«İnsanlar şikayətlərini polisə yox, gəlib Şahmərdana deyirdilər»
«Robert Köçəryan Moskvadan Şahmərdana zəng eləmişdi…»
Qəhrəmanlar ölmür, deyirlər. Onlar bəzən unudulurlar. Elə qəhrəmanlar da var ki, öz xalqının azadlıq simvoluna çevrilir. Belələri qəhrəman adını öz xalqının azadlığı uğrunda mübarizə apararaq qazananlardı. Babək kimi, Uilyam Volos kimi… Azərbaycanın uzaq və yaxın tarixində azadlıq uğrunda canından keçən elə qəhrəmanlarımız var ki, həmin qəhrəmanları qəsdən, indiki hakimiyyətin xüsusi siyasəti nəticəsində unutdurmağa çalışıblar bizə. Belə qəhrəmanlardan biri də Naxçıvanda Şərur özünümüdafiə batalyonunun komandanı olmuş Şahmərdan Cəfərovdur.
Telman Siyabov 1988-ci ildə yaradılmış Şərur Özünümüdafiə batalyonunun (1991-ci ildən Naxçıvan Ali Sovetinin qərarı ilə batalyon rəsmi şəkildə Şərur Müdafiə Komitəsi adlandırılıb) üzvü olub. 1990-cı ildə Naxçıvan Muxtar Respublika Ali Sovetinə deputat seçilib. Telman Siyabov Şahmərdan Cəfərovu belə xatırlayır:
– Onunla 1988-ci ildə Özünümüdafiə Batalyonunda tanış olmuşuq. Əvəzsiz sərkərdə, həm də yaxşı insan idi. Şahmərdan Naxçıvanda hamının ümid yeri idi. O fərq qoymurdu bu kommunistdir, ya cəbhəçidir. Hamının problemləri ilə yaxından maraqlanırdı. Buna görə də insanlar şikayətlərini polisə yox, gəlib Şahmərdana deyirdilər. Şahmərdan da heç kimi naümid yola salmırdı, hamının problemlərinə qayğı ilə yanaşırdı. Ona görədir ki, ölümündən 16 il ötməsinə baxmayaraq, bu gün də onun adı Naxçıvanda hörmətlə xatırlanır.
– Şahmərdan Cəfərovun silahdaşlarına münasibəti necə idi?
– Bizim batalyonun 150-yə yaxın üzvü var idi. Şahmərdan bir komandir kimi həm də əsgərlərini çox sevirdi… Heç vaxt əsgərini özündən qabağa buraxmırdı. Həmişə döyüşlərdə özü öndə olurdu. Çox humanist adam idi. Heç kimin xətrinə dəyməzdi. Görəndə ki, əsgərinin corabı cırılıb, öz corabını çıxarıb ona verərdi. Belə keyfiyyətlərinə görə Şahmərdanın yolunda canından keçməyə hazır olan əsgərləri var idi. Naxçıvanın işğaldan qorunmasında Şahmərdan Cəfərovun batalyonunun böyük rolu olub.
– Bildiyimizə görə, Şahmərdandan ermənilər də yaman qorxurmuş..
– Bizim batalyon Şərur batalyonu olsa da Naxçıvanın hansı bölgəsinə ermənilər hücum edirdi Şahmərdan özünü silahdaşları ilə bərabər ora yetirirdi. O, şəhid olana kimi gününü dağlarda keçirdi. Onun qəhrəmanlıqlarını sadalamaqla qurtarmaz. 1991-ci ilin avqust ayı idi. Ermənilər Güznüt kəndinə hücum edib, camaatı və kəndi qoruyan polisləri oradan çıxarmışdılar. Xəbər Şahmərdana çatdı. Biz 35 nəfərlə 4 saatlıq yolu piyada qət edərək həmin kəndə getdik. Ratsiya ilə ermənilərin danışığını eşidirdik. Onlar bir-birinə deyirdi ki, tez kəndi tərk eləyin, Şah gəlir. Onlar Şahmərdana Şah deyirdilər. Ondan yaman qorxurdular. Biz həmin kəndi silahsız azad etdik. Ermənilər də Şahmərdanın mərdliyinə, cəsarətinə bələd olduğundan kəndi boşaldıb qaçmışdılar.
