Dəmir əmək alətləri və silahlar
Azərbaycanın zəngin dəmir filizi yataqları qədim zamanlardan başlayaraq dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Dəmirçiliklə bağlı istehsal komplekslərinin qalıqları arxeoloji qazıntılarla Şamaxı, Beyləqan, Qəbələ və Şabran şəhər yerlərində üzə çıxarılmışdır.Orta əsrlərdə əmək alətləri və silahlar dəmirdən düzəldilirdi. Dəmir həm də tikintidə, təsərrüfatda və məişətdə geniş tətbiq olunurdu. Tədqiqatlar dəmirçiliyin həm şəhər, həm də kəndlərdə mövcudluğunu təsdiqləyir. Qarabağda bəsit istehsal texnikasına əsaslanan filizəritmə işində, əsasən, körüklü kürələrdən istifadə olunmuşdur. Bunun üçün filiz parçaları kömür ilə birlikdə kürənin odluğuna yığılırdı. Qoşa körük vasitəsilə yaradılmış yüksək hərarət nəticəsində filiz əridikcə kürənin odluğunda qaynar metal ərintisi kütləsinə çevrilirdi. Ərintidə əmələ gələn pas çıxarılıb təmizlənirdi. Lakin sırf dəmir əldə etmək üçün bu kifayət etmirdi. Ona görə də, ərinti yumşalıb saf dəmir halına düşənədək zindan üzərində döyülürdü. Istidöymə prosesində ərintinin tərkibindəki pas qalığı qəlpələnib tamam çıxır, dəmir saflaşırdı.
XIX əsrin II yarısından etibarən Qarabağda kustar metal məmulatı dükanlarının xammal ilə təchizatında Bakı şəhəri görkəmli rol oynamağa başlamişdı. Kapitalist Bakısına metal idxalının güclənməsində burada neft sənayesinin inkişafı ilə əlaqədar mexaniki təmir emalatxanalarının sayının artması və onların bir çoxunun tezliklə böyüyüb iri təmir müəssisələrinə çevrilməsinin mühüm rolu olmuşdur. Bakı sərmayədarlarının köməyi ilə qarabağlı dəmir ustaları kifayət qədər xam və işlənmiş (köhnə) metal ehtiyatı ilə təmin olunurdular. Işlənmiş dəmir ucuz başa gəlməkdən əlavə, xam dəmirə nisbətən daha etibarlı olduğundan, yerli dəmirçilər onun tədarükünə üstünlük verirdilər. Belə ki, xam dəmir bəzən yaxşı əridilmədiyindən qəlp çıxırdı. “Şər” adlanan qəlp dəmir isə istehsal baxımından yararsız sayılırdı. Köhnə dəmir iki yolla, ya korlanıb istifadədən çıxmış məişət və təsərrüfat alətləri hesabına, ya da kənardan satınalma yolu ilə tədarük olunurdu. XIX əsrin ikinci yarısında Qarabağda satınalma dəmiri ən çox Bakı sərmayədarlarından, qismən isə dəmir yolu stansiyalarındakı təmir emalatxanalarından əldə edirdilər.
Keçmişdə Qarabağda polad qıtlığı daha çox hiss olunurdu. Xüsusilə, xas polad çətinliklə əldə olunduğundan qənaətlə işlədilirdi. Soyuq silah (xəncər, qəmə, qəddarə, qılınc) istehsalı dəbdə olan dövrlərdə poladın kasadlığı daha çəx nəzərə çarpırdı.
