«Mən avtobusun yox, demokratiyanın qapısını açmaq istədiyim üçün buradayam!»
“Bu, ittiham yox, «avtoşoudur»
2 aprel məhbuslarından 6-nın – AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov, partiyanın fəalları Arif Alışlı, Babək Həsənov, müsavatçı Elşən Həsənov və bitərəf Elnur Isrəfilovun işi üzrə dünən Səbail Rayon Məhkəməsində növbəti proses keçirildi. Prosesi izləməyə gələnlər arasında AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, partiyanın Rəyasət Heyətinin üzvləri Məşədi Vaqif Pənahov, Məhəmməd Talıblı, Səadət Cahangir, Iradə Əliyeva, partiya funksionerləri Ramiz Əhədov, Rafiq Daşdəmirov, gənc fəallar və məhbusların yaxınları var idi.
Hakim Elnur Həsənovun sədrlik etdiyi prosesə təqsirləndirilən şəxslərin hamısı, eləcə də vəkilləri Yavər Hüseyn, Mənsum Bayramov, Natiq Mustafayev, Yalçın Imanov, Kamran Musayev iştirak edirdi. Hakim zalda əyləşən mətbuat işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik etsə də, onların prosesdən foto və videoçəkiliş aparmasına icazə vermədi. O da məlum oldu ki, iclasda təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldıran 4 zərərçəkən də iştirak edir. Onlar mitinq günü 2 aprel məhbuslarının idarə etdikləri nəqliyyat vasitələrinə zərər vurmasından şikayətçidirlər. Zərərçəkən qismində iştirak edənlərdən biri nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən “Transgeyt” şirkətinin əməkdaşı idi.
“Elə şərəfsiz deyiləm ki, partiyadan istefa verim”
Sərbəst ifadə verməsi üçün ilk söz AXCP Nizami şöbəsinin sədri Zülfüqar Eyvazova verildi. Z.Eyvazov çıxışına Azərbaycan hakimiyyətinin 5 ildir müxalifətə aksiya keçirmək üçün icazə verməməsindən, təklif edilən ünvanların mərkəzdən uzaq, yararsız yerlərdə olmasından şikayətlənməklə başladı. O bildirdi ki, bütün sadə vətəndaşlar kimi onların da tələbi azad seçki, demokratiya, insanların sosial durumunun yaxşılaşdırılmasıdır. Bu tələbləri səsləndirməyin onların konstitusion hüququ olduğunu deyən Z.Eyvazlı buna görə həbsə atılmalarına heç bir ad verə bilmədiyini dedi: “Şahid qismində ifadə vermək üçün məni əvvəlcə Bakı Şəhər baş Polis Idarəsinə, sonra da Nəsimi polisinə çağırdılar. Müstəntiq Sahibəli Isgəndərov dedi ki, içəridə səninlə bağlı iclas gedir. Dedim, neyləmişəm ki, mənə görə xüsusi iclas keçirirlər. Getdi, bir də qayıtdı ki, kişi, sən istefa verməlisən. Mən də AXCP Nizami şöbəsinin sədriyəm. Dedim, mən elə şərəfsiz deyiləm ki, bu yaşımda partiyadan istefa verim, siz də məni çıxarasınız televiziyaya. Bu cavabımdan sonra Akif adlı şəxs dedi ki, barəndə 48 saatlıq həbs qərarı çıxarılıb. Dedim, təklifinizi qəbul etsəydim, məni təntənə ilə azadlığa buraxacaqdınız. Qəbul etmədim deyə təntənə ilə həbsxanaya yola salırsınız? O da belə cavab verdi ki, necə olur sən Əli Kərimlinin göstərişi ilə mitinqə çıxırsan, mən öz rəisimin göstərişi ilə səni həbsə ata bilmirəm?”.
Z.Eyvazov ona qarşı irəli sürülən ittihamın qondarma və saxta olduğunu bildirdi: “Mən avtobusa xəsarət yetirməmişəm. Sadəcə Gözəl xanım oturan tərəfdə pəncərəni bağlamışam. Bunu kadrlardan da görmək olar. Bizim bütün aksiyalarımız dinc olub. Buna qədər xeyli aksiyada iştirak etmişik. Necə olur heç birində heç nəyə xətər yetirməmişik, bircə bu aksiyada hamımız obyektlərə, avtobuslara zərər vurmuşuq? Həmişə aparıblar, izahatımızı alıb buraxıblar. Məlum məsələdir ki, bizi həbs etməklə camaatın gözünü qorxutmaq istəyirlər. 52 yaşım var, özüm də şəkər xəstəsiyəm. Mənim avtobusa təpik atmağa halım var?”.
