Ölkədə və ölkədən qıraqda bizə dəxli olan nələr baş verir?
20 günün əsgəri Fərrux müəmmalı şəkildə həyatını dəyişib; Ermənistanda növbədənkənar prezident seçkisinin müzakirəsi başlayır – Sərkisyan müxalifətlə razılaşıb; başqa bir əsgərin, Müdafiə Nazirliyinin Lənkərandakı N saylı hərbi hissəsinin əsgəri 19 yaşlı Tağıyev Murad Sabir oğlunun meyiti dünən Masallı rayonu ərazisində Yanardağ restoranından bir kilometr aralıdakı meşəlikdən tapılıb; Avropa Məhkəməsi Azərbaycanı 40 min avro cərimələyib – Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun hər birinə 10 min avro ödənməlidir; Azərbaycan dövləti Cabbar Savalanla apardığı Böyük Vətən müharibəsini qələbəylə başa vurdu – gənc Cabbarın barəsində həbs qərarı qüvvədə qaldı, bunu Ermənistanla Qarabağın azad olunması uğrunda müharibəyə uğurlu başlanğıc saymaq olar; Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi, Ictimai Palatanın təhqiqat qrupunun sədri Vidadi Isgəndərlinin işi üzrə məhkəmə prosesi davam etdirilir – o, saxta parlament seçkisinə mane olmaqda suçlandırılır; “Ərdoğan bu gün Bakıdadı – viza, qaz nəqli və PKK məsələsi gündəlikdədir. Yenə də Əliyev Rusiyanın və PKK-nın maraqlarını qoruyaraq heç bir addım atmayacaq…”. (Seymur Həzi); və s. və i.a.
Bütün bunlar baş verir. Verəcək də. Ancaq bunlar o demək deyil ki, bizi öldürmək istəmirlər.
Mən heç də 18 nəfər jurnalistin poçtuna gələn qara məktubu nəzərdə tutmuram. Bu bir oyun da, məzələnmə də, təhdid də, gerçək də ola bilər. Böyük Vətən müharibəsində ölüm xəbəri gətirən məktublara “qara məktub” deyirmişlər. Indi qara məktublar “öldü” xəbərini gətirmir, şəxsin özünə, “özləcəksən” sorağını verir. Nə isə, indi iş o məktubda deyil, “bu məktubla bağlı bir tədbir görəcəksinizmi?” sorusuna DIN sözçüsünün verdiyi cavabdı – təxminən belə: “Adı çəkilən şəxslər bizə müracitə etməsə, araşdırma aparan deyilik”.
Əlbəttə, nə araşdırma aparılasıdı ki? Elə bizdən ötrü gözləri atırdı. Hətta bu məktub hakimiyyətin sifarişi ilə yazılmayıbsa belə, bu, heç nəyi dəyişmir. Kimsə bizi öldürəcəkmi? Öldürmək istəyirmi? Lap yaxşı. Kor nə istər, iki göz. Bəs elə onların istədiyi də bizim ölümümüz deyilmi? Imkanları olsa, bizi şaqqa-şaqqa elətdirər, hər şaqqamızı bir küçədən, bir tindən asarlar; qanımızı içib “uf” deməzlər. Ama nə yazıqlar, hələ səbirlərini basırlar. Elmarın qətli, Bahəddinə vəhşicəsinə işgəncə, Qənimətin, Eynullanın, Sakitin həbsi, Aqilin bıçaqlanması, Raminin, Seymurun oğurlanması, döyülməsi (…) bunların söhbəti beynəlxalq aləmdə səngiməmiş daha bir jurnalistin ölümü hələ ki, arzuolunan deyil, əvəzində irtica indi dişini siyasi aktivlərə qıcayıb, xüsusən də gənclərə – sabaha, gələcəyə.
Bəs bizi nədən öldürmək istəyirlər? Adamın yadına Mirzə Cəlilin sözləri düşür: “Məni niyə döyürsünüz, a mollalar?”.
Bütün maddi sıxıntılara sinə gərərək, dürüstlükdən deyil, imkansızlıqdan pivəmizi, çayımızı alman hesabıyla ödəyərək, bir qarnı ac, bir qarnı tox, yenə imkansızlıqdan evdə çocuqlara koka-kolanı, dondurmanı, bu tip məmulatları içində “Komitet-300″ əmilərin qatdığı zərərli şeylər var deyə yasaqlayan, özü isə dərddən elə həmin əmilərin narkotiklə hopdurub yaydığı siqareti sümürən, zəhərli araqları başına çəkən, evdən bir də geri qayıda bilməmək gümanı ilə çıxıb, qayıdanda o dünyadan qayıdırmış kimi qayıdan, ama zülmün, istibdadın qarşısında yıxıla-dura duruş gətirən bizlər…
Bizi nədən öldürmək istəməsinlər? Bizə qara məktub yollayanı nədən arasınlar? Ondansa kimin tualetdə nə iş gördüyünü güdmək nəflərinə olmazmı? Çünki biz… çünki biz tarix yazırıq, dostlar! Tarixi biz yazırıq. Özümüzü arsızlığa vura-vura, gülə-gülə. Hətta ölə-ölə. Qanımızla, son nəfəsimizlə! Bizi nədən öldürməsinlər ki…