Azərbaycan, Türkmənistan və Qazaxıstan növbəti demokratik dövlətlər olacaq
Ərəb dünyasındakı çalxalanmalar hələ davam edir. Dünyanın böyük bir irqinin demokratiya savaşına qərar verməsi təbii ki, çağımızın ən mühüm hadisəsi idi. Bu proseslərin arxasında hansısa daha qlobal marağın olduğuna dair iddialar hələ də yaşamaqdadır. Biz də yaşayırıq və aramızdan kimlərsə mütləq bu proseslərin sonunu görəcək.
Amma bizim indi şahid olduğumuz budur ki, bəşəri dəyərlərin əbədi müxalifəti kimi görünən ərəb dünyası bu dəyərlər uğrunda minlərlə şəhid verməkdə və mücadiləni qızğınlaşdırmaqda davam edir. Islam fundamentalizmi qorxusu artıq yoxdur. Nədənsə, əvvəlcə müsəlman panteizminin təhlükəsindən dad deyən bəzi beynəlxalq güclərin adı indi “Qəzzafiyə dəstək verir”, “Suriyaya məlumat sızdırır” kimi xəbərlərdə keçir. Indiyə kimi Iranla qanlı-bıçaq olan rejimlər bu hadisələrdə Tehranın bəyanatlarını, az qala, təkrarlayırdılar.
Göründüyü kimi, baş verənlər heç də birmənalı şərh oluna bilməz. Həm də ona görə ki, milyonların istiqamətləndirilməsi üçün bəhanə əsas ola bilməz, əsas bəhanə kimi çıxış edə bilər. Beləliklə, “Ərəb baharı” özünün meyvələrini qızıl payıza doğru aparmaqda davam edir. Biz isə daha çox ölkəmizin və regionumuzun bu prosesdən nə qədər təsirləndiyini və buna əsas olub-olmadığını şərh etməyə cəhd göstərəcəyik.
“Ərəb baharı”na niyə “Yox”?
Ərəb dünyasında baş qaldıran proseslər Azərbaycanın etirazçı kəsimində böyük əhval-ruhiyyə, canlanma yaratdı. Amma müxalifətin heç də bu proseslərin Azərbaycana transfer etməsində maraqlı olduğu görünmürdü. Hakimiyyəti ən sərt tənqid edən Əli Kərimli və Isa Qəmbər Ilham Əliyevi ərəb dünyasında baş verənlərdən nəticə çıxarmağa çağırırdılar. Onlar açıq bəyan edirlər ki, hakimiyyət xalqın tələblərini eşitməsə və onun iradə azadlığını boğmaqda davam eləsə, etiraz siyasi güclərin nəzarətindən çıxa bilər. Bu halda isə hakimiyyətin öz gələcək taleyi sual altında qalır. Ölkədə isə nəticə etibarilə demokratiyaya doğru inamlı addımlar atılır, amma bu, mümkün olan ən pis variantda baş verir. Bu varianta kütləvi qırğınlar, xalqla silahlı qüvvələr arasındakı qarşıdurma və vətəndaş müharibəsi daxildir. Bir sözlə, xalqla zor aparatının qarşılaşması daxildir.
Azərbaycan hakimiyyətinin ən sərt tənqidçiləri və real alternativ olan Ictimai Palatanın qurucuları hakimiyyəti sadəcə, nəticə çıxarmağa çağırdılar. Niyə? Görünür, milli hökuməti qurmuş bu şəxslər bütün güclərini məhz ATƏT məkanında legitim və dinc dəyişikliklərin baş verməsinə sərf edirlər. Ona görə də məhz demokratiyaya keçidi nəzərdə tutan “Yol Xəritəsi”ni təqdim etdilər. Əlbəttə, belə fikirlər də var ki, “kiş” deməklə donuz darıdan çıxmır. Bütün hallarda isə bizim işimiz baş verənləri analiz etməkdir.
Aprel mitinqləri niyə oldu?
