“Fövqəlnazir” Qəbələnin Vasif Talıbovu olmağa iddialıdır
Rayonu «inkişaf» etdirmək üçün mal-qara saxlamağa qadağa qoyulub
Qəbələ rayonu getdikcə əcnəbilərin doğma yurduna çevrilir
Qəbələ və ya Qəbələddin. Birinci rayon adıdır, ikinci isə adıçəkilən ünvanın sahibi Kəmalləddin Heydərovun adına şifrələnmiş koddur. Burada hamı yalnız ondan danışır. Hamı onu özünə prezident sayır. Baxmayaraq ki, o, Bayraq öpməyib, Qurana əl basmayıb, “hər bir Qəbələlinin prezidenti” olacağına and içməyib. Ancaq yenə də rayon əhli onu özünə prezident kimi görür. Onun sadə qəbələliyə heç bir maddi və mənəvi köməyi dəyməsə də…
Əcnəbilər kef çəkir…
Qəbələyə Göyçaydan getdik. Ənənəvi olaraq Bakı-Ismayıllı marşrutu üzrə hərəkət etmədik. Ağdaşı ötüb Qəbələyə sarı üz tutduq. Ilk kənd Savalan kəndidir. Kəndə elə təzəcə ayaq qoymuşduq ki, toz-dumanın içində batdıq. Sonradan öyrəndik ki, bu, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daş, çınqıl, qum hazırlayan karyerindən qalxan toz-dumandır. Bir az yol ötüb ikinci toz-dumana uğradıq. Bunun nədənini soruşanda məlum oldu ki, qarşımıza çıxan karyer üçün “materialların” götürdüyü yerdir. Sən demə, nazirin karyeri üçün qum, çınqıl Türyançaydan götürülür. KaMAZ markalı maşınlara vurulan bu çınqıl və qumlar beton yollarla aidiyyəti ünvana çatana qədər demək olar ki, yarısını itirir. Günün yarıdan çoxunu bu karyerdə keçirən insanlar 300-400 manat maaş alırlar. Sürücülərin fəhlələrə nisbətdə əmək haqqı yüksək olsa da, çəkdikləri əziyyətə də dözmək hər kişinin işi deyil. Günün 12-14 saatını sükan arxasında keçirən sürücülər bunun qarşılığında 800 manata yaxın maaş alırlar. Ancaq yüngül işlərə daha çox əcnəbilər cəlb edilirlər. Bunu bizə karyerdə işləyən fəhlələrdən biri söylədi. Onun sözlərinə görə, əcnəbilər kondisionerli otaqlarda, kompüter arxasında işləyirlər: “Bizlər isə qızmar günəş altında qum, çınqıl daşımaqla pul qazanırıq. Əmək haqqımız da çox aşağıdır. Şəhərin mərkəzinə getsəniz, ən bahalı restoranlarda əcnəbiləri görərsiz. Kasıb camaat ya bizim kimi fəhləlik edir, ya da mal-qara saxlamaqla bir-iki manat çörək pulu qazanır”. Fəhlələri qızmar günəş altında qoyub oranı tərk edirik…
Qəbələlilərə qan udduran hava limanı
Yavaş-yavaş rayon mərkəzinə doğru irəliləyirik. Öncə yolüstü Əmirli kəndinə baş çəkirik. Kənddə yol kənarında olan dükan sahibləri ilə görüşürük. Onlarla söhbət zamanı məlum oldu ki, yolun kənarındakı dükanları sökmək istəyirlər. Sahibkarlara bununla bağlı xəbərdarlıq olunub: “Biz mağazaları həyətimizdə tikmişik. Indi gəlib deyirlər ki, Hacıallı kəndində aeroport tikilir, ona görə də dükanları sökməlisiniz. Biz etiraz etdik, ancaq onlar bizə heç kompensasiya da vermək istəmirlər. Rayonun deputatına məktub yazırıq, üstümüzə qayıdır. Icra başçısına dərdimizi demək istəyirik, heç bir faydası olmur”.
Sən demə, Qəbələ rayonunun Hacıallı kəndində hava limanının düşdüyü ərazidə sakinlərin torpaqlarını da almaq istəyiblər. Torpaq sahiblərinə sahəsinə baxmayaraq 2 min dollar təklif ediblər. Buna etiraz edən sakinlər sonda niyyətlərinə çatıblar. “Azal”ın prezidenti Cahangir Əsgərov etiraz edən sakinlərlə görüşüb və hər bir vətəndaşa torpağın sotuna görə 4 min manat ödənilməsi razılaşdırılıb və pul kartlar vasitəsilə verilib.
Bu informasiyada daha çox ilgiləndirən məqam niyə Cahangir Əsgərovun sakinlərin problemləri ilə bu qədər operativ maraqlanması və onlara dövlət ehtiyacı üçün istifadə edilən torpaqlara görə kompensasiya verməsidir? Əslində, qeyri-rəsmi olaraq Qəbələ Hava Limanının tikinti işlərini udan şirkət “Azal”ın şefinə məxsusdur. Həmin şirkətin adı gizli saxlanılmaqla yanaşı, həm də bu hava limanı üçün nə qədər vəsait sərf edildiyi barədə də heç bir yerdə konkret məlumat yoxdur. Buradan da belə aydın olur ki, hava limanının tikintisinə görə əhaliyə verilməli olan yardımların həcmi gizli saxlanılırmış. Indi isə yolun genişləndirilməsi ərəfəsində dükanlar və bu kimi obyektlərin sökülməsi göstərişi verilib.
