Ziya Məmmədov isə fürsətdən istifadə edib qızıl bazarını ələ almaq istəyir
Yaxın vaxtlarda Mərkəzi Universal Mağazanın (MUM) – “ÇUM”un köçürülməsinə başlanılacaq. Bu barədə “Azadlıq”a məlumat verən mənbə iddia edir ki, mağazanın köçürülməsi şəxsən Ilham Əliyevin tapşırığıdır. Artıq “ÇUM”un rəhbərliyinə bu barədə xəbərdarlıq edilib. Mənbənin sözlərinə görə, mağaza rəhbərliyinə alternativ yer kimi Hüseyn Cavid bağı yanında, “alimlərin binası” deyilən binanın yerində inşa edilən tikilinin 4 mərtəbəsi təklif edilib. Mağaza rəhbərliyi təklifi qəbul edib.
Bu məsələ ilə bağlı bir maraqlı məlumat da əldə etmişik. Məlumatda deyilir ki, Ziya Məmmədov qızıl bazarında əhəmiyyətli yer tutmaq üçün “ÇUM”dakı qızıl tacirlərini Beynəlxalq Avtovağzalın nəzdindəki ticarət mərkəzinə cəlb etməyi planlaşdırır. Artıq bu istiqamətdə bir neçə qızıl taciri ilə danışıqlar aparılıb. Onlara bildirilib ki, əgər təklifi qəbul etsələr, 6 ay- 1 il müddətində güzəştlə işləyə biləcəklər. Lakin hələ ki, qızıl tacirləri Ziya Məmmədovun “elçilərinə” qəti cavab verməyiblər.
Xatırladaq ki, “ÇUM”un sahibi deputat Ərəstun Cavadovdur.
İnformasiya şöbəsi