«Ölkəmiz Qərblə əlaqələrdə qırmızı xəttə sürətlə yaxınlaşmaqdadır»
Gültəkin Hacıbəyli: «Bu sərt bəyanatlar nəticəsində Qərbin Azərbaycana münasibətində ciddi dəyişiklik yaranır»
ATƏT Daimi Şurasının Vyanadakı toplantısında ABŞ, Avropa Itifaqı, Kanada və Norveç nümayəndələri Azərbaycandakı repressiyalar barədə danışaraq, hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etmədiyinə görə kəskin şəkildə qınayıb.
ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycanda insan haqları və əsas azadlıqların vəziyyəti haqda danışarkən bildirib ki, Birləşmiş Ştatlar bir ildən artıqdır həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmündən ciddi narahatdır.
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ümumiyyətlə, toplantıda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələnin qaldırmasına etiraz edib. Qeyd olunub ki, ABŞ tərəfindən Daimi Şuranın xüsusi iclasında qaldırılan məsələ gündəliyə uyğun deyil.
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Bayer Azərbaycan nümayəndə heyətinin arqumentini cavabsız qoymayıb: “Mən azərbaycanlı həmkarıma cavab verdiyinə görə təşəkkür edirəm. Amma mən onun səsləndirdiyi bir neçə məsələyə münasibət bildirmək istəyirəm.
Birincisi, “bir neçə xırda hal” adlandırılan məsələ barədə. Qeyd olunan “bir neçə xırda hal” təkcə mən yox, bir neçə başqa nümayəndə heyəti tərəfindən də qaldırılıb və bu məsələlər bizi çox narahat edir. Bizi narahat edən bu məsələlərin hər biri bütövlükdə ölkədə insan hüquq və azadlıqlarına qarşı artan xətlə gedən dəhşətli repressiyalardır. Xüsusi vurğulamaq istəyirəm ki, insan hüquq və azadlıqlarına qarşı repressiyalar təhlükəsizliyə başlıca təhdidlərdən biridir. Ona görə də baş verənlər təkcə insan haqları kontekstində deyil, həm də təhlükəsizliyə təhdid baxımından ehtiyatlı davranmağı tələb edir. Bir çoxumuz bu cür məsələlərə dair xəbərdarlıq etməyi vacib bilirik.
Ikincisi, mən bu cür problemlərin qaldırılmasının ikitərəfli əlaqələrə pis təsir göstərməsi barədə deyilənlərə münasibət bildirmək istəyirəm. Mən iki məqamı qeyd edəcəm".
Artıq bununla neçənci dəfədir ki, Azərbaycanda baş verənlərlə bağlı mötəbər beynəlxalq qurumlarda ciddi müzakirələr aparılır. Amma müzakirələrin artmasına, Azərbaycana yönəlik tənqidlərin çoxalmasına rəğmən hakimiyyət yürütdüyü siyasəti dəyişmək niyyətində görünmür.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, son zamanlar Azərbaycan hakimiyyətinin həyata keçirdiyi repressiv siyasətə görə beynəlxalq aləmin tənqidlərinin ardı-arası kəsilmir. G.Hacıbəyli vurğuladı ki, Azərbaycanda insan hüquqlarının hər ötən gün daha da ağırlaşdığı istər Avropa Birliyi, istər Avropa Şurası, istərsə də ABŞ Konqressi və Senatı səviyyəsində etiraf edilib: “Azərbaycanla bağlı beynəlxalq birliyin dərin narahatlığı, bəzən hiddəti açıq formada özünü büruzə verir. Biz Arif və Leyla Yunus barəsində çıxarılan hökm, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı beynəlxalq aləmin sərt reaksiyasının şahidi olduq. Eyni zamanda digər siyasi məhbuslarla da bağlı sərt mövqe sərgilənir. Bütövlükdə götürdükdə bu sərt bəyanatlar nəticəsində Qərbin Azərbaycana münasibətində ciddi dəyişiklik yaranır. Bu dəyişikliklər Azərbaycan hakimiyyəti üçün heç də parlaq əməkdaşlıq üfiqləri vəd etmir. Azərbaycan-Qərb münasibətləri bu gün hətta qırılma həddində deyilsə belə, verilən bəyanatlar, edilən xəbərdarlıqlar onu göstərir ki, hakimiyyətin yürütdüyü repressiv siyasət nəticəsində ölkəmiz Qərblə əlaqələrdə qırmızı xəttə sürətlə yaxınlaşmaqdadır. Bu çox təhlükəli tendensiyadır. Bu nə ölkəmizin, nə də Azərbaycan hakimiyyətinin gələcəyi baxımından yaxşı heç nə vəd etmir”.
Hazırda Azərbaycanın iqtisadi vəziyyətinin də olduqca ağır olduğunu deyən G.Hacıbəyli bildirdi ki, Azərbaycan ciddi iqtisadi böhrana daxil olub. Neftin qiymətlərində ciddi azalma müşahidə olunur. Ölkənin bank sektoru, əmlak bazarı demək olar ki, ölkə iflas həddinə çatı: “Belə bir vəziyyətdə isə Azərbaycanın Qərb institutlarının dəstəyinə böyük ehtiyac var. Eyni zamanda o da vurğulanmalıdır ki, Rusiyanın son zamanlar addımı aqressiv hal alıb. Bütün faktorları nəzərə alaraq Azərbaycan Qərba daha çox yaxınlaşmalıdır”. Amma bunun qarşılığında Azərbaycan hakimiyyətinin tamamilə yanlış yol getdiyini deyən G.Hacıbəyli qeyd etdi ki, bu yol Qərb ilə qarşıdurmanın dərinləşməsinə aparır.
Xəyal