Məhkəmənin önündə mitinq məhbuslarına dəstək aksiyası keçirildi (VİDEO)
Şahid polislər özlərini də dolaşdırdılar, istintaqı da pis vəziyyətdə qoydular…
Ictimai Palatanın 2 aprel mitinqilə əlaqədar həbs olunanlardan 6 nəfərin mühakiməsi Səbail Rayon Məhkəməsində davam edir. Dünənki məhkəmə iclasına da çoxsaylı müxalifət tərəfdarları, gənclər və beynəlxalq təşkilatlardan ATƏT-in təmsilçiləri qatılmışdı.
Iş üzrə zərərçəkmiş qismində tanınanlardan çoxu dünənki məhkəmə iclasına gəlməmişdi. Vəkillər bunu məhkəməyə qarşı hörmətsizlik kimi dəyərləndirdilər və tələb etdilər ki, növbəti iclasda bu hal təkrarlanmasın.
Məhkəmə iclasında şahid polislərin ifadələri dinlənildi. Ilk ifadə verən Səbail rayon Polis Idarəsinin Post Patrul Xidmətinin əməkdaşı Əliyev Mais Qulu oğlu oldu.
Mais Əliyev dedi ki, aprelin 2-də polis yoldaşları ilə “Ədəbiyyat” muzeyinin yanında olub. Təxminən saat 14.00 radələrində onları Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsinə köməyə çağırıblar. Deyiblər ki, bir qrup şəxs avtobusun qarşısını kəsərək bölməyə aparılan aksiyaçıları düşürmək istəyir.
Şahid polisin sözlərinə görə, onlar sözügedən yerə çatanda 70-80 nəfərin avtobusu əhatəyə aldığını görüb, həmin şəxslərdən 15 nəfəri xüsusi fəallıq göstərib. Fəal şəxs kimi o, Arif Alışlının, Zülfüqar Eyvazovun və Sahib Kərimovun adını çəkdi.
Vəkil Natiq Mustafayev şahiddən aksiya günü vəzifəsinin nədən ibarət olduğunu soruşdu. Onun cavabı belə oldu:
– Işimiz kütlələri dağıtmaqdan ibarət idi.
Bununla belə, o, mitinq zamanı heç bir dağıntı görmədiyini bildirdi. Eyni zamanda dedi ki, avtobusun, yaxud hər hansı obyektin şüşələrini sındıran şəxsləri də görməyib.
Bu yerdə vəkil Natiq Mustafayev belə bir sualla Mais Əliyevə müraciət etdi:
– Bəs nə əcəb, fəallıq göstərdiyini dediyiniz 15 nəfərdən yalnız 3-nü yadda saxlamısınız?
– Gəldik, yaxında onları gördük.
Şahidin sözlərinə görə avtobusun şüşələri onlar hadisə yerinə çatanda sınmayıb, bu olay onlar avtobusun yanından uzaqlaşandan sonra baş verib. Bu ifadə isə ötən məhkəmə iclasında ifadə vermiş sürücü və onun nümayəndəsinin dediklərilə ziddiyyət təşkil edirdi. Çünki onlar ifadələrində dönə-dönə bildirmişdilər ki, avtobus Səməd Vurğun küçəsinə gələnə qədər Mərdanov qardaşları küçəsində yan şüşələri qırılmışdı…
Vəkil Mənsum Bayramovun sualı mitinqin dağıdılması barədə əmrin haradan gəlməsi barədə oldu. Şahid polisin cavabı:
– Kütləni dağıtmaq barədə göstərişi Kamal Vəlişov (Səbail Rayon Polis Idarəsinin rəis müavini) vermişdi.
Bu cavabdan sonra vəkildə sual yarandı ki, görəsən, Mais Əliyev bilirmi ki, “Polis haqqında” qanuna görə, vəzifəcə yuxarı rəisdən alınan qanunsuz əmr və göstərişi yerinə yetirməmək vəzifəsi var?
Mais Əliyevin cavabı belə oldu:
– Kamal müəllim əməli saleh, savadlı adamdır, o, bizə qanunsuz göstəriş verməz…
Yalan danışan polisin həbsi tələb olundu
Mais Əliyevin daha bir dolaşıq ifadəsi vəkilin başqa bir sualını cavablandırarkən yarandı. O, əvvəlcə Sahib Kərimovun avtobusun yanında fəallıq etdiyini desə də, sonra fikrini dəyişib bildirdi ki, onlar avtobusun yanına yaxınlaşanda başqaları kimi Sahib Kərimov da qaçıb gedib və onu görməyib.
Sahib Kərimov məhkəmədən söz alaraq, adıçəkilən şahid polisin yalan danışdığına görə cinayət məsuliyyətinə cəlb olunmasını və onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istədi.
Vəkil Natiq Mustafayevin də vəsatəti yalan danışdığına görə Mais Əliyevin ifadəsinin sübutlar siyahısından çıxarılması barədə oldu:
– Bu adam ifadəsinin əvvəlində bir, ortasında, arxasında başqa şey deyir.
Mais Əliyev sualların əksəriyyətinə “görməmişəm”, “xatırlamıram” deyə cavab verirdi. O, Z.Eyvazovu polis bölməsində gördüyünü desə də, sonradan məlum oldu ki, bu adamı, ümumiyyətlə, həmin bölməyə aparmayıblar.
