Ərəb dalğası Israilə də sirayət etdi. Minlərlə insan etiraz aksiyasına çıxdı və hökumətin iqamətgahının yanında möhtəşəm bir tədbir keçirdi. Bəlkə də bu aksiya mənim diqqətimi cəlb etməzdi. Amma əsas şüar maraqlı idi. Hə, indi insanlar sosial bərabərlik tələb edirlər. Diqqət edin, söhbət eqalitarizmdən, yəni hüquq bərabərliyindən deyil, sosial bərabərlikdən gedir. Bu, elə bizim yaxın keçmişimizdə qoyub gəldiyimiz başlıca dəyərlərdən biridir. Indi biz bu dəyər haqqında danışmağa belə, utanırıq. Amma insanlar üç yüz il bundan irəli azadlıq və bərabərlik deyiblər və zaman sonuncunu bir utanca çevirsə də, insanlar vaxtaşırı sözlərini deyirlər.
Bəli, insanlar ən varlı ölkələrdə belə diskomfort hiss edirlər. Onlar özlərini azad və bərabər hiss etmirlər. Ancaq natamamlıq kompleksini yaşayanlar sosial bərabərsizliyi bir qismət və tale kimi qəbul edə bilərlər. Digərləri belə deyil. 21-ci əsrdə Novruzəli olmaq da asan məsələ deyil, insanlar bu qılafı rədd edirlər. Amma harada? Təəssüf ki, bizdən çox – çox uzaqlarda. Buralarda hər şey çox “rəvan” gedir. Bəli, mən əqidəcə sosialist deyiləm, amma sosial hüquq və dəyərləri də insanlara yad atavizm kimi qəbul etmirəm. Belə hesab edirəm ki, bu hüquqlar böyük əmək sayəsində qazanılıb, insanlar onları əldə etmək üçün itkilər verib, mübarizə aparıb. Indi mən öz ölkəmizin varlılarına, yol keçərkən sükan arxasında bəy kimi oturan gənclərə, villalara baxıram. Inanın, bunları təbii qəbul etmək çox çətindir. Haradan qazanıblar onlar bunu? Harada tər töküblər? Hansı yenilik ediblər?
Bəli, bu günün reallıqlarını təbii qəbul etmək çox çətindir, çox. Mən həmişə liberal dəyərlərin tərəfdarı olmuşam. Amma bu gün bizim ölkəmizdə hökm sürən kapitalizm məndə ikrah doğurur. Ölkənin oliqarxlarını gözümün önünə gətirirəm. Onlar ölkənin sərvətini ələ keçirməklə, əsas ticarət, xidmət sahələrini nəzarətə götürməklə, ölkənin qapılarını başqaları üçün qapamaq yolu ilə bu qədər sərvət əldə ediblər, onlar bir parça torpaq alaraq milyonçu olan Tağıyev və ya Nağıyev deyillər. Onlar digər insanların şanslarını yasaq ediblər, onları şansdan məhrum ediblər və bu yolla bugünkü sərvətin sahibi olublar. Ədalətsiz, rəqabətsiz, seçimsiz iqtisadiyyat – bunların yaratdığı və bütün vasitələrlə qorumağa çalışdığı kapitalizm budur. Mən əvvəllər bunları nomenklatura kapitalizmi kimi səciyyələndirmişdim. Bu, mənim tapıntım və kəşfim deyildi, dünyanın güclü iqtisadçıları bəzi ölkələrdəki kapitalizmə bu adı vermişdilər. Amma bu gün Azərbaycandakı kapitalizmi nomenklatura və məmur kapitalizmi adlandırmaq da çətindir, çünki məmur kapitalizmi ən azı digər məmurların hüquq və maraqlarını tanıyır, amma bunlar hətta bunu da etmək, bunu da tanımaq istəmirlər. Belə olan təqdirdə, sosial – demokrat və ya daha yaxşısı, sosial liberalist olmayasan, nə edəsən? Bəzən belə primitiv təsəvvür hökm sürür ki, guya varlılar apriori olaraq liberal dəyərlərin tərəfini tuturlar. Bu, absurd mühakimədir. Bizim oliqarxların qorxduğu və nifrətlə rədd etdiyi bir şey varsa, o, liberal dəyərlərdir. Ölkə liberallaşsa oliqarxların imperiyası bir neçə ayın içində çökər. Azad ticarət, azad işgüzarlıq, bərabər imkanlar – bütün bu dəyərlər bu gün Azərbaycanda tamam yasaq edilib və bunu hamı dərk edir, o cümlədən də oliqarxların özü, çünki sonuncular elə özləri bütün bunları yasaq ediblər.
Partiyalar maliyyələşsə…
Bəli, bu da artıq reallığa çevrilmək üzrədir. Təbii ki, söhbət həqiqi partiyaları maliyyələşdirməkdən getsəydi, bu, çox normal hal olardı, partiyalar mandat müqabilində müvafiq maliyyə alardılar. Amma bu ölkədə bu kampaniya yeni bir ədalətsizlik presedenti yaradacaq. Təssəvvür edin, on illərləcə insanlara müxalifət kimi sırınan, parlamentdə bir – iki deputatla təmsil olunan, həmin bir-iki mandata və deputat maaşına görə də bu hakimiyyətin qulluğundaca duran partiyalar maliyyə siyahısının önündə gedəcəklər. Budur, faciə! Məhz bu amilə görə adam tam tərəddüd edir: partiyalar maliyyələşsin, ya yox? Bu da bir dilemmadır…