Silahsazlar arasında uzun müddət Dəməşq və Xorasan poladı üstün tutulurdu. Bununla yanaşı, qarabağlı silah ustaları özləri də xüsusi üsulla xas polad əldə edirdilər. Lakin soyuq silah istehsalının aradan çıxması, habelə xalis əritmə yolu ilə əldə edilən ucuz rus və Avropa polad idxalının artması ilə əlaqədar yerli xas polad hazırlama texnologiyasının sirləri tədricən unudulub aradan çıxmışdır. Qarabağ ərazisindəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Bunun üçün xassə etibarilə bir-birindən fərqlənən dəmir və poladı qızdırıb istidöymə yolu ilə qaynaq edirdilər. Dəmirçixanalar həm emlatxana, həm də dükan idi
Qarabağda digər sənət dükanları kimi, dəmirçixanalar da, əsasən, bazar və ya karvansaralarda yerləşirdi. Dəmirçixana bir qayda olaraq, həm istehsal emalatxanası, həm də satış dükanı vəzifəsini yerinə yetirməklə ikili səciyyə daşıyırdı.
Qarabağda məişət və təsərrüfat alətlərinin xeyli hissəsi, xüsusilə kəsici alətlər (balta, nacaq, dəhrə, məngəl, dəryaz, əraq, cin, qırxlıq, kərki, qiyməkeş, bıçaq, qazan və s.) bir qayda olaraq poladqarışıq dəmirdən hazırlamırdı. Bu məqsədlə, əsasən, qaynaq üsulundan istifadə olunurdu. Kəsici alətləri düzəltmək üçün əvvəlcə poladqarışıq dəmir hazırlanırdı. Xassə etibarilə xas poladdan və dəmirdən fərqlənən polad-qarışıq dəmir çox vaxt “qaynaq dəmiri” adlanırdı.Qarabağlı dəmirçilər qaynaq dəmiri hazırlamaq üçün lazımi ölçüdə kəsilmiş dəmir parçasını kürədə qızdırıb arasını 1,5-2 sm dərinlikdə yarmaqla “ağız” açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırılıb “suyu alınır” və yumşaq dəmir həddinə salınırdı.
Poladın qıt olduğu keçmiş dövrlərdə kəsici alətin tiyəsinin “dodaq şığası” çox vaxt yararsız hala düşmüş polad alətlərdən (yeyə, törpü, dəryaz və s.) düzəldilirdi. Məmulatın növündən və şığanın qalınlığıııdan asılı olaraq, qaynaq əməliyyatı müxtəlif üsullarla aparılırdı. Qarabağda poladqarışıq dəmirin əldə edilməsinin ən bəsit və qədim üsulu xalis qaynaq olmuşdur. Bu halda ərintinin gücləndirilməsinə və calağın möhkəm tutmasına kömək edəcək yardımçı vasitələrdən istifadə olunmurdu. Dəmirçilik sənətində nisbətən az tətbiq olunan bu üsulla, əsasən, xırda məmulatlar hazırlanırdı. Göründüyü kimi, Qarabağlı dəmir ustaları çoxəsrlik əməli təcrübə nəticəsində metalların xassələrini dərindən müşahidə edib öyrənməklə, istehsal texnologiyasının təkmilləşdirilməsinə və beləliklə də, daha mükəmməl əmək alətləri hazırlamağa nail ola bilmişlər.
Qaynaq ənənəvi Qarabağ dəmirçilik sənətində başlıca yer tutsa da, dəmir məmulatının, xüsusilə kəsici alətlərin hazırlanması daha bir sıra texnoloji proseslərlə bağlı idi. Məmulat növündən asılı olaraq istehsal prosesində dibçıxarma, küpaçma, sulğuc-çıxarma, dişəmə, növsalma və s. kimi bir sıra texnoloji üsullardan istifadə olunurdu. Bu əməliyyatların çoxu spesifık səciyyə daşımaqla, müəyyən qrup alətlərin hazırlanmasında tətbiq olunurdu. Məsələn, dibçıxarma dəryaz və qırxılığın, küpaçma nacaq, balta, kərki, təxa və çəkicin, sulğucçıxarma dəhrə və qiyməkeşin, dişəmə isə çininin hazırlanmasında tətbiq edilirdi. Soyuq silahların (xəncər, qılınc) hazırlanmasında növsalma əməliyyatından istifadə olunurdu. Bunlardan fərqli olaraq, tamamlama əməliyyatları (sığalçəkmə və s.) qismən ümumi səciyyə daşıyırdı.
