Yaxud PA rəhbərinin «Buta Palace» əməliyyatı»
Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə bir qadın həbs edilib. Hadisə bir neçə ay əvvəl baş verib. Bu barədə “Azadlıq”a məlumat verən mənbə həmin qadının adını da bizə deyib. Lakin bəzi səbəblərdən açıqlamağa lüzum görmürük. Ramiz Mehdiyevin həmin qadın həbs etdirməsi onun dələduz keçmişi ilə bağlı olub.
Məlumatda deyilir ki, xeyli adamın yüksək məbləğdə pulunu mənimsəyən həmin qadın sığortalanmaq üçün Ramiz Mehdiyevin adından istifadə etmək istəyib. Tanınmış QHT-lərdən birində özünə sığınacaq tapan qadın bu təşkilat tərəfindən hansısa mükafatla təltif edilib. Qadın bu münasibətlə dəbdəbəli ziyafət təşkil etmək niyyətinə düşüb. Bu ziyafət həm də məsuliyyətdən yayınmaq üçün bir plan olub. Ziyafətin məşhur “Buta Palace”də keçirilməsi planlaşdırılıb. Qadın 200 nəfərə yaxın şəxsə dəvətnamə göndərib ki, bunların əksəriyyəti tanınmış ictimaiyyət adamları, deputatlar və məmurlar olub. Dəvətnamələrdən biri də Ramiz Mehdiyevə göndərilib. Hansısa vasitə ilə PA rəhbərinin köməkçisinə yol tapılıb. Ondan dəvətnaməni əlbəəl Ramiz Mehdiyevə çatdırılması xahiş edilib. Köməkçi də bu xahişi yerinə yetirib. Heç yerdə tanınmayan bir qadının “Buta Palace”də dəbdəbəli ziyafət təşkil etməsi və ona da dəvətnamə göndərməsi Ramiz Mehdiyevə maraqlı gəlib. PA rəhbəri dərhal daxili işlər naziri Ramil Usubovla əlaqə saxlayıb və ona qadının kimliyini araşdırmağı tapşırıb. Qısa müddət ərzində qadınla bağlı bütün bilgilər PA rəhbərinə təqdim olunub. Bəlli olub ki, qadın bir dəfə dələduzluğa görə məhkum olunub. Hazırda da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) onunla bağlı xeyli sayda şikayət var. Ramiz Mehdiyev əsəbiləşib və qadının həbs olunması barədə göstəriş verib. Göstərişdən sonra BMCQMI- nin əməkdaşları həmin qadınla əlaqə saxlayaraq onu idarəyə dəvət ediblər. Lakin qadın onlara bildirib ki, o, idarəyə gələ bilməz, çünki yüksək səviyyəli tədbirə hazırlaşır. Və həmin tədbirdə Ramiz Mehdiyev də şəxsən iştirak edəcək. Qadının belə arxayınlıqla danışması dəvətnamənin artıq PA rəhbərinə çatması barədə məlumatlı olması ilə bağlı imiş. Ramiz Mehdiyevin planından xəbərsiz olan BMCQMI-nin əməkdaşlarına hədə-qorxu gələrək onlara işləri ilə məşğul olmalarını tövsiyə edib. Onlar da işləri ilə məşğul olaraq, səhəri gün qadını həbs ediblər. Hazırda həmin qadınla bağlı cinayət işinin araşdırılması davam edir. Maraqlıdır ki, qadının bağlı olduğu şəxslərdən birinin Nəqliyyat Nazirliyində idarə müdiri vəzifəsində çalışdığı deyilir.
İnformasiya şöbəsi