Siyasi mənada Ictimai Palatanın aprel mitinqlərinin iki mühüm effekti oldu:
Birincisi, hakimiyyət müxalifəti tam məhv etdiyini düşündüyü anlarda fors-majorla üzləşdi və özünü itirdi. Bunun nəticəsində yaranan aqressivlik barədə xüsusi qeyd etməyi lazım bilirik.
Ikincisi, kommunal sahədə əhaliyə divan tutan hökumət xeyli borcları bağışlamağa məcbur qaldı və bu, əhalidə böyük inam yaratdı ki, etiraz etməyin nəticəsi olur. Əlbəttə, hakimiyyət xalqın borcunu bağışladı, amma iqtidarı bu borcu sildirməyə məcbur edən Ictimai Palata fəallarına qarşı aqressiyasını dayandırmadı. Bütün hallarda isə xalq və dünya şahid oldu ki, Ictimai Palata ölkənin əsas problemlərini həll etməyi qarşısına məqsəd qoymuş ciddi siyasi alternativdir. Bu alternativin bütün tədbirlərinin məqsədi isə geniş xalq kütlələrini prosesə cəlb etməkdir. Bu kontekstdə Ictimai Palatanın bəyanatlarından ilhamlanaraq təşkilata yerləşdirilən qruplar isə ciddi və birmənalı siyasi kursa təsir edə bilmədikləri üçün aksiyalardan sonra qurumu tərk etməyə başladılar.
Maraqlı məqam odur ki, Ictimai Palatanın qərarları hakimiyyətin planlarını pozmaq baxımından da real gücə malikdir. Məsələn, aksiyaların zamanlamasıyla bağlı diskussiyalar buna bariz nümunədir.
Inqilabın yeni adı – “Xəzər dalğası”
Əslində, Azərbaycan heç zaman dini faktordan ciddi təsirlənən toplum olmayıb. Tarix sübut edir ki, bizim üçün başlıca təsiredici amil ya Qərbdən gələn maarifçilik dalğası olub, ya da Türk dünyasındakı ümumi tendensiyalar. Azərbaycanın qəbul etdiyi qərarlar isə Qafqaz üçün mühüm əhəmiyyət daşıyıb. Istər müsbət, istərsə də mənfi mənada. Biz isə bu dəfə proseslərin pozitiv tendensiyasını şərh edirik.
Beləliklə, Azərbaycan dünyadakı statusuna görə, Xəzər hövzəsindəki Türk dövlətidir. Avropa Şurasının üzvüdür, Avropa Ittifaqı və NATO ilə xüsusi proqramlarda əmakdaşlıq edir. Bu parametrlərin heç biri Ərəb ölkələrilə eynilik ifadə eləmir. Biz rəsmən müsəlman ölkəsi də deyilik. Din dövlətdən ayrıdır və burada müxtəlif dinli vətəndaşlar yaşayır. Ölkənin başlıca problemi isə sivil dünyanın standartlarını tətbiq etmək üçün götürülmüş öhdəliklərin yerinə yetirilməməsindən qaynaqlanır. Bütün düyünlər hakimiyyətin siyasi iradəyə sahib olmaması və ölkəni Şərq despotizminin daha iyrənc tarixi dövrünə qaytarmaq istəməsidir. Bu mənada Azərbaycanda “Türkmənistana doğru” ifadəsi geniş yayılıb. Fəqət, biz bu ifadəni növbəti dəfə müsbət mənada işlətməli olacağıq.
Azərbaycan, Türkmənistan və Qazaxıstanın daxil olduğu yarımçevrə, startı Bakıdan veriləcək dinc dəyişiklikləri yaşayacaqlar. Bu prosesin qaçılmazlığı isə regionda maraqlı olan qüvvələrin və burada yaşayan xalqların artıq gözləmək limitinin olmamasıdır. Dünyanın mühüm bir hissəsi ciddi təhlükəsizlik problemləri yaşadığı dövrdə bu cür rejimlərin ciddi enerji qaynaqlarına nəzarət etməsi böyük risk yaradır. Bu riski isə qlobal demokratikləşmənin növbəti “Xəzər dalğası” böyük həcmdə azalda bilər.
Seymur Həzi