Avqustun 22-də Əbülfəz bəyin vəfatından 15 il keçdi. Bir şeylər yazmağı özümə borc bildim.
Biz dost idik, amma bu dostluq millət və ölkə naminə böyük ideyalarla yaşayan Elçibəyi anlamaq, anlatmaq üçün az ola bilərdi. Əbülfəz Elçibəy ideyaların adamı idi və bu ideyaları həyata keçirmək üçün də tarix türk xalqlarına bir şans verməli idi. Sadəcə, Elçibəyə deyil, türk millətinə bu şans verilməli idi. Təəssüf ki, bu şansı millətimizin əlindən aldılar.
Əbülfəz Elçibəyin görmək və qurmaq istədiyi Azərbaycan bu deyildi. Bu Azərbaycan onun arzularındakı Azərbaycanının tam əksi və görmək istəmədiklərinin gerçəyidir.
Azərbaycanda demokratiyanın ağrısız bir zəfərinin təminatı tələb edirdi ki, Əbülfəz Elçibəy sadəcə bir dönəm prezidentliyində qalsın. Bu 5 il ərzində Azərbaycan xalqı azadlıqların necə vazkeçilməz bir dəyər olduğunu anlayacaqdı və ondan sonra ölkədə hakimiyyətə kimin yiyələnməsindən asılı olmayaraq o azadlıqları boğa bilməyəcəkdi. Buna görə imkan vermədilər.
Elçibəyin bircə dönəm prezidentliyi Azərbaycanı iqtisadi rifaha və siyasi sabitliyə qovuşdurmaqdan əlavə onu bölgə dövlətləri üçün örnək ölkəyə çevirəcəkdi və bunu bildiklərinə görə onun hakimiyyətinin əleyhinə hərəkat başlatdılar.
Elçibəyin 5- ci illik hakimiyyəti Azərbaycanın neft-qaz da daxil olmaqla bütün təbii sərvətlərini xalqın rihafı naminə elə bir istismara açacaqdı ki, daha kimsə bu sərvətlərə əl qoymaq naminə hakimiyyətə gələ bilməyəcəkdi. Buna görə onun hakimiyyətini yarıda qırdılar.
Əbülfəz bəy Türk və İslam dünyasında örnək bir ölkəni qurmaqla Türk- İslam dünyasının hansı sivil dəyərlərə sahib olacağının nişanəsini verəcəkdi.
Təəssüf ki, indi türk- islam dünyasında örnək sayılacaq bir ölkə qalmadı…. Əbülfəz bəyin görmək istədiyi Türkiyə də bu deyildi. O, Türkiyənin demokratiya modelini Azərbaycana tətbiq etməklə kifayətlənmək iddiasında deyildi, həmin örnəyi inkişaf etdirərək Türkiyənin özü üçün də nümunəyə çevirməyə iddialı idi və bunun üçün onun pak bir siyasi niyyəti vardı. Amma imkan vermədilər.
İndi diktatura ilə əlləşməkdə olan və yolsuzluqdan əziyyət çəkən Azərbaycan xalqı olduqca pozitiv bir aqibətdən məhrum oldu və həmin aqibəti
qurmaq üçün bundan sonra nə qədər mücadilə veriləcək, nə qədər qanlar axacaq, Allah bilir.
Amma o, bir şans idi.
Allah ona rəhmət eləsin.
Turqut Ər