Səfər Əbiyev barədə yeni kompramatlar ortaya çıxdı
Ali Hərbi Akademiyanın zabitləri bu dəfə müdafiə naziri Səfər Əbiyevin əmlakının siyahısını açıqlayıb. Zabitlərin “Yeni Müsavat”a ünvanlandığı növbəti müraciətdə müdafiə nazirinin əmlakının təsnifatı belə verilib:
“Hərbi Akademiyanın qarşısındakı qoşa villa;
Həsən Əliyev küçəsindəki möhtəşəm villa;
Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villalar;
Şüşəli bazarın arxasındakı villa. Deyilənə görə icarəyə verib;
Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villalar;
Xəzər rayonu, Şimal DRES ərazisində möhtəşəm villa;
Nabrandakı villa;
Qubadakı villası və 100 hektardan çox torpaq sahəsi;
Çoxmərtəbəli yeni tikililərdə sayı-hesabı olmayan mənzillər”.
Bundan əvvəlki müraciətlərdə isə ordunun etniklərin əlində olması iddia edilməklə yanaşı, Müdafiə Nazirliyinin balansındakı satılan obyektlərin siyahısı dərc edilmişdi.
“Azadlıq” o zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun açıqlamalarına əsasən bu materialların Səfər Əbiyevlə baş qərargah rəisi Nəcməddin Sadıqov arasındakı ziddiyyətlərin təzahürü olduğunu yazmışdı. Çünki Eldar Sabiroğlu Ali Hərbi Akademiyanın bir qrup zabitinin müraciətinə cavabında buna açıq işarə vurmuşdu: “Təxmini biz bilirik ki, bunu hansı etnik və xarici qüvvələrə işləməsi ehtimal olunan şəxslər ötürüb. Ayıb olsun ona. Rütbə daşıyan şəxs belə hərəkətə yol verməz”, – deyə mətbuat xidmətinin rəhbəri bildirmişdi. Eldar Sabiroğlu ad çəkməsə də, ittiham etdiyi şəxsin Nəcməddin Sadıqov olması şübhə doğurmur. Nəcməddin Sadıqov-Səfər Əbiyev qarşıdurması ilə bağlı mətbuatda dərc edilən çoxsaylı məlumatlar indiki qalmaqalda da tərəflərin dəyişmədiyi qənaətini artırır. Eldar Sabiroğlu Ali Hərbi Akademiyanın bir qrup zabitinin növbəti müraciətinə növbəti cavabında “Azadlıq”ın yazdıqlarını təkzib etmədi. O, “Azadlıq”ın yazdıqlarına cavab olaraq “Mən heç bir ad çəkməmişəm. Kimlər ad çəkib, problem, məsuliyyət onlarındır” deməklə, əslində, Səfər Əbiyevlə Nəcməddin Sadıqov arasında ziddiyyətlərin olduğunu və müdafiə naziri ilə bağlı kompramatların bunun nəticəsi olaraq ortaya çıxdığını təsdiq etmiş oldu. Əgər Eldar Sabiroğlu birinci açıqlamasında Nəcməddin Sadıqovu nəzərdə tutmamışdısa, bunu açıq şəkildə deyə bilərdi.
Səfər Əbiyevlə Nəcməddin Sadıqov arasında konfliktə gəlincə, uzun zamandır ki, onlar arasında birincilik uğrunda mübarizə gedir. Nəcməddin Sadıqov hakim ailə ilə qohum olduqdan sonra birinci olmaq iddiasını daha inamlı şəkildə ortaya qoyub. Bu isə Səfər Əbiyevlə münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Yeri gəlmişkən, Səfər Əbiyev Nəcməddin Sadıqovun “kompramat hücumu”na hərbi komissarların həbslərilə cavab verir. Sabiq baş hərbi komissar Əliağa Hüseynov tutduğu vəzifədən istefa verəndən sonra bu qurum Nəcməddin Sadıqovun tabeliyinə keçib.
Analitik informasiya şöbəsi