Hər sənətin öz incəlikləri var
Dəmir məmulatlarının hazırlanması prosesində “qara iş” görülüb başa çatdırılandan sonra tamamlama əməliyyatına başlanılırdı. Bu məqsədlə ilkin formaya salınmış iş çəkiclə döyülüb lazımi həddə salınır, əyilmiş və ya xaşallanmış hissələri tapdanıb (döyülüb) düzəldilirdi. Döymə əməliyyatından çıxmış “iş”in üzərində isə, adətən, zərbə izləri qalırdı. Ona görə də, həmin izlər yeyə vasitəsilə sürtülüb hamarlanırdı, Bir qayda olaraq, dəmir məmulatı qaynar halda törpülənir, soyuq halda yeyələnirdi. Həmçinin, kəsici alətlərin hazırlanmasında ən vacib əməliyyatlardan biri onlara düzgün suvermə idi. Məlum olduğu kimi, kəsici alətlərin tiyəsi poladqarışıq dəmirdən hazırlandığından, qızdırılan zaman sərtliyini itirirdi. Poladın sərtlik xassəsi aləti yenidən qızdırıb suyatutma yolu ilə bərpa edilirdi.
Qarabağ dəmirçilik sənətində ən bəsit əməliyyatlardan biri çarxatutma idi. Müəyyən qədər peşə məharəti tələb edən bu əməliyyata düzgün əməl etmədikdə, alətin tiyəsi qızır və ağzının bir üzü çox yonulub əks tərəfə qatlanırdı. Sənət dili ilə buna “qılov” deyilirdi. Qılovlu alət kəsəndə küt və yorucu olur. Keçmişdə qarabağlı dəmir ustaları təzə məmulat düzəltməklə yanaşı, sınıb korlanmış, yaxud kütləşmiş alətləri təmir etməklə də məşğul olurdular. Təmir işinin də özünəməxsus istehsal üsulları formalaşmışdı. Adətən, qalın kütləli məmulatlar (balta, tapun və s.) zodlama üsulu ilə təmir olunurdu. Bu məqsədlə alətin sınığına müvafiq ölçüdə kəsilmiş şığanı məmulatla birgə qızdırıb istidöymə yolu ilə bir-birinə calayırdılar. Qarabağ dəmirçiliyində sınıq məmulatın calaq edilməsi qadaqlama üsulu ilə də görülürdü. Qadaqvurma ən çox təsərrüfat alətlərinin təmirində tətbiq olunurdu. Bunun üçün məmulatın calaq ediləcək hissələrini isti, yaxud soyuq halda sünbə ilə deşib qadaq vasitəsilə bir-birinə bərkidirdilər. Kütləşmiş kəsici alətlər isə (balta, dəhrə, qiyməkeş və s.) ovxarlama üsulu ilə itilənib yenidən işlək hala salınırdı. Bu məqsədlə alətin ağac dəstəyini çıxarıb tiyəsini kürədə qızdırandan sənra məngənə arasında tutub isti-isti yeyələyirdilər. Əgər alətin künəsi çox qalın olarsa, onu bir-iki əl istidöymə yolu ilə döyüb nazildir, sonra ovxarlayırdılar. Ovxarlama əməliyyatı əvvəlcə iri dişli, sonra xırda dişli, nəhayət, axırda narın dişli yeyə ilə görülürdü.
Dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında Cəbrayıl qəzasının Hadrut kəndi, Şuşa qəzasının Ağdam icması xüsusilə fərqlənirdi.Ümumilikdə, Azərbaycanda xırda əmtəə istehsalı səviyyəsinə çatmış şəhər dəmirçixanalarında məmulat növləri üzrə ixtisaslaşma daha erkən başlanmışdı. Belə ki, dəmirçixanaların sayına görə Şuşa Azərbaycan şəhərləri arasında əsas yerlərdən birini tuturdu.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir