Fərrux Hüseynov hərbi xidmətə yollanan zaman «hələlik yox, millət, əlvida» yazıb
Iyulun 24-də Müdafiə Nazirliyinin Pirəküşkül qəsəbəsində yerləşən hərbi hissələrin birində Milli Ordunun gənc əsgəri, Qazax rayon hərb komissarlığından bu ilin iyul ayında hərbi xidmətə çağırılmış Fərrux Mədət oğlu Hüseynov dünyasını dəyişib.
Ilkin məlumatlara görə, əsgərin günvurmadan vəfat etdiyi bildirilsə də, ölüm faktını təsdiq edən Müdafiə Nazirliyi hələlik ölümün səbəbinin tibbi-ekspertiza tam dəqiqləşdirdikdən sonra açıqlanacağını bildirib.
Mərhum gənc əsgər Fərrux Hüseynov 1989-cu ildə anadan olub. Sumqayıt Dövlət Universitetinin məzunu olub. Ali məktəbi “mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr kimi bitirib.
Sosial şəbəkədə yerləşdirdiyi şəkillərdə (http://www.facebook.com/profile.php?id=100001656856154&sk=wall) çox şən və bədəncə cüssəli görünən Fərrux ən son statusunda dostlarına onlarla bir də bir ildən sonra görüşəcəyini yazıb. Ancaq o, bəlkə də bilməyərək, statusunda “hələlik yox, millət, əlvida” yazıb. Görünür, onun taleyinə həyata əlvida edəcəyi yazılıbmış.
Fərruxun ölüm xəbərini eşidən dostları, “facebook” əhli onun profilinə fikirlərini yazmağa başlayıblar.
“Azadlıq”a məlumat verən qaynaq deyir ki, mərhum əsgər iyulun 4-də hərbi xidmətə yollanıb. Qaynağın bildirdiyinə görə, hadisəni ailəsindən gizlətmək istəyiblər: “Ailəsi əsgər yoldaşlarından məlumat alıb. Qardaşı hərbi hissəyə gedib. Amma hadisəni qardaşından gizlətmək istəyiblər. Bunun mümkün olmadığını gördükdə ”qardaşın 1 saat öncə vəfat edib” deyiblər”.
Qaynaq bildirir ki, rəsmilər bütün hallarda əsgərin günvurmadan ölməsi xəbərini ictimailəşdirmək istəmir: “Hadisəni başqa bir məcraya yönəltmək istəyirlər. Hadisənin təfərrüatı bilərəkdən gizli saxlanılır”.
Qeyd edək ki, 2011-ci ilin 7 ayı ərzində Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda itkilərin sayı 60-ı keçdi. Onların 80 faizini qeyri-döyüş itkiləri təşkil edir. Xatırladaq ki, 2010-cu ilin 12 ayında itkilərin sayı 71 idi.
Ramin DEKO