Maraq üçün qeyd edək ki, rəsmi məlumatlarda hava limanının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulubmuş. Lakin hələ də limana aparan yolların hazırlanması istiqamətində işlərin yarısı belə, başa çatdırılmayıb.
Heydərov Talıbov rolunda…
Sakinlərin bildirdiyinə görə, onlar artıq Qəbələdə mal-qara saxlaya bilməyəcəklər. Çünki Qəbələnin qeyri-rəsmi sahibi bunu istəmir və əhaliyə artıq xəbərdarlıq olunub. Nazirə yaxın adamların Qəbələ sakinlərinə gətirdikləri bəhanələr də çox “ekzotikdir”. Yəni, mal-qara qadağasını “Qəbələdə baş verən inkişaf”la bağlayırlar. Rayona gələn qonaqlar və iri çinli dövlət məmurları şəhərin çöhrəsini dəyişdirmək və onu Avropaya bənzətmək istəyirlər. Rayon camaatı isə bundan yaman hiddətlənib: “Biz şəhərin inkişafına və Avropa səviyyəsinə çıxmasına qarşı deyilik. Bunu hamıdan çox elə bizim özümüz istəyirik. Rayonu inkişaf etdirək, ancaq buranın camaatını dədə-baba yurdundan didərgin salmaq nə üçündür? Əvvəlcə əhalinin sosial rifahını yaxşılaşdırsınlar, sonra camaatın mal-qarasına qadağa qoyulsun. Ölkənin hər yerində olduğu kimi burada da insanların yaşayış səviyyəsi çox aşağıdır”.
Rayon sakinlərinin dediyinə görə, qadağalara məhəl qoymayanların sərt şəkildə cəzalandırılacağı haqda rayon camaatına xəbərdarlıq edilib. Artıq kimsə rayon mərkəzində mal-qara saxlamamalıdır. Saxlayanlar da hər şeyi satmalı, ya da şəhərin mərkəzindən kənara çıxarmalıdır.
Bu informasiyanı sakinlərdən alanda gözümüzün önünə müdhiş layihələriylə səs salan Naxçıvan xanı Vasif Talıbov gəldi. Talıbovun Naxçıvanda etdiklərini Heydərov indi Qəbələdə həyata keçirir. Belə getsə, xanın əməlləri başqa rayonun qeyri-rəsmi sahiblərinə də sirayət edəcək.
Yayda maşın yuyan, qışda maşını bataqlıqdan çıxaran məktəblilər
Qəbələdə hotellərin sayı çoxdur. Əslində, çox olan şeyin qiyməti ucuz olmalıdır. Ancaq burada hər şey tərsinədir. Rayonda qiymətlər o qədər bahadır ki, heç Avropanın beşulduzlu hotelində də belə deyil. Bir adamın, səhər yeməyi daxil, burada gecələməsi üçün 80 manata adi otaqlar təklif edilir.
Hotellərin çoxu ucqar nöqtələrdədir. Bir istirahət mərkəzinə getmək üçün daşlı-qayalı yolları arxada qoymalısan. Yolboyu əksər evlərin qapılarını “kirayə ev var” sözləri bəzəyir. Istirahətə gedən insanların maşınlarını 3-4 manata yumaq istəyən beş-altı yaşlı uşaqlar da yollarda sıraya düzülüblər. O uşaqlarla söhbət zamanı məlum oldu ki, bu cür qazancları yalnız yay fəslində olur. Qışda isə yolu azıb bura gələn əcnəbilərə, ya da başqa rayonların sakinlərinə ayrı cür “kömək” edirlər. Məsələn, qara, palçığa batmış maşın sahiblərinə kömək edib, 7-8 nəfərə 10 manat alırlar. Uşaqlardan biri deyir ki, qışda onların vəziyyəti daha ağır olur: “Bir də görürsən, maşın kənddə palçığa batıb. 7-8 nəfər maşını itələyə-itələyə 2-3 saata asfalta çıxardırıq. Qarşılığında bu qədər adama cəmi 10 manat alırıq. Heç iki manat da qazanmırıq. Bütün günümüz bir maşını itələməklə keçir”. Bu uşaqlar məktəbin nə olduğunu belə, bilmirlər. Yazı-pozunu öyrənmək üçün bir-iki sinif oxuyub kifayətlənirlər. Və sonrakı işləri pul qazanıb ailənin az da olsa ehtiyacını ödəməkdir.
***
Bura Qəbələdir. Kəmaləddin Heydərovun şəxsi oylağı. Quş quşluğu ilə burada icazəsiz qanad sala bilməz. Nə də başqa oliqarx-məmur onun razılığı olmadan hansısa iş görə bilər…
Qəbələ, Qəbələddin, Kəmaləddin…
Ramin DEKO,
Bakı-Qəbələ-Bakı