«Ölkədəki vəziyyəti, xalqın istəyi əməli fəaliyyətə çevriləndən sonra dəyişmək mümkün olacaq»
ABŞ Konqresində Azərbaycan hakimiyyətinin sərt tənqid olunması ilə keçən dinləmələri bir çox ekspertlər hakimiyyətə qarşı ciddi mesaj kimi qiymətləndirir. Dinləmələrdə dövlət katibinin müavini Tomas Melia hakimiyyət qarşısında sərt tələblər səsləndirib. Müzakirələr zamanı xüsusilə vurğulanıb ki, ABŞ Azərbaycanda fundamental azadlıqların vəziyyətindən narahatdır. Azərbaycanda ifadə, toplaşma azadlığının, həmçinin vətəndaşların dinc seçki yolu ilə hökuməti dəyişmək imkanlarının olduqca məhdudlaşdırıldığı qeyd edilib. Azərbaycan hakimiyyətinin demokratikləşmə istiqamətində real addımlar atmayacağı təqdirdə Ərəb inqilablarının Bakıda da təkrarlana biləcəyi dilə gətirilib. Müzakirələrdə xüsusilə vurğulanıb ki, 2010-cu ilin parlament seçkiləri ölkə tarixində ən pis seçkilər olub. Konqresdəki müzakirələrlə bağlı AXCP sədri Əli Kərimlinin mövqeyini öyrəndik.
Azərbaycan cəmiyyətinin ölkədə baş verən eybəcərliklərin, insan haqlarının mütəmadi olaraq tapdanmasını Qərbin indiyə qədər etiraf etməməsinə təəssüfləndiyini deyən Ə.Kərimli vurğuladı ki, Azərbaycanda baş verənlər barədə beynəlxalq təşkilatların məlumatlı olduğu müəyyən hesabatlarda görünürdü. Amma bir qayda olaraq ciddi dövlət orqanları bu həqiqətləri görməzliyə vururdular. Hazırda beynəlxalq siyasətin xeyli dərəcədə dəyişdiyini deyən Ə.Kərimli vurğuladı ki, bu, bir tərəfdən ərəb inqilablarının təsiri, digər tərəfdən internetin inkişafı ilə bağlı ola bilər. Amma reallıq bundan ibarətdir ki, artıq böyük ölkələrin dövlət orqanları da həqiqətlərə göz yuma bilmirlər: “Konqresdəki dinləmələrdə dövlət katibinin müavini, dünyada tanınan beynəlxalq təşkilatların rəhbərləri səviyyəsində Azərbaycandakı proseslərə obyektiv qiymət verilib. Azərbaycanda seçki yolu ilə xalqın özünə hökumət seçmək imkanında olmadığı xüsusi vurğulanıb, siyasi məhbuslara azadlıq tələb olunub, sərbəst toplaşmaq, ifadə və digər azadlıqların təmini istənilib. Konqresdəki son dinləmələrdə həqiqətlərin belə prinsipial şəkildə ortaya qoyulması onu göstərir ki, artıq dünya Azərbaycanda baş verənlərə göz yummaq niyətində deyil”.
Ə.Kərimli bildirdi ki, bəlkə də bəzi oliqarxlar hesab edir ki, neftə və yaxud hansısa strateji maraqlara görə, onların insanlığa zidd davranışlarına adekvat münasibət olmayacaq. AXCP sədri hesab edir ki, Konqresdəki dinləmələr onun anonsunu verdi ki, nələrinsə xatirinə Azərbaycan hökumətinin orta çağ təfəkkürü ilə həyata keçirdiyi qeyri-insani hərəkətlərə göz yumulmayacaq: “Azərbaycan hökuməti artıq dünya səviyyəsində özünə etimadı itirir. Azərbaycan hakimiyyətinin korrupsioner və avtoritar mahiyyəti dünyada heç kim üçün sirr deyil. Artıq bütün dünya Azərbaycan hakimiyyətinin xalq tərəfindən seçilmədiyini, hakimiyyəti zəbt etdiyini, seçki yolu ilə özünü dəyişməyə imkan vermədiyini, rəqiblərinə divan tutduğunu bilir.
Əlbəttə, bütün bunlar bizim xalqımıza mənəvi dəstəkdir. Amma mən, açığı, belə nüfuzlu təşkilatların Azərbaycandakı duruma sərt münasibətinin, hətta xalqımızın müəyyən təbəqələrinin yanlış anlayacağından da narahatam. Istəməzdim ki, bəziləri elə nəticə çıxarsınlar ki, bizim xüsusi fəallığımız olmasa da, dünya birliyi Azərbaycandakı dəyişikliklərə nail olacaq”.
Ə.Kərimli hesab edir ki, Azərbaycandakı həqiqətləri dünya birliyinin etirafı müsbət hal olsa da, ancaq ölkədəki vəziyyəti, xalqın istəyi əməli fəaliyyətə çevriləndən sonra dəyişmək mümkün olacaq. Yəni. yalnız bizim hamılıqla səy göstərməyimiz bu dəyişiklikləri Azərbaycana gətirə bilər.
Xəyal
HƏMÇİNİN OXU