«Təhsil haqqında» qanunda birinci kurs tələbələrinin təhsil haqqını birdəfəlik ödəməsi haqda maddə yoxdur, amma…
Yenə də tədris ilinin bəlli problemlərinin astanasındayıq. Problemin böyüyü isə orta təhsil müəssisələrində deyil, ali təhsil ocaqlarında yaşanır. Ödənişli ixtisaslara qəbul olunan tələbələrdən təhsil haqqının hamısını birdəfəlik, özü də yaxın bir neçə gün ərzində ödəmək tələb edilir. Əks təqdirdə, yəni, təhsil haqqını ödəyə bilməyən tələbə ali təhsil arzusuna “əlvida” deməlidir. Necə deyərlər, pulun varsa, oxuyacaqsan, yoxdursa, “yaxşı yol”.
Məlumdur ki, təhsil haqlarının məbləği son artımdan sonra 900-4000 manat arasında dəyişir. Təhsil haqqında müvafiq qanunda isə bu məbləğin birdəfəlik və ya hissə-hissə ödənilməsini tələb edən maddə yoxdur. Amma ilk dərs gününədək birillik təhsil haqqının bəri başdan tələb edilməsi, amma sonrakı kurslarda müvafiq vəsaitin ödənilməsi üçün yanvar semestrinə qədər vaxt verilməsi bir qədər başadüşülən deyil.
Təhsil Nazirliyi bildirir ki, “Təhsil haqqında” qanunda ödənişli təhsil haqqında konkret maddə olsa da, orada ödənişin hansı formada həyata keçirilməsi məsələsi öz əksini tapmayıb və ödəniş ali məktəb tərəfindən müəyyən edilir.
Universitetlər isə 1-ci kurs tələbələrindən təhsil haqqını avqustun sonuna qədər ödəməyi tələb edir. Sonrakı illərdə təhsil haqqının tədris ili boyunca ödənilməsinə icazəni isə artıq tələbənin bu vəsaitə gücü çatmasına arxayınlıq kimi təqdim edirlər. Valideyn və tələbə isə görünən mənzərədə ağır yükün əsas sahibləridir. Rektorların hərəkətini necə izah etmək olar?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirir ki, mövcud rejim faktiki əhalinin kasıb və orta təbəqəsini təhsildən kənarda qoymağa xidmət edir: “Bu gün 600-dən çox bal toplamış tələbə Tibb Universitetinə və yaxud digər ali təhsil ocağına daxil ola bilmir, çünki orada təhsil haqqı ödənişlidir və ödəməyə pulu yoxdur. Belə olan halda, korrupsiya sisteminin başında oturanlar istədikləri qanunu diqtə edə bilir. Nəticədə əhalinin kasıb təbəqəsinin övladları təhsildən kənarda qalır. Əgər söhbət normal, demokratik cəmiyyətdən gedirsə, həmin cəmiyyətlərdə heç bir vəsaiti olmayan adamlar belə, təhsil almaq hüququndan məhrum deyillər. Onlara kreditlər verilir ki, onu tələbələr təhsil alandan çox sonra ödəyib qurtarır. Bizdə isə tamam əks vəziyyət yaşanır”.
Nurəddin Məmmədli əlavə etdi ki, azərbaycanlı valideyn bütün varidatını sataraq uşağının təhsil alması üçün yüksək borc altına girmək məcburiyyətində qalır. Bu isə ölkənin antidemokratik qaydalarla idarə olunmasının görsənişidir: “Təbii ki, belə hallarla barışmaq olmaz”.
Nigar