Yaşar Bağırsoy və qardaşı 3 ay azadlıqdan məhrum edildi; AXCP bəyanat verdi
AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoy iyulun 27-də səhər saatlarında Nehrəm kəndində qəddarcasına döyüldükdən sonra həbs ediliblər. Hadisə Bağırsoy qardaşlarının da qatıldığı, Nehrəm kənd sakinlərinin su problemi ilə əlaqədar keçirdikləri etiraz aksiyası zamanı baş verib.
Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib.A.Quliyev deyib ki, iyulun 27-də səhər saat 9 radələrində Nehrəm kəndinin 100 nəfərdən artıq sakini əkin üçün su əldə etməkdə üzləşdikləri problemlərlə əlaqədar Babək rayon İcra Hakimiyyətinin yerli nümayəndəliyi qarşısına toplaşıb. Kənd sakinlərinin etiraz aksiyasına mülki geyimli hökumət adamları müdaxilə ediblər və aksiyanı dağıtmağa başlayıblar. Bu zaman fəal sakinlərə qarşı fiziki zorakılıq edilib. Əsas hədəf isə AXCP funksioneri Y.Bağırsoy və qardaşı seçilib. 7-8 nəfərdən ibarət dəstə Bağırsoy qardaşlarını döyüb. Dəstə Bağırsoy qardaşlarını həm də təxribata sövq etmək istəyib, amma istəyinə çatmayıb.
Hadisədən dərhal sonra prokurorluğa müraciət edən AXCP funksioneri və qardaşı Babək rayon Polis İdarəsinə izahat verməyə dəvət olunublar. Bundan sonra da yerli icra hakimiyyəti nümayəndələri zərəçəkmiş qismində ifadə verərək Bağırsoy qardaşlarının onalrı döydüyünü deyiblər. Bununla da AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy və qardaşı Zeynal Bağırsoy barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
AXCP hadisə ilə bağlı dərhal bəyanatla çıxış edib. Bəyanatda deyilir:
AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoy iyulun 27-də Nehrəm kəndində su problemi ilə əlaqədar sakinlərin keçirdiyi etiraz aksiyası zamanı mülki geyimli hökumət adamlarının amansız zorakılığına məruz qalıb və qanunsuz olaraq həbs ediliblər. İcra nümayəndəliyinə bağlı qoçu dəstəsi Bağırsoy qardaşlarını vəhşicəsinə döyüb, eyni zamanda onları təxribata çəkərək həbslərinə zəmin hazırlamaq istəyib.İcra nümayəndəliyinin qoçuları etiraz aksiyasının başqa iştirakçılarına da qarşı zorakılıq edib, sakinlərin öz etriazlarını çatdırmasına imkan verməyib. AXCP yetkilisi və qardaşı Prokurorluğa ərizə ilə müraciət etmələrinə baxmayarq istintaq cinayətkarlara himayədarlıq edərək Bağırsoy qardaşlarını həbs edib.
AXCP baş verənləri qətiyyətlə pisləyərək, hüquq-mühafizə orqanlarından Bağırsoy qardaşlarını dərhal azad etməyi və zorakılıq edənlərin cəzalandırılmasını tələb edir.AXCP bu xəbəri, Naxçıvan rəhbərliyinin despotik davranışı və burada daha sərt avtoritar rejimin qurulduğu haqda Muxtar Respublikadan tez-tez gələn xəbərlər sırasında narahatlıqla qarşılayır. AXCP bəyan edir ki, bu cür həbslərlə siaysi mübarizəni Naxçıvandan uzaqlaşdırmaq mümkün olmayacaq və demokratiya uğrunda daim ön sıralarda olan Naxçıvan xalqı öz haqları uğrunda bundan sonra da əzmlə mübarizə aparacaq.
Partiya Naxçıvanda hökumət orqanlarının yerli əhalinin problemlərinə diqqət göstərmək, onların həllinə çalışmaq əvəzinə, problemlərin həllini istəyən sakinləri repressiv üsullar, zorakılıq və hədə-qorxu ilə susdurmağa çalışmasını qəti şəkildə qınayır. AXCP Naxçıvan rəhbərliyini dünyanın indiki vaxtında repreesiv metodlarla idarəçilik cəhdlərinin səmərəsizliyini anlamağa, bundan imtina etməyə, əhalinin problemlərinə və tələblərinə diqqətlə yanaşmağa çağırır.AXCP bəyan edir ki, bu olaylar bir daha Naxçıvanda Özbəkistan modeli qurmağa cəhd edildiyinin sübutudur. Növbəti dəfə siyasi hakimiyyət neqativ bir olayla dünyanın diqqətini Azərbaycana, xüsusilə də Naxçıvana tənqidi cəhətdən çəkəcək. Hakimiyyət səhvini dərhal anlamalı və AXCP fəallarını azadlığa buraxmalıdır.
İnformasiya şöbəsi