Sonra dövlət ittihamçısı ondan niyə Bakı Şəhər Icra Hakimiyyətinin təklif etdiyi yerlərdə aksiya keçirmədiklərini soruşdu. Z.Eyvazov bildirdi ki, meriya həmişə uçuq-sökük yerlər təklif edib ki, bu da müxalifətə təhqirdir. Prokuror aksiya ilə bağlı partiya rəhbərliyindən tapşırıq alıb-almadığını soruşanda Z.Eyvazov buna ehtiyac olmadığını, onsuz da hər aksiyaöncəsi partiyanın bununla bağlı müşavirəsinin keçirildiyini bildirdi: “Mən başa düşmürəm ki, bizi niyə aksiyanı təşkil etməkdə təqsirli bilirlər. Axı 2 aprel mitinqinin təşkilatçısı Ictimai Palata olub”.
“Öz ana-bacılarına elə davransalar, xoşlarına gələr?”
Prokuror: Mitinq zamanı polislərə xəsarət yetirilməsindən xəbəriniz var idi?
Z.Eyvazov: Siz elə gülməli sual verirsiniz ki. Polislər elə geyinmişdilər ki, onlara xəsarət yetirmək mümkün deyildi.
Bundan sonra mülki iddiaçı qismində çıxış edənlərdən biri söz alaraq Z.Eyvazovun əleyhinə danışmağa başladı: “Deyirsiniz ki, avtobusun pəncərəsini bağlamışam. Avtobusun hündürlüyü 3 metrdən çoxdur. Sizin boyunuz da balacadır. Əliniz necə çatdı onu bağlamağa? Etiraf etmək istəmirsiniz ki, avtobusa zərər vurmusunuz. Içəri qaz buraxılsaydı, bunu sürücü də hiss edərdi, orada olan polis də”.
Z.Eyvazov isə öyrədilmiş iddiaçının iradına məhəl vermədən təmkinli şəkildə cavab verdi: “Videoçəkiliş var, baxın, görəcəksiniz boyum necə çatır”.
Avtobusa qaz buraxılması ilə bağlı məqama isə vəkil Yavər Hüseyn aydınlıq gətirərək iddiaçını bilmədiyi şeyə irad bildirməkdə suçladı: “Işi oxusaz görərsiniz ki, içəri qaz buraxıldığını polis özü etiraf edib. Indi sizə nə düşüb ki, bunu inkar edirsiniz?”.
Vəkil Fəxrəddin Mehdiyevin “polis aksiya iştirakçılarına necə davranırdı” sualına Z.Eyvazovun cavabı belə oldu: “Çox pis, qadınları təhqir edir, qollarından dartıb sürüyürdülər. Mən bilmirəm, onların ana-bacılarına elə davransalar, xoşlarına gələr?”.
Z.Eyvazov aksiya zamanı obyektlərə, polis maşınlarına kimlərin xəsarət yetirdiyini görmədiyini desə də, maraqlı bir epizod danışdı: “Gördüm iki qadın danışa-danışa gəlir ki, uşaqlar obyektləri sındıran adamları polisə təhvil verdilər. Polislər də kənarda nəsə söhbət edəndən sonra həmin adamları buraxdılar. Onları təhvil verən uşaqları isə dubinkalamağa başladılar”.
Sahib Kərimov ittiham tərəfini darmadağın etdi
Daha sonra sərbəst ifadə vermək üçün söz AXCP sədrinin müşaviri Sahib Kərimova verildi. S.Kərimov çıxışı ilə ittiham tərəfini sözün əsl mənasında darmadağın etdi. Yəqin S.Kərimovun belə çıxış edəcəyini bilirmiş kimi, hakim ona əvvəlcədən ittihamdan kənara çıxmamaq barədə məsləhət verdi.
S.Kərimov sözünə özünün və yoldaşlarının barəsindəki ittihamların Azərbaycan dövləti üçün üzqarası olduğunu deməklə başladı: “Hər yerdə, Türkiyədə də bağımsız yarqı deyə anlayış var. Bizdə isə ittiham tərəfinin müstəqilliyindən söhbət gedə bilməz. Heç şübhəsiz ki, hakimiyyətin siyasi sifarişi ilə hərəkət edirlər. Qoşulduğumuz Avropa hüquq sistemi deyir ki, qanunsuz olmayan şey icazəlidir. Biz də qanuna, konstitusiyaya istinadən sərbəst toplaşmaq azadlığımızdan istifadə edirik. Bunun qarşısını almaqla göstərirlər ki, Azərbaycanda qanunla icazə verilən şey belə, yasaqdır”.
Hakim: Ittihamdan kənara çıxmayın!
Yavər Hüseyn: Cənab hakim, icazə verin sözünü desin. Bu adamlar aylardır içəridədirlər, ürəkləri doludur. Siz də bilirsiniz, biz də bilirik ki, onları niyə tutublar. heç olmasa, dözüm nümayiş etdirin.
Vəkilin bu replikasından sonra hakim səssizcə S.Kərimovu dinləməyə davam etdi.
