CHP-çi deputatla nazir arasında qalmaqal: «Ədalətin hanı, şərəfsiz?!»
Yeni hökumətin yeni nazirlərindən birinin silaha əl atdığı iddia olunur
Türkiyədə uzun müzakirə və mübahisələrdən sonra qurulan yeni hökumətin qarşısında ciddi maneə yaranıb. Qaydaya görə, müstəqillər arasından seçilən nazirlər səlahiyyətlərinə tam sahib olmaq üçün Türkiyə Böyük Millət Məclisində and içməlidirlər. Onların bu prosedurdan keçməsi ilə bağlı qərara isə deputatlardan təsdiq gəlməlidir.
Parlament iclasında gərgin anlar
Parlamentin dünənki iclasında bu məsələ ilə bağlı deputatların səsverməsi keçirilib. Elə qarışıqlıq da səsvermənin nəticələri elan olunanda yaranıb. Yeni təyin edilən ədalət naziri Kənan Ipək and içmək üçün kürsüyə doğru gedərkən CHP-nin Samsundan olan deputatı Hayati Tekin “Ədalətin hanı, şərəfsiz?” deyə, nazirə söz atıb. Bundan sonra deputatlar arasında qızğın mübahisə başlayıb. CHP-çi Musa Cam AKP-çi deputatların, AKP-çi deputat Metin Külüng isə CHP-çilərin əyləşdiyi sıraya hücum edib. Hər iki partiyanın başqan vəkilləri araya girərək tərəfləri sakitləşdirməyə çalışıblar.
Bu qarışıqlıqda CHP-dən olan deputat Yaşar Tüzün Samsundan olan gənclik və idman naziri Akif Çağatayın silah çəkdiyini iddia edib. Bu iddiadan sonra parlament rəhbərliyi iclasa ara verməli olub.
“Alçaq iftiradır!”
Fasilə zamanı mətbuata açıqlama verən nazir A.Çağatay bunu alçaq iftira adlandırıb: “Türkiyə Cümhuriyyətinin deputatı Böyük Millət Məclisinə silahla girməz. Bu, alçaq bir iftiradır”.
Mübahisənin əsas səbəbkarı olan CHP-çi millət vəkili Hayati Tekin isə naziri müdafiə edən açıqlama verib. Tekin bildirib ki, naziri yaxın qohumu qədər tanıyır və onun belə bir addım atdığına qətiyyən inanmır.
Fasilədən sonra CHP adına söz alan Özgür Özəl deputat Hayati Tekinin “şərəfsiz” sözünün protokoldan çıxarılmasını istəyib. Özəl bildirib ki, təkcə CHP üzvləri yox, heç bir partiyanın nümayəndəsi Türkiyə Böyük Millət Məclisində bu cür ifadələr işlətməməlidir: “Hörmətli nazir çox inciyib. Biz də bu sözü doğru saymırıq. Xahiş edirik ki, protokoldan çıxarılsın. Baş verənlərə görə çox təəssüf edirik”.
“Elə söz deməmişəm…”
Maraqlıdır ki, sonradan H.Tekin nazirin ünvanına elə bir söz söyləmədiyini bildirib: “Əslində mən hörmətli naziri heç tanımıram. Sadəcə olaraq səslərin sayılmasında haqsızlıq edildiyi üçün nəticə əleyhimizə oldu. Mən də əsəbiləşdim və qışqırdım. Yəni ki, təpkim yeni nazirə yox, səslərin yanlış hesablanmasına idi”.
Nazirlər and içməsə, nə baş verər?
Qeyd edək ki, səsvermə müstəqillər arasından seçilən nazirlərin andiçmədə iştirakına razılıq verilib-verilmədiyini müəyyənləşdirmək üçün lazım idi. Səsvermə zamanı məlum oldu ki, hər üç partiya – CHP, MHP və HDP ilk dəfə olaraq eyni mövqedən çıxış edərək təklifə “yox” deyib. Bu o deməkdir ki, adıçəkilən partiyalar müstəqillər arasından seçilən nazirləri qəbul etmirlər.
Nazirlərin and içməməsi onları bir çox üstünlüklərdən məhrum edir. Bu halda nazirlər maaş ala və toxunulmazlıq hüququndan istifadə edə bilməzlər. Lakin Nazirlər Kabineti prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqləndiyi üçün nazir vəzifələri qanuni hesab olunur.
Qaydalara görə, müxalifət and içməyən nazirlərin atacağı hər imzaya etiraz edə bilər. Hətta dövlət qurumlarının əməkdaşları və sadə vətəndaşların belə, bu qərarlara qarşı çıxmaq və məhkəməyə müraciət etmək hüququ var.
Seçim hökuməti yenidən qurulacaq?
Beləliklə, dünən andiçmə ilə bağlı məsələ həllini tapmadığından müstəqillər arasından seçilən nazirlərin aqibəti də qeyri-müəyyən qalıb. CHP-çi deputatlardan Engin Altay “Reuters”ə açıqlamasında bildirib ki, bu halda yeni hökumətin tərkibi müəyyən edilməmiş qalır və Ərdoğan Nazirlər Kabinetinin tərkibini yenidən formalaşdırmalıdır. Bunun üçün də yeni nazirlərin siyahısı tərtib edilməlidir. Onun sözlərinə görə, bu dedikləri ayrı-ayrı deputatların yox, Konstitusiyanın birbaşa tələbidir.
MHP-dən olan deputat Oqtay Vural isə bildirib ki, seçim hökumətində Millətçi Hərəkat Partiyası yer almır və bu heyətdə yalnız AKP ilə HDP-nin siyasi iradəsi keçərlidir.
Gültəkin