Zərdüşt Əlizadə: «İran Azərbaycana çox şey edə bilər»
«Ola bilsin ki, Ermənistana dəstəyini artıracaq və ya buradakı gizli dərnəkləri vasitəsilə hansısa işlər görəcək»
Islamçılar Abgül Süleymanov, Ramin Bayramov və Arif Qəniyevin həbsi ilə bağlı MTN-in yaydığı məlumatda Iran Mədəniyyət Mərkəzinin adının çəkilməsi iki ölkə arasında diplomatik qalmaqalın əsasını qoya bilər. Həmin məlumatda bildirilirdi ki, A.Süleymanov Iran Islam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı “radikal dini qrup” yaradaraq ona rəhbərlik edib. Qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə “www.islam-azeri.az” internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub.
A.Süleymanov və “Cəfəri” adlı dini radikal qrupun üzvləri Bakıdakı Iran Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycanda fəaliyyət göstərən radikal şiəmeylli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, “Cəfəri” adlı “radikal dini qrup” üzvləri Iranın Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Islam Partiyasının tədbirlərində daim iştirak edərək açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər.
Göründüyü kimi, Azərbaycan tərəfi rəsmi bəyanatla Iranı açıq şəkildə ittiham edib. Bundan sonra Iran Mədəniyyət Mərkəzinin gələcək taleyi və iki ölkə arasında münasibətlərin hansı müstəviyə keçəcəyi böyük sual altında qalır?
Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, əgər bir dövlət başqa bir dövlətdən asılı deyilsə, onun mədəniyyət mərkəzi, hətta səfirliyi ilə bağlı qərar qəbul edə bilər: “Məsələn, Rusiya ingilis dili və mədəniyyətini təbliğ edən ”British Counsil”u bağlayıb, ondan əvvəl “Soros” Fondunu bağlatdırmışdı. Iranın Mədəniyyət Mərkəzinə gəlincə, ittihama görə, bu qurumun dəstəyi ilə “Cəfəri” təriqəti təbliğ olunur. Məgər bu, BMT tərəfindən rəsmən tanınmış cinayətkar qurum, terrorçu təşkilatdır? Islam dinində, xristianlıqda müxtəlif məzhəblər var. “Cəfəri” də belə məzhəblərdən biridir. Bunu ittiham kimi səsləndirmək olmaz. Məsələn, ABŞ Mədəniyyət Mərkəzi, Rusiya Mədəniyyət Mərkəzi, Fransa Mədəniyyət Mərkəzi – bunların hər biri bir şey təbliğ edir. Açıq, demokratik cəmiyyətdə istənilən qurum radikal, ekstremist, qeyri-insani olmamaq şərtilə istənilən yolu təbliğ edə bilər. Iran Mədəniyyət Mərkəzi də “Cəfəri” məzhəbini təbliğ edir. Azərbaycan hakimiyyəti hər hansı addımı atmaq istəyirsə, bunun üçün ona heç bir hüquqi, məntiqi əsas lazım deyil. Istədiyini edə bilir. Bağlaya da bilər, aça da. Amma sözlə deyib heç nə etməyə də bilər. O qədər belə şeylər olub ki”.
Məsələnin diplomatik qalmaqal yaradıb-yaratmayacağına gəlincə, Z.Əlizadə deyir ki, Azərbaycanın Irana edə biləcəyi çox az şey var: “Iranın isə Azərbaycana edə biləcəkləri təəssüf ki çoxdur. Fərz edək ki, Azərbaycan Iran Mədəniyyət Mərkəzini bağladı, sonra? Iranın telekanalı, radiosu, gizli kanalları var. Irandan Azərbaycana və ya əksinə minlərlə adam gedib gəlir. Yəni, Azərbaycan bu mərkəzi bağlasa da, Iranın bizə təsir imkanları en qədərdir. Azərbaycanda Islam dini güclənir. Islama rəğbət bəsləyənlərin, onu öyrənmək istəyənlərin sayı artır. Bunların da baxış istiqaməti bizə məzhəb baxımından ən yaxın olan Iranadır. Belə olan halda, Azərbaycan hökuməti nə edəcək? O zaman gərək bolşeviklər kimi dinsizlik təbliğatına başlasın, allahsızlar cəmiyyəti yaratsın, məscidləri bağlatsın, partlatsın, mollaları həbs etsin və s. Indi o dövr deyil, bunları edə bilməyəcək”.
Z.Əlizadənin fikrincə, məlum bəyanatdan sonra Iran tərəfi müəyyən addımlar ata bilər: “Ola bilsin ki, Ermənistana dəstəyini artıracaq, öz təbliğat cihazını daha sürətlə işə salacaq. Istisna etmirəm ki, buradakı gizli dərnəkləri vasitəsilə hansısa işlər görsünlər. Asim Mollazadə liberal dəyərlərə bağlı olduğu kimi, azərbaycanlılar da Iran islamına, şiyə islamına bağlı adamlardır. Onlar da istədikləri şeyi edə bilərlər”.
Gültəkin