Iyulun 26-da Konqresin Avropa və Avrasiya üzrə alt komitəsində “Şərqi Avropa: demokratiya və azadlıqların vəziyyəti” adlı dinləmələr keçirilib. Konqresdə ABŞ dövlət katibinin müavini Tomas Melia, “Freedom House” hüquq müdafiə təşkilatının rəhbəri Devid Kramer, Demokratiyaya Milli Dəstək Fondundan (NED) Nadya Dyuk çıxışlarında Azərbycandakı vəziyyət haqda ciddi fikirlər səsləndiriblər.
“Biz Azərbaycan hakimiyyətindən bu və digər oxşar məsələləri beynəlxalq öhdəliklərə uyğun həll etməyi tələb edirik”, – Tomas Melia Azərbaycandakı despotik olayları sadalayarkən deyib. Tələblərin qalanı: ABŞ Milli Demokratiya Institutunun, Insan Huquqları Evinin ölkədə işini davam etdirməsi, “Azadlıq”, “Amerikanın səsi” radiostansiyalarının yerli tezliklərdə yayımına icazə verilməsi.
Devid Kramer Moskva, Minsk və Bakıda ərəb inqilablarının təkrarlana biləcəyini müjdələyib.
Şəxsən mənimçün daha maraqlı olan fikri isə Nadya Dyuk dilinə gətirib: “ABŞ Cənubi Qafqaza yalnız zəngin ehtiyatları olan, azadlıq düşmənlərinin üstünlük təşkil etdiyi region kimi baxmamalı, həm də azadlıq uğrunda mübarizlərin öz haqları naminə daim mübarizə aparacaqları və ABŞ-ın dəstəyini axtaracaqları yer kimi baxmalıdır”.
Mən ABŞ-ın dəstəyini, azadlıq uğrunda mübarizlərin savaşını bir kənara qoyuram. Heysiyyəti olan istənilən bir millətin oğulları bu savaşı aparmalı, son nəfəslərinə kimi ruhdan düşmədən davam etməli, yeri gələrsə, ondan sonrakı nəsil də bu mübarizəni yürütməlidi. Heç kim kənardan xalqlara azadlıq, xoşbəxtlik, demokratiya, firavanlıq bəxş eləyə bilməz. Bu istəkdə yalnız dünyanın ən rəzil, ən tənbəl, ən şərəfsiz xalqları, toplumları buluna bilər, bu istəyin sonunda nələr baş verdiyini isə yaxın və uzaq tarixdən çoxumuz yaxşı bilirik.
Dyuk xanımın dediklərində ən maraqlı məqam “ABŞ Cənubi Qafqaza yalnız zəngin ehtiyatları olan (…) region kimi baxmamalı” kəlməsidi. Xəyalımda nə canlandı, bilirsinizmi? Region sözünü, yerinə “kolxoz bazarı”nı qoyun və təsəvvür edin.
Kolxoz bazarı… Burada insan olmur. Burada yalnız alacağın, həm də neçəyə alacağın mallar var. Hay-küy, qıy-qışqırıq, basabas, söyüş-nifrin, şirin-dillər, qarğışlar, toz-tozanaq, bazar milçəkləri, zibil yığınları, antisanitariya, soyuq, isti… ama par-par alışıb yanan mallar – ərzaq, tərəvəz…
Bu günəcən, elə bu gün də Azərbaycan belə görünüb dünyanın gözünə. Indi Dyuk xanım birdən-birə foksun dəyişməyini, mallara yox, piştaxtanın arxasına yönəldilməsini məsləhət görür.
Aha… sən demə, bu bazarda təkcə neft rəngli badımcan mövcud deyilmiş, onun sahibi olan insan da varmış! Bəli, bəli, deməyəsən, Azərbaycan təkcə neft quyularından ibarət deyilmiş, bu məmləkətdə insanlar da yaşayır, öz zəhmətinin bəhrəsini görməyi arzulayırmışlar. Yerli bazarkomun sitəmlərini görürmüşlər, çalışmaq, yorulmaq, zəhmətindən xeyir götürüb dincəlmək istəyirmişlər, hətta nəfəs alıb-verirmişlər. Onlar da dünyadakı başqa insanlara bənzəyir, iki qulağı-iki gözləri varmış. Hətta onlar da dünyanın başqa insanları kimi azadlıq, demokratiya haqda düşünə bilirmişlər… Qərb isə elə bilirmiş ki, bu ölkədə yalnız bir bazarkom və xiyarlar varmış. Insan isə yoxmuş. Hamı piştaxtanın arxasında ölüm yuxusuna gedibmiş…
“Insanın hər cür istismarı hökmranlıq məqsədilə onun ruhunun eybəcərləşdirilməsindən, ölümə öyrədilməsindən başlayır, yoxsa qul, kölə olmaz. Kölənin ağlı ağılsızlığa çevrilənəcən ruhun zorla eybəcərləşdirilməsi davam eləyir, get-gedə daha da güclənir”,- Andrey Platonov “Can” povestində yazır. O CAN xalqı məhz burada yaşayır – Can, Azərbaycan! Onun canı çıxandan sonra kimlərinsə səsini çıxaracağının isə heç bir anlamı qalmayacaq. Dünya isə hələ də statistik ölümlərdən sonra hərəkətə keçir.