Liviya üsyançıları və Pentaqon şefi bəyanat verdilər
Liviya üsyançılarının qüvvələri paytaxt Tripoli istiqamətində həmlələri davam etdirərək daha bir yaşayış məntəqəsini tutub. “Frans press” agentliyi üsyançıların komandanlığına istinadən xəbər verir ki, ölkənin qərbindəki əl-Heyşa şəhəri müxalifət qüvvələrinin nəzarətinə keçmək üzrədir.
Üsyançılar şəhərə bir neçə istiqamətdən yaxınlaşıblar və onu tutmaqla Qəzzafinin doğma şəhəri Siirtlə paytaxt arasında yolu kəsməyə hazırlaşırlar. Əgər üsyançılar bu məqsədə çatsalar, o zaman Qəzzafinin rejiminin neftə çıxışı da kəsiləcək. Çünki ölkənin ən iri neft yataqları Siirt yaxınlığında yerləşir.
Bundan əvvəl üsyançılar Tripolinin şərqindəki əz-Zaviya şəhərini də tutduqlarını açıqlayıblar. Lakin Qəzzafi rejimi şəhərin onlarda olduğunu bildirir. Tripolidən verilən açıqlamaya görə, polkovnikin qüvvələri Misurata şəhərini də tutub. Amma bu məlumat digər mənbələrdən təsdiqlənmir.
Liviya müxalifətinin keçid hökuməti bildirir ki, onların qüvvələri avqustun sonuna qədər Qəzzafinin işini bitirmək əzmindədir. Benqazidən Milli Şuranın rəhbəri Mustafa Abdel Cəlil bildirib ki, artıq qələbə yaxındır və Qəzzafinin hakimiyyətdən devrilməsinə az qalıb.
“Bizim hesablamalarımıza görə onun rejimi yaxın iki həftədə çökəcək” – deyə söyləyən M.A.Cəlilin sözlərinə görə, üsyançıların qüvvələri əz-Zaviyaya tam nəzarət edir və oradan paytaxta hücuma hazırlaşır. Pentaqon rəhbəri Leon Panetta da onların əlində olan məlumatlara əsasən Qəzzafinin hakimiyyətdə sayılı günlərinin qaldığını açıqlayıb.