Yenə 1992-ci ilin avqustunda ermənilər Şəruru atəşə tutmuşdular. Içərisində uşaq, qadın və yaşlı olmaqla bir neçə nəfər dinc sakin həlak olmuşdu. Buna cavab olaraq Şahmərdan öz dəstəsiylə ermənilərin nəzarətində olan Eyvazxan postunu ələ keçirdi və həmin postdan ermənilərin 4 kəndini qumbaraatanlardan atəşə tutdu. 27 nəfər erməni öldürülmüş, 300-dən çox yaralanmışdı. Ermənistanın o vaxtkı prezidenti Petrosyan 3 günlük matəm elan eləmişdi. Həmin günün axşamı Moskvanın xəbər proqramları da bu haqda geniş reportaj vermişdi.
Köçəryanın qardaşını girov götürdük…
– Eşitdiyimizə görə, Şahmərdan Cəfərov öz dəstəsi ilə birgə əməliyyat keçirərək Robert Köçəryanın qardaşını girov götürüb.
– Bəli. 1991-ci ildə ermənilər Mehridə 15 nəfər azərbaycanlını girov götürmüşdü. Heç cürə girovları qaytarmaq istəmirdilər. Onda Mehrinin komendantı Ermənistan Daxili Işlər Nazirinin müavini Robert Köçəryan idi. Köçəryanın qardaşı isə Yerevanda qatar deposunun rəhbəri idi. O vaxt Ermənistanla əlaqə tam kəsilməmişdi. Ermənilər gəlib elektrovozla Şərurdan yanacaq aparırdılar. Şahmərdanın göstərişi ilə biz həmin elektrovozu saxladıq və iki erməni maşinistini girov götürdük. Həmin girovlara Köçəryanın qardaşına zəng elətdirib dedik ki, qatarları burada xarab olub, gəlib aparsınlar. Qatarı aparmağa Köçəryanın qardaşı da gəlmişdi. Yanlarında rus əsgərləri də var idi. Atışma oldu, əsgərlər qaçdılar. Şahmərdangil dörd nəfər erməni ilə birgə Köçəryanın qardaşını da girov saxlamışdı. Həmin gün Robert Köçəryan Moskvadan Şahmərdana zəng eləmişdi ki, nə istəyir verim, qardaşımı burax. Şahmərdan da bildirdi ki, biz girovların azad olunmasını istəyirik. Bu yolla girovları azad elədik.
– Necə oldu ki, rus ordusu Qıvraq polkunu bütün silah-sursatla bərabər Şərur Müdafiə Komitəsinə təhvil verdi?
– 1992-ci ildə rus ordusu Naxçıvandan çıxanda Qıvraq polkundakı silah və texnikaları da özləri ilə aparmaq istəyirdilər. O vaxt polkun rəhbəri Ukraynalı polkovnik-leytenant Şeliç idi. Ukrayna Milli Hərəkatının rəhbərlərindən biri olan Pan Anatoli Lupineç Şahmərdanın dostu idi. Şahmərdan onu Ukraynadan Naxçıvana gətirtdi. Onlar Şeliçlə xeyli danışdılar. Nəticədə Qıvraq polkunun bütün silah-sursatı Şərur Müdafiə Komitəsinə təhvil verildi. Şahmərdan Cəfərov həmin polkun komandiri oldu. Silah-sursatın içində 110 ədəd BMP də var idi. Bu, Azərbaycanda ilk belə hadisə idi. Bir neçə ay sonra biz həmin polku yeni yaranmış Milli orduya təhvil verdik.
– Bəs necə oldu ki, sonradan sizin batalyonu qanunsuz silahlı dəstə elan etdilər?