Vəkil polisin daha bir yalanını ifşa etdi. O soruşdu ki, istintaq təcridxanasında üzləşmə zamanı şahid aksiya ilə bağlı videoya harada baxdığını niyə açıqlamayıb. Polisin cavabı belə oldu:
– Özüm açmadım, istintaq sirri olduğuna görə belə etdim.
Bu yerdə vəkil Natiq Mustafayev bildirdi ki, Mais Əliyev cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Daha sonra vəkil Yalçın Imanov vəsatətlə çıxış etdi. O, “Azadlıq” qəzetinin dünənki sayında dərc olunan mitinq təxribatçısının fotoşəklini məhkəməyə təqdim etdi. Bu fotoşəkillərdə avtobusun şüşəsinə təpik vuran şəxs əks olunub. Vəkil tələb etdi ki, bu fotolar cinayət işinə əlavə olunsun. Hakim bununla razılaşdı, amma əlavə etdi ki, fotonun mötəbərliyini vəkillər sübut etməlidir.
“13 ildir nə işlə məşğul olduğunu bilirik…”
Növbəti polis şahid Ceyhun Zeynalov isə Mais Əliyevin söylədiklərindən fərqli olaraq, hadisə yerinə maşınla yox, piyada gəldiklərini dedi. O da ifadəsində bildirdi ki, şüşə sındıran şəxsi görməyib:
– Biz avtobusa çatanda gördük ki, qırğındır.
Bu cavabdan sonra vəkillər soruşdu ki, bəs niyə orada polis olaraq, heç kimi həbs eləmədilər? Ceyhun Zeynalov suala konkret cavab verə bilmədi. O, əlini təqsirləndirilən şəxslərə uzatdı:
– 13 ildir bunlara qarşı mübarizə aparıram. Başqa vaxtlar tuturam da, o gün alınmadı…
Bu yerdə vəkil Ilqar Musayevdən sərt reaksiya gəldi. Hətta şahid polisin məhkəməni siyasiləşdirməyinin qarşısını almadığına görə, hakimə də iradını bildirdi. Vəkil şahidin də söylədiyini cavabsız qoymadı:
– Sənin 13 ildir nə işlə məşğul olduğun bəllidir, 13 ildən sonra harada olacaqsan, onu fikirləş…
Vəkil Mənsum Bayramov isə hakimdən soruşdu ki, niyə tərəflərə sual vermir. Hakim isə bildirdi ki, ittiham və müdafiə tərəfin qınağı altına düşmək istəmir.
Daha bir polis əməkdaşı Məmməd Məhərrəmov özündən əvvəlki həmkarının ifadəsini təkrarladı. Vəkillərin dəqiqləşdirici suallarını isə o, “unutmuşam”, “xatırlamıram” deyə yola verəndə, təqsirləndirilən şəxslərdən Arif Alışlı yerindən maraqlı replika atdı:
– Bəs üzləşmə zamanı mənə deyirdin ki, çoxlu şirinçay içdiyinə görə yaddaşın güclüdür…?!
Başqa bir şahid polis Emil Qasımov isə bundan əvvəl Kürdəxanı təcridxanasında Sahib Kərimovla üzləşdiyini dedi. Sahib Kərimov isə həmin şəxsi birinci dəfə məhkəmədə gördüyünü bildirdi. Bundan sonra E.Qasımov sözünü dəyişərək, Sahib Kərimovla Kürdəxanı təcridxanasında yox, polis idarəsində üzləşdirildiyini dedi.
Sahib Kərimov üzləşmə protokolunu tələb etdi.
“Siz bura yatmağa gəlmisiz?”
Bu arada zərərçəkmişlərdən birinin nümayəndəsi yuxuya getmişdi. Bu da hakimi əsəbiləşdirdi:
– Siz bura yatmağa yox, məhkəmə iclasına gəlmisiniz!
Məlum oldu ki, cinayət işinin materialları arasında üzləşmə protokolu yoxdur. Sahib Kərimov bildirdi ki, bütün ifadələrdə onun avtobusun qarşısında, Emil Qasımovun ifadəsində isə onun avtobusun arxasında, Arif Alışlının isə avtobusun qarşısında olduğu yazılıb.
“Bu saxta cinayət işini yazanların elementar təxəyyülü, fantaziyası yoxdur. Heç olmasa, bir detektiv yazar tapsaydılar, bu işi normal yazardı, bu qədər gülünc vəziyyət yaranmazdı”, – deyə Sahib Kərimov məhkəməyə etirazını bildirdi.
Ifadə verən sonuncu bir polis işçisi isə ifadəsində yazdığı Zülfüqar Eyvazlını məhkəmədə tanımadı.
Məhkəmə prosesi avqustun 5-də davam etdiriləcək.
Məhkəmənin önündə etiraz aksiyası
Qeyd edək ki, proses başa çatandan sonra məhkəmənin binası qarşısında 100-ə yaxın adamın iştirakıyla etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Azadlıq”, “Istefa” şüarları səsləndirərək mitinq dustaqlarının azadlığa buraxılmasını tələb ediblər.
Natiq