edir, bəzən sakinlərlə onların arasında dava-dalaş düşür. Bütün bunlara isə dözmək çətindir.
Məmurun baha, vətəndaşın isə ucuz qiymətləndirilən evi
Kompensasiya üçün təklif edilən 1500 manatın az olduğunu Esmira Ilyasova çox sadə arqumentlə sübut edir. O deyir ki, cəmi bir küçə o tərəfdə evlərin kvadratının qiyməti 3000 manatdan aşağı olmur: “Bu halda hansı ədalətli kompensasiyadan söhbət gedə bilər? Axı hər kəsə bəllidir ki, bizim evimiz üçün təklif edilən məbləğlə öz evimiz kimisini almaq mümkün olmayacaq”.
Esmira Ilyasova öz evinin sahəsilə eyni olan və təmiri onun evindən çox-çox geri qalan “Azinko” şirkətinə məxsus bir mənzilin divara vurulan elanını göstərir. Elanda satış qiyməti Ilyasovagilə təklif olunan kompensasiyadan 2 dəfə çox idi. “Necə olur ki, Kərəm Həsənov öz qardaşının şirkətinin evlərini belə yüksək qiymətləndirə bilir, amma bizimkiləri yox?”, – deyə Esmira xanım sual verir.
Eyvanlar sayılmır
Esmira xanım deyir ki, heç 1500 manatlıq kompensasiya da düzgün hesablanmır. Məsələn, onların evlərinin sahəsi 2 kvadrat metr az yazılıb, ən pisi isə, 12 kvadrat metrlik eyvanlarını heç hesaba salmayıblar. Deyiblər ki, eyvanın mənzilin sahəsinə aidiyyəti yoxdur: “Başa düşmürəm, məgər yeni evi alanda eyvanı bizə pulsuz verəcəklər?”
Qeyb olma
Həlimə Rəhmanovagilin mənzilinin sahəsi yersiz bürokratiya və qeyri-insanilik ucbatından problemə çevrilib. Deməli, bu şəxsin mənzili 5 mərtəbəli binanın 3-cü mərtəbəsindədir. Binadakı bütün 2 otaqlı mənzillərin sahəsi 57 kvadrat metrdir, bircə bu ailənin sənədlərində sırf texniki səhv ucbatından 57 yerinə 46 yazılıb. Komissiya da bu “yoxa çıxan” 11 kvadrat metri heç cür tapıb yerinə qoymaq istəmir.
Onların istəyi…
Esmira xanım deyir ki, onların tələbi çox sadədir. Onlar ölkə başçısının göstərişlərinə və qanunlara əməl olunmasını istəyirlər: “Prezident çıxışında deyib ki, köçürülən əhalinin razılığı alınmalıdır. Konstitusiya, eləcə də torpaqların dövlət ehtiyacı üçün alınması barədə qanun da tələb edir ki, bizə ədalətli, bazar qiymətlərinə uyğun kompensasiya verilməlidir. Üstəlik, qanunda çətinliklərə görə kompensasiya da nəzərdə tutulub. Bu o deməkdir ki, qiymətləndirmədən sonra əlavə 20 faiz də vətəndaşa verilməlidir”.
“Öz mənzilini qoruya bilməyən, Vətənin müdafiəsinə hazır olarmı?”
Ədalətsiz kompensasiya təklifilə üzləşən sakinlər hələ ki, məhkəməyə üz tutmaq istəmirlər. Deyirlər ki, aylarla sürəcək məhkəmə proseslərinin nəticəsini gözləmək üçün qalacaq başqa bir yerləri yoxdur. Onların gücü ancaq müxtəlif dövlət orqanlarına şikayət məktubları yazmağa çatır. Ötən ay prezidentə, onun xanımına, spiker və baş nazirə yazılan bir müraciətin mətnini bizə də verdilər. Oradan bir cümləni “Azadlıq”ın oxucularının da nəzərinə çatdırırıq: “Öz mənzilini qoruya bilməyən insan Vətənin müdafiəsinə hazır olarmı?”
Təsirli qarğış
Rəsmi orqanlardan gələn cavabların hamısı formal xarakter daşıyır. Sakinlərə bildirilir ki, işin detallarını köçürmə komissiyası ilə müzakirə etsinlər. Köçürmə komissiyasının isə sakinlərə deyəcəyi cəmi bir cümlə var: “Biz kimik ki? Yuxarıdan belə deyiblər”.
Komissiyanı kahinlər yuvasına bənzədən sakinlər deyir ki, oradan bol əsəbdən başqa heç nə əldə etmək olmur: “Bizim gücümüz ona çatdı ki, komissiyanın sədri Faiq Əliyevə qarğış edək. Deyəsən, dövlət orqanlarından fərqli olaraq, Ilahi bizi eşitdi, artıq Faiq Əliyev xəstəxanaya düşüb”.
Natiq