Xalq artisti Səyavuş Aslanın vəziyyəti ağır olaraq qalır. Bu barədə ANS PRESS-ə xalq artistinin müalicə aldığı Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov məlumat verib. Onun sözlərinə görə, tanınmış aktyorun səhhətində hələ ki irəliləyiş yoxdur. Onun nitqində də problemlər var. “Xəstənin vəziyyəti ağır-stabildir. Yəni, xəstənin səhhətində yaxşılığa doğru ciddi irəliləyiş müşahidə olunmur, amma vəziyyət pisliyə doğru da getmir”.
Baş həkimin sözlərinə görə, hazırda Xalq artistinin müalicəsi reanimasiya şəraitində davam edir.
Xalq artistinin oğlu Eldar Aslanın ANS PRESS-ə verdiyi məlumata görə, hazırda Səyavuş Aslanın vəziyyəti nisbətən yaxşıdır. Sənətkarın huşu özündədir. Lakin reanimasiyada müalicə alan Xalq artisti ilə görüşə icazə verilmir. “Qohumlarımız da gəlir. Lakin Səyavuş müəllimin yanına girməyə icazə vermirlər. Mən böyük oğluyam. Mənim özümü içəriyə buraxanda, çox dayanmağa qoymurlar”.
Eldar Aslan da, xalq artistinin nitqində müəyyən problemlərin olduğunu vurğuladı. Xalq artistinin müalicəsinin xaricdə aparılmasına gəlincə, sənətkarın oğlu hələlik bu barədə heç bir söz deyilmədiyini qeyd edib. “Həkimlər Səyavuş müəllimin səhhətilə bağlı hər gün konsulium keçirir. Yəni, həkimlər məsləhətləşirlər ki, onun müalicəsinin xaricdə davam etdirilməsilə bağlı ehtiyac var, ya yox. Hələlik bu barədə bizə heç bir şey deməyiblər. Görünür ki, onun müalicəsi burada da mümkündür. Müalicə üçün lazım olan bütün dərman və iynələr var”.
Xatırladaq ki, avqustun 3-də Səyavuş Aslanın vəziyyəti qəflətən pisləşib və o, 4 saylı şəhər xəstəxanasına yerləşdirilib. Avqustun 4-də isə aktyor Klinik Tibbi Mərkəzə köçürülüb.
Səyavuş Aslanov 1935-ci il 5 sentyabr tarixində Bakıda dünyaya gəlib. Milli Akademik Dram Teatrının aktyorudur.
***
05.08.2011
Səyavuş Aslanın vəziyyəti düzəlir
Xalq artisti Səyavuş Aslanın vəziyyətini qənaətbaxş hesab etmək olar. Həkimlərin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti artıq danışır, hətta zarafat da edir. Sənətkarın oğlu bildirib ki, əgər heç bir problem yaranmasa, Səyavuş Aslanı palataya köçürəcəklər.
***
04.08.2011
Səyavuş Aslan komaya düşüb
Avqustun 3-ü, axşam saatlarında xalq artisti Səyavuş Aslan beyin insultu diaqnozu ilə Bakıdakı 4 saylı xəstəxanaya yerləşdirilib. Xəstəxanadan “Azadlıq” radiosuna bildiriblər ki, o, müəyyən bir müddət koma vəziyyətində qalıb.
Hazırda xəstəxananın reanimasiya şöbəsində olan aktyorun səhhəti ağır-stabil kimi qiymətləndirilir.
Səyavuş Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. O, Milli Akademik Dram Teatrının aktyorudur.