– 1993-cü ildə qanunsuz silahların toplanmasına başlananda Şahmərdan bizim bütün silahları yığıb dövlətə təhvil vermişdi. O vaxt bizim batalyon da fəaliyyətini dayandırıb hər şeyi Milli Orduya təhvil vermişdi. Buna baxmayaraq, 1994-cü ildə bizi qanunsuz silahlı dəstə elan etdilər. Bizim dostlardan birinin kooperativi var idi. Batalyonun keçmiş üzvləri həmişə orada toplaşırdı. Aprel ayının sonları idi. Həmin yerdə axtarış aparıldı. Oradan cəmi bir ədəd ov tüfəngi tapmışdılar. Buna baxmayaraq, həbslər başladı. Həmin günlərdə Şahmərdanın 20-yə yaxın silahdaşını həbs etdilər. Qalanları isə pərən-pərən düşdü. Şahmərdanın ölümündən sonra isə onun silahdaşlarının əksəriyyəti həbs olundu.
Şahmərdanın 12 alternativi arasında Ramiz Mehdiyev və Əli Həsənov da var idi
Telman Siyabov Şahmərdan Cəfərovun siyasi fəaliyyətinə də diqqət yetirir:
– O, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinə deputat seçilmişdi. Yadımdadır, AXC Şahmərdan Cəfərovun namizədliyini Şərur rayon Xanlıqlar Sovetliyindən irəli sürmüşdü. Onun 12 nəfər alternativi arasında Ramiz Mehdiyev və Əli Həsənov da var idi. Şahmərdanın nüfuzu o qədər çox idi ki, bütün namizədlərin səslərindən iki dəfə artıq səs toplamışdı. Şahmərdan Cəfərov Azərbaycanın müstəqillik aktının qəbul olunmasında ən çox fəallıq edən deputatlardan biri olub. Özünün maddi vəziyyəti yaxşı olmasa da, deputat kimi aldığı maaşı da kasıblara paylayırdı.
1991-ci ildə SSRI-nin bərpa edilməsinə görə Azərbaycanda da referendum keçirmək istəyirdilər. Şahmərdangil Tofiq Qasımov, Fərəc Quliyev və digər yeddi nəfər deputat yoldaşları ilə birgə 10 gün aclıq aksiyası keçirdilər. Referenduma etiraz olaraq həm də Şərur Müdafiə Komitəsinin üzvlərinə göstəriş vermişdi ki, Şərurda Leninin heykəlini uçursunlar. Heykəl uçuruldu. Bu, SSRI-də ilk belə hadisə idi. Heykəli uçuranları həbs etmək istəyirdilər, Şahmərdan buna imkan vermədi. Onun inzibati orqanlarda da böyük nüfuzu var idi. Naxçıvanda həmin referendum keçirilmədi. Bu işdə Şahmərdanın böyük rolu olub.
Naxçıvanın sərkədəsi
Telman Siyabov Şahmərdan Cəfərovun ölümünü belə xatırlayır:
“Naxçıvanda müalicə olunduqdan sonra onu Şüvəlandakı istintaq təcridxanasına gətirmişdilər. Heç kimi yanına buraxmırdılar. Həbsxanada vəziyyəti ağırlaşmışdı. Biz təkid edəndən sonra onu cəzaçəkmə müəssisəsinin xəstəxanasına gətirdilər. Şahmərdanı Naxçıvanda müalicə etmiş həkim də bizimlə Bakıya gəlmişdi. Nə qədər təkid etsə də onu xəstəxanaya, Şahmərdanın yanına buraxmadılar. Bizi də buraxmırdılar. Xəstəxanaya gətiriləndən bir neçə saat sonra vəfat etdi. Həkimi isə deyirdi ki, mən onu Naxçıvanda tam sağaltmışdım.
Heydər Əliyev Şahmərdanı Naxçıvanın sərkərdəsi adlandırırdı. Onların çox isti münasibətləri var idi. Onlar tez-tez görüşürdülər. Bir dəfə mənim yanımda Şahmərdana dedi ki, mən səni oğlum Ilhamdan seçmirəm. Sonra nə oldu, bilmirəm.
1992-ci ilin dekabrında sərhəd qoşunlarının komandiri təyin olundu. Bakıdan hansısa əmr gələndə, Şahmərdan H.Əliyevlə məsləhətləşmədən həmin əmrləri yerinə yetirəndə, o, bunu isti qarşılamadı…
O da yadımdadır ki, Şahmərdana Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Amma o, məğlub ordunun qəhrəmanı olmur deyib, bu adı almaqdan imtina etdi…
Yafəz Əkrəmoğlu