Gül satan qız, kontur satan oğlan, balkondan baxan qadın…
S.Kərimov: Bu ittiham başdan-ayağa saxtadır, qərəzlidir. Başlayaq ittihamın üz qabığından. Hansı əsasla – əlifba sırasına görəmi, fəallığına görəmi, tanınmağına görəmi Elnur Isrəfilovun adını başda yazmısınız? Çünki bilirsiniz ki, o, təsadüfi adamdır, heç bir partiyanın üzvü deyil, onu çaşdırmaq, boynuna nəsə qoymaq və bu yolla cəmiyyətdə bizim cinayətkar obrazımızı yaratmaq çox asandır. Ona görə işə bu cür triumfial qələbə ilə giriş eləmək istəmisiniz.
Görün, bizə qarşı kimlərdən ifadə almısınız? Gül satan qız, kontur satan oğlan, balkondan baxan qadın… Bizim əleyhimizə ifadə verənlərin çoxu heç həmin gün Bakıda olmayıb. Sualları da belə qoymusunuz – müxalifətin aksiyası sizə necə təsir etdi? Cavab – siz nə danışırsınız, çox pis təsir etdi, psixoloji zərbə oldu. Olduqca gülməli ifadələrlə olmayan şeyi bəzəmisiniz. Halbuki yoxdan var etmək qüdrəti yalnızca Allaha məxsusdur. Mən hələ təəccüb edirəm ki, nə əcəb, sonradan o adamlar bizim onlara vurduğumuz psixoloji zərbədən şəkər xəstəliyinə tutulmayıblar. Fantaziyanız o qədər genişdir ki, bunu etsəydiniz belə, təəccüblənməyəcəkdim.
“Bəs, Ziya Məmmədov deyirdi ki, gəlir yoxdur?!”
Deyirlər ki, guya, mən avtobusun hərəkətinə mane olmaqla onlara 5 mindən artıq ziyan vurmuşam. Bəs, Ziya Məmmədov deyirdi ki, sərnişindaşımada gəlir yoxdu? Bir neçə dəqiqəyə 5 min qazanırlarsa, niyə şikayətlənib gedişhaqlarını qaldırmaq istəyirlər?”.
S.Kərimov iş materiallarında onun əleyhinə heç bir ifadə olmadığını, belə olan halda bugünə qədər həbsdə oturmağının səbəbini bilmədiyini dedi: “Mənim əleyhimə bir dənə də ifadə, bir dənə sübut yoxdur. O zaman niyə həbsdəyəm? Bizə qarşı ”avtoşou” qurublar. Hər şey bir avtobusun ətrafında cəmləşib. Mən sadəcə avtobusun qapısını döyəcləmişəm ki, açsınlar, içəridəkilər qazdan boğulmasın. Elnur Isrəfilov avtobusa təpik vurubsa belə, bu, inzibati xətadır. Buna görə onu həbs etməməli idilər. Indi sərnişin daşıyanlar gəlib bizə qarşı iddiaçı kimi çıxış edirlər. Bundansa, durub təsdiq etsinlər ki, gün ərzində nə qədər sərnişin avtobsun qapısını döyəcləyir. Buna görə adamı tuturlar? Necə olur ki, bu iddiaçıların 4-ündən də eyni gündə ifadə alıblar. Özü də hadisədən iki ay sonra. Deməli, bunlar öyrədilmiş adamlardır”.
Daha sonra mülki iddiaçılardan birinin nümayəndəsi çıxış edərək S.Kərimova irad bildirdi ki, o, qapını döyəcləməklə sürücünün işinə mane olub. Belə olmasaydı, sürücü hərəkətə keçərdi, avtobus da heç bir xəsarət almazdı.
S.Kərimov isə bildirdi ki, həmin sürücü onun əleyhinə heç bir ifadə verə bilməyib. Istintaq da onun işə yaramadığını görərək əvəzinə bu nümayəndəni göndərib: “Mənə qarşı cəmi bir iddia var ki, avtobusun qapısını döyəcləyib qapını açmaq istəmişəm. Yaxşı bilirəm ki, əslində mən avtobusun yox, demokratiyanın, azadlığın qapısını açmaq istədiyim üçün buradayam! Polislərin xəsarət aldığını deyirlər. Doğrudan da gülməlidir. O polislərdən biri mənim qohumumdur. Mitinqdən sonra Daxili Işlər Nazirliyi onları öz xəstəxanasına göndərib ki, gedin, istirahət edin. O polislər heç bir xəsarət almayıblar. Iş materiallarının hər yerində keçir ki, müxalifətçilərin əlində alətlər olub. Mən bilmirəm, o alətlər bunların gözünə necə görünüb?”.
Vəkil Yavər Hüseyn əlavə etdi ki, bu işdə polis əməkdaşlarından çox uğursuz formada istifadə olunub. Bakıda nə qədər xəsarət alan, əzilən, dağılan polis maşını varsa, hamısı işə əlavə olunub.
S.Kərimovun çıxışından sonra hakim prosesin iyulun 27-si saat 10.00-da davam edəcəyini elan etdi